Bakı sülh əlini uzatdı, revanşistlər “istehsalat döyüşü”nə başladılar
Prezident İlham Əliyevin 33 illik fasilədən sonra Ermənistan istiqamətində yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərarı Cənubi Qafqazın müasir tarixində regionun gələcək arxitekturasını müəyyən edən, dərin strateji məna daşıyan mühüm dönüş nöqtəsidir. Vaşinqtonda avqustun 8-də imzalanmış sülh sazişlərinin “kağız üzərində qalacaq növbəti sənəd” olduğunu düşünən ən qatı skeptiklər belə, Prezident İlham Əliyevin tarixi bəyanatından sonra mövqelərini yenidən nəzərdən keçirməyə məcbur oldular. Onlar etiraf etdilər ki, Bakının sülh gündəliyini konkret, cəsarətli və nəticəyə hesablanmış addımlar tamamlayır.
Həmin qərarın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında Astanada açıqlanması isə hadisəyə daha geniş geosiyasi məzmun qataraq Bakının addımının bütün Avrasiya məkanında kommunikasiya xətlərinin açılmasını və yeni iqtisadi əlaqələrin formalaşmasını hədəfləyən daha böyük strategiyanın tərkib hissəsi olduğunu göstərdi. Azərbaycan üzərindən Ermənistana göndərilən ilk tranzit yükün məhz Qazaxıstan buğdası olması, ardınca isə “Rusiya Dəmir Yolları”nın da həmin marşrutdan fəal şəkildə istifadə etməyə başlaması Azərbaycanın regionda yaratdığı yeni reallıqların sülh və əməkdaşlıq üçün hansı misilsiz imkanlar açdığını sübuta yetirdi. Lakin diqqətçəkən məqam bu tarixi fürsətə Ermənistan daxilində verilən reaksiyadır. Revanşist müxalifətin və ona yaxın media qurumlarının açılan tranzit dəhlizinin əhəmiyyətini kiçiltmək, Qazaxıstan buğdasının keyfiyyəti ətrafında absurd iddialar yaymaq və prosesi ləkələmək üçün başlatdığı qarayaxma kampaniyası, sadəcə, siyasi mübarizə deyil. Həmin kampaniya, əslində, Ermənistan cəmiyyətinin siyasi elitasının üzləşdiyi dərin kimlik böhranının, suveren dövlət kimi mövcud olmaqla köhnə vassal asılılığını davam etdirmək arasında yaşadığı ağrılı seçimin təzahürüdür. “Buğda savaşı” adlandırıla biləcək proses Ermənistan daxilində sülhə və müstəqilliyə meyilli qüvvələrlə daim gərginlik və xarici asılılıqda maraqlı olan revanşist-marionet dairələr arasındakı toqquşmanın açıq şəkildə nümayişidir.
Prezident İlham Əliyevin tranzit qərarının siyasi məzmunu onun iqtisadi faydalarından qat-qat dərindir. Həmin addım, ilk növbədə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra regionda formalaşdırdığı yeni geosiyasi nizamın memarı və aparıcı qüvvəsi olduğunu təkrar təsdiqlədi. Otuz il boyunca Ermənistanın və onun havadarlarının uydurduğu “blokada” mifini tək qərarla darmadağın edən rəsmi Bakı topu İrəvanın meydanına atdı. Azərbaycan nümayiş etdirdi ki, regionda kommunikasiyaların açılmasının, iqtisadi əlaqələrin bərpasının və dayanıqlı sülhün əldə olunmasının əsas tərəfdarı məhz odur. İndi seçim etmək növbəsi Ermənistan cəmiyyətinindir: ya keçmişin düşmənçilik xülyalarından əl çəkərək təklif olunan əməkdaşlıq imkanlarından faydalanacaq, ya da revanşist qüvvələrin girovluğunda qalaraq inkişafdan, inteqrasiyadan təcrid olunmuş vəziyyətini davam etdirəcək. Bu qərar, eyni zamanda, beynəlxalq vasitəçilərə də aydın mesaj idi. Cənubi Qafqazda sülhün və əməkdaşlığın açarı Brüsseldə, Vaşinqtonda və ya Moskvada deyil, məhz Bakıdadır.
İlk yükün məhz Qazaxıstan buğdası olması simvolik hadisə idi. Bu proses Qazaxıstana və digər Mərkəzi Asiya ölkələrinə aydın mesaj verdi ki, Azərbaycanla strateji tərəfdaşlıq onlar üçün yeni ixrac bazarlarına, dünyaya çıxış imkanları deməkdir. Ermənistan üzərindən açılan nəqliyyat xətti gələcəkdə bütün kommunikasiyalar açılacağı təqdirdə, Orta Dəhlizin şaxələnməsi və potensialının artması üçün yeni perspektivlər yaradır. Beləliklə, diplomatiya qrosmeystri İlham Əliyev bir gedişlə həm Ermənistan qarşısında sülh gündəliyinə sadiqliyini nümayiş etdirdi, həm beynəlxalq ictimaiyyətə konstruktiv mesaj verdi, həm də Mərkəzi Asiyadakı tərəfdaşları ilə əlaqələrini daha da gücləndirdi.
Amma Ermənistandakı müxalif qüvvələrin irəli sürdüyü “arqumentlər”, guya, Qazaxıstan buğdasının Rusiya buğdasından baha olması, Azərbaycan üzərindən daşınmanın “qeyri-səmərəliliyi” və taxılın “dördüncü sort” və heyvan yemi üçün yararlı olması iddiaları heç tənqidə belə tab gətirmir. Ermənistan hökumətinin rəsmi qurumlarının həmin iddiaları təkzib edərək, həm Rusiya, həm də Qazaxıstan buğdasının un istehsalı üçün tam yararlı olduğunu bəyan etməsi müxalifətin yalanlarını ifşa etdi.
Lakin həmin kampaniyanın arxasındakı real motivləri anlamaq üçün iqtisadi rəqəmlərdən və buğdanın keyfiyyətindən daha dərinə Ermənistanın siyasi psixologiyasına, geosiyasi asılılıqlarına nəzər salmaq lazımdır. Revanşist müxalifət üçün əsl problem Ermənistanın alternativ əldə etməsidir. Azərbaycan üzərindən tranzit açılana qədər Ermənistanın buğda idxalı, demək olar, yüz faiz Rusiyadan asılı idi. Strateji ərzaq məhsulu olan taxıl üzərindəki total monopoliya Moskva üçün İrəvana təsir etməyin ən güclü rıçaqlarından biri idi. Azərbaycanın açdığı dəhliz isə bu monopoliyanı darmadağın edir. Ermənistan artıq strateji məhsulu, həm də şərqdən Qazaxıstandan və potensial olaraq digər Mərkəzi Asiya ölkələrindən almaq imkanı əldə edir.
Məhz suverenliyin möhkəmlənməsi perspektividir ki, Ermənistandakı rusiyayönlü dairələri, revanşistləri dəhşətə gətirir. Onların siyasi mövcudluğu birbaşa Ermənistanın Rusiyadan tam asılı vəziyyətdə qalmasına bağlıdır. Onlar üçün müstəqil, çoxvektorlu siyasət yürüdən, qonşuları ilə normal münasibətlər quran Ermənistan, sadəcə olaraq, siyasi səhnədən silinmələri deməkdir. Buna görə də onlar sülh gündəmini gücləndirə biləcək istənilən addıma – kommunikasiyaların açılmasına, ticarətin bərpasına və hətta buğda idxalının şaxələndirilməsinə belə bütün gücləri ilə müqavimət göstərirlər. Onların nüfuzlu iş adamı Samvel Aleksanyanı hədəfə alması da təsadüfi deyil. Aleksanyanı, guya, hökumətin sifarişi ilə “qeyri-sərfəli” idxal təşkil etməkdə günahlandırmaqla, həm Paşinyan hökumətini korrupsiyada ittiham etməyə, həm də digər iş adamlarına mesaj verməyə çalışırlar ki, Azərbaycanla bağlı hər hansı iqtisadi layihədə iştirak etmək onlar üçün ciddi problemlər yaradacaq. Hətta fərz edilsə ki, erməni iş adamlarını Qazaxıstan buğdasını Azərbaycan üzərindən almağa məcbur ediblər, bu, təcrid vəziyyətində olan, daxili tələbatının böyük hissəsini idxal hesabına ödəyən Ermənistan üçün niyə “pis xəbər” sayılmalıdır? Sualın cavabı aydındır: revanşistlər üçün Ermənistan iqtisadiyyatının çətinliklərlə üzləşməsi, xalqın narazılığının artması və sülh prosesinin pozulması hakimiyyətə qayıtmaq üçün yeganə şansdır.
Kampaniyanın arxasında dayanan xarici motivlər də aydın görünür. Azərbaycan üzərindən tranzitin açılması Ermənistan bazarında Rusiya ixracatçılarının rəqabətlə üzləşməsi deməkdir. Təsadüfi deyil ki, tranzit açıldıqdan az sonra Rusiyanın Xarici Kəşfiyyat Xidməti Ermənistan hökumətinin, guya, Rusiya buğdasından tamamilə imtina etməyə hazırlaşdığı, daha bahalı Ukrayna buğdasına keçəcəyi və qiymət fərqinin isə guya, Avropa İttifaqı tərəfindən kompensasiya olunacağı barədə heç bir fakta söykənməyən açıqlama yaydı. Həmin açıqlama birbaşa Paşinyan hökumətinə ünvanlanmış xəbərdarlıq və təzyiq cəhdi idi. Bununla Moskva göstərməyə çalışırdı ki, İrəvanın iqtisadi siyasətdə müstəqil addımlar atmasını diqqətlə izləyir və buna imkan verməyəcək.
Azərbaycan Prezidentinin tranzitin açılması ilə bağlı qərarı Cənubi Qafqazda yeni dövrün başlanğıcını simvolizə edən geosiyasi hadisədir. Adi buğda idxalı ətrafında qopan fırtına Ermənistanın gələcəyi uğrunda gedən mübarizəni üzə çıxardı. Bu mübarizə sülh və əməkdaşlıq yolu ilə suverenliyini möhkəmləndirmək və inkişaf etmək istəyən Ermənistanla keçmişin revanşist xülyalarından əl çəkməyən, ölkəni daimi münaqişə və xarici asılılıq buxovunda saxlamaq istəyən qüvvələr arasında gedir.
Yusif ŞƏRİFZADƏ
XQ

