II MƏQALƏ
Siyasi institutlaşma və inteqrasiya: perspektivli model
Belə alınır ki, R.Dafın və şübhəsiz ki, digər çox sayda tədqiqatçının siyasi institutlaşma və inteqrasiya faktorlarını önə çəkmələrinin praktiki reallaşma modelləri asan proses deyildir. Bunu realpolitika çərçivəsində “C5+1” formulu üzrə regionla əməkdaşlıq etməyə çalışan böyük geosiyasi güclərin təcrübəsi bir daha təsdiq edir. Hələlik, ABŞ də daxil olmaqla Aİ, Çin, Rusiya, Yaponiya, Cənubi Koreya, İran, Türkiyə tam uğur əldə edə bilməmişlər. Onlardan biri digərindən hansısa konkret əməkdaşlıq sferasında üstün mövqedə ola bilərlər, ancaq kompleks halında qalıcı uğur gözə dəymir. Deməli, məsələ tam olaraq dövlətin qüdrətindən fiziki, maddi, maliyyə və hərbi cəhətdən asılı deyildir. Burada məharətli diplomatiya və səmimi niyyət əsas təşkil edir. Bu kriteriyalar daxilində regionun siyasi institutlaşmasına və inteqrasiyasına necə dəstək olmaq mümkündür?
Bizcə, bu suala bütün cavablar həm H.Hacıyevin obrazlı ifadəsi, həm də realpolitikanın Mərkəzi Asiya kontekstində malik olduğu xüsusiyyətlər prizmasında axtarılmalıdır. Bu aspektdə Azərbaycan Prezidentinin siyasi-diplomatik fəaliyyətinin üstün parametrlərini aydınlaşdırmaq gərəkdir.
Ümumi siyasi yanaşma: “Əliyev formulu”
Çox maraqlı və əhəmiyyətlidir ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa yanaşmasının iki özəl cəhəti mövcuddur.
Birincisi, İlham Əliyev region dövlətlərinin siyasi institutlaşmasının motivəedici qüvvəsini başqa geosiyasi aktorlar kimi “kənardan qəbuletdirmə” üsulu ilə deyil, regiondaxili siyasi mühitin hər bir dövlətin milli maraqlarının təmin olunmasına imkan verən “immanent gücləndirici faktorları” stimullaşdırma yolu ilə daha da inkişaf etdirir. Burada “immanent” termini fəlsəfədən reduksiya edilmişdir və siyasi anlamı regionun daxili inkişaf potensialını müəyyən edən əsas faktorların aktullaşdırılmasını nəzərdə tutur.
Siyasətçi öncə həmin faktorları düzgün müəyyən etməlidir. Azərbaycan Prezidentinin Mərkəzi Asiya siyasətinin müşahidəsi göstərir ki, İlham Əliyev regionun etnik deyil, tarixi, iqtisadi, informasiya, energetik, təbii resurslar, demoqrafik və coğrafi özəlliklərini önə çəkir. Bu kontekstdə yanaşanda Mərkəzi Asiya dövlətləri arasında ayrı-seçkilik ehtimalı sıfra enir.
Bundan başqa, vurğulanan nəzəri özəlliyi praktiki reallaşdırmaq üçün Azərbaycan dövlət başçısı konkret layihə təşəbbüsləri irəli sürür. Onları iki faktor birləşdirir. Birincisi, Orta Dəhliz vasitəsi ilə “Yeni İpək Yolu”nun nəqliyyat-logistika infrastrukturunun Mərkəzi Asiya kəsimini formalaşdırmaq. Bu aspektin bir tərəfi birbaşa Zəngəzur dəhlizi məsələsini həm də Çin-Mərkəzi Asiya tandeminin mühüm geosiyasi məqsədlərindən birinə çevirir. İkincisi, İlham Əliyev regionun “yaşıl” məkana çevrilməsi üçün bərpaolunan enerji layihələrini ayrıca aktuallaşdırır. Bu prosesin də inkişafı region dövlətlərinin hər birinin öz daxili imkanlarını səfərbər etməsi sayəsində mümkündür.
Beləliklə, Azərbaycan Prezidenti Mərkəzi Asiya məsələsinə özünün maraqları kontekstində deyil, bütövlükdə regionun perspektivli qalıcı inkişafı prizmasında yanaşır.
İkinci özəl cəhət Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinin hər biri üçün ayrılıqda və eyni zamanda, kompleks halında elə təhlükəsizlik arxitekturası nümunəsi təklif etməsi ilə bağlıdır ki, paralel olaraq iki məqamı əhəmiyyətli edir. Onlardan birincisi, regionun hər bir dövlətinin təhlükəsizliyinin təməlində (və ya mərkəzində) milli təhlükəsizliyinin təminini görməsi ilə bağlıdır. İkincisi isə bu prosesin perspektivli və strateji xarakterli olması üçün Azərbaycanla sıx əməkdaşlığa ehtiyac hiss etmələri ilə əlaqəlidir. Çünki vurğulanan şərtlər daxilində Azərbaycan təkcə mühüm təminedici və istiqamətverici güc kimi deyil, həm də birgə fəaliyyətə açıq qardaş olaraq qəbul edilir (bura birmənalı olaraq Tacikistan da daxildir).
Məhz vurğulanan özəllikləri nəzərə alaraq və onun dinamikasına uyğun olaraq, Mərkəzi Asiyanın 5 dövləti siyasi institutlaşmalarını yeni səviyyəyə yüksəldirlər. Bu da avtomatik olaraq regional inteqrasiya modelini formalaşdırır.
Mərkəzi Asiyada inteqrasiya: çoxpilləli model
Təcrübə göstərir ki, “C5+1” ölkələrinin heç biri dayanıqlı və qalıcı (davamlı) regional inteqrasiyanı təmin etmir. Siyasi institutlaşmada müəyyən yeniliklər müşahidə edilir. Məsələn, region dövlətlərinin Məşvərət Görüşü formatı işləyir. Müxtəlif sferalar üzrə idarəetmədə yeniliklər baş verə bilir. Lakin bütün bunların regionun inteqrasiyası üçün dayanıqlı dəyişiklik olması məsələsi hələ açıqdır. Görünür, burada daha geniş miqyasda birləşdirici faktora ehtiyac mövcuddur.
Hazırda Mərkəzi Asiyada inteqrasiya prosesi çoxpilləli xarakter almışdır. Birinci, region dövlətlərinin özləri arasında inteqrasiyanın bütöv regional mövqenin formalaşması mühiti yaradan birləşdirici proseslər. İkinci, “C5+1” formulu üzrə fəaliyyət göstərən hər bir “1”in – ABŞ, Aİ, Çin, Rusiya, Yaponiya, Cənubu Koreya, İran, Türkiyə, nəzərdə tutduğu inteqrasiya prosesi. Üçüncü, “C5+1”-i “C6+1”-ə transformasiya edən inteqrativ proses. Sonuncu formulu Azərbaycan yaratmışdır.
Beləliklə, vurğulanan üç inteqrasiya pilləsi reallıqda Mərkəzi Asiyanı mürəkkəb geosiyasi orqanizmə çevirməkdədir. Gözləmək olar ki, bu istiqamətdə proseslər inkişaf edəcək və regionda gərginlik, risklər və müxtəlif təhdidlər artacaq. Çünki vurğulanan böyük güclər arasında regional münasibətdə ortaq mövqe fomalaşmamışdır. Onlar mütləq münasibətlərini bu və ya digər formada aydınlaşdırmağa cəhd edəcəklər. Bunun fonunda “C6+1”-in fərqli situasiya yaratdığını görmək mümkündür.
“C6+1”: yeni miqyasa çıxış formulu
Bu artıq Mərkəzi Asiyanın bütöv region kimi regionlararası miqyasa çıxarılmasıdır. Yəni bu formul göstərir ki, artıq böyük güclər yalnız “C5”-lə deyil, “C6” ilə münasibət qurmalıdır. Geosiyasi aspektdə bu da Xəzər hövzəsi ətrafında Mərkəzi Asiya ilə Qafqazı vahid geosiyasi məkan halına gətirməkdir. Burada maraqlı və yeni məqam (regionlararası inteqrasiyanın məntiqi baxımından) Qafqazı yalnız bir dövlətin – Azərbaycan Respublikasının, təmsil etməsi ilə əlaqəlidir. Burada formulun Azərbaycanın “C5”-ə əlavə olunması üsulu ilə ayrıca region kimi “C6”-ya transformasiya etməsi, əlbəttə, həm coğrafi, həm də geosiyasi baxımdan şərtidir. Bununla faktiki olaraq siyasi, geosiyasi, əməkdaşlıq və təhlükəsizlik kontekstlərində ciddi səmərəsi ola biləcək formul yaradılmışdır. Və burada aparıcı rol Azərbaycana aiddir. Yəni “C6”-nın birləşdiricilik rolunda müəyyənedici funksiya Bakının üzərinə düşür.
Bu, ümumilikdə maraqlı gedişdir və hər bir iştirakçı dövlət üçün oyun qaydalarını dəyişir. Artıq deyək ki, Rusiya və ya Çin Mərkəzi Asiyaya aid olan bütün prinsipial məsələləri yalnız həmin regionun 5 dövləti ilə deyil, həm də Azərbaycanla müzakirə etməli olacaqlar. Eyni qayda ABŞ, Aİ, Yaponiya, Cənubi Koreya, İran və Türkiyəyə də aiddir.
Bunlardan başqa, nəzəri olaraq regionlaşmanın geosiyasi modelləri aspektində yenilik baş vermişdir. Bu, əslində yeni regionalizmin digərlərindən fərqli nümunəsinin yaranması deməkdir. Onun iki özəl cəhətini görürük. Birincisi, bir ölkənin bütöv regionu təmsil etmək statusunun formalaşmasının beynəlxalq münasibətlər sistemində legitimliyi. İkincisi, “yeni region”un beynəlxalq layihənin (“Yeni İpək Yolu”) həyata keçməsi üçün qarşılıqlı faydalı əməkdaşlığı ölkələrin milli təhlükəsizliyinin təmini ilə əlaqələndirməsi.
Bundan başqa, ikinci özəl cəhətdə əsas funksiyanın “C6”-da Cənubi Qafqazı təmsil edən Azərbaycanın üzərinə düşməsi çox əhəmiyyətli məqamdır. Bu məqamda Prezident İlham Əliyevin siyasi-diplomatik məharətinin dərkinin aktuallığı aydın görünür.
Enerji strategiyası və milli təhlükəsizlik
Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasının həyata keçən proses kimi substantiv aspektdə üç mərhələsini vurğulamışdır. Üçüncü mərhələ 2015-2016-cı illərdə Avropa İttifaqının Qlobal strategiyasını qəbul etməsi ilə başlamışdır. Orada Aİ rəqəmsal inkişaf və “yaşıl ölkə” (bərpaolunan enerji) istiqamətlərinin strateji məqsədlər sırasında yer alması ifadə etmişdir. Azərbaycan dərhal enerji strategiyasında hər iki məqamı ciddi surətdə nəzərə almağa başlamışdır. Bu istiqamətdə Prezident İlham Əliyevin atdığı addımlar aydın və dəqiq olmuşdur.
2022-ci il iyulun 18-də Bakıda “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. İmzalanma mərasimindən sonra dövlətimizin başçısı KİV-ə verdiyi bəyanatda demişdir: "Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə anlaşma memorandumunu və 2011-ci ildə "Cənub qaz dəhlizi" ilə bağlı birgə bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik".
Deməli, öncədən dəqiq müəyyən edilmiş geosiyasi məqsəd olmuşdur: Xəzər dənizini Qara dənizi və Aralıq dənizini vahid əməkdaşlıq və təhlükəsizlik məkanına çevirmək. Bu, obrazlı desək, Qərb siyasətçilərinin də XXI əsrdə üstünlük verdikləri “üç dəniz sistemi” növlü, lakin Azərbaycanın aparıcı rol oynayacağı layihədir. Hazırda bu əməkdaşlıq və təhlükəsizlik layihəsinin Xəzər Dənizi hissəsi iki istiqamətdən çox aktuallaşmışdır.
Birinci istiqamət Xəzər hövzəsi enerji resurslarının Orta Dəhliz kontekstində səmərəli nəqli ilə bağlıdır. İkinci istiqamət isə bu prosesdə Azərbaycanın Şərqlə Qərb arasında sabit və faydalı əməkdaşlığı təmin edən, enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi uyğunlaşdıran “mediator” rolunu oynaması ilə əlaqəlidir. Bu baxımdan Prezident İlham Əliyevin fikirlərinə davam edərək aşağıdakı məqamları önə çəkməsi çox əhəmiyyətlidir və “C6” formulu prizmasında xüsusi anlamı vardır. İlham Əliyev Memorandumu inzalama mərasimindən sonra KİV-ə verdiyi bəyanatda vurğulamışdır: “...qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir".
Azərbaycan rəhbəri vurğulanan aspektlərdə fikirlərini Çernobbioda keçirilən beynəlxalq forumda, Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışında və Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində də ifadə etmişdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

