Hakan Fidanın mesajı – Ermənistan üçün ev tapşırığı

post-img

Türkiyə Cənubi Qafqazda barış gündəminə sadiqdir

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb. Heç şübhəsiz, onun bildirdikləri, eyni zamanda, son vaxtlar Azərbaycan-Ermənistan sülhü ilə paralel şəkildə Ankara-İrəvan normallaşması məsələsindən söz açanlara da cavabdır.

Əslində, H.Fidanın Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində rəhbərlik etdiyi qurumun 2026-cı il büdcəsinin müzakirəsi zamanı söylədiklərinə “cavab” kontekstindən yanaşıb durumu dramatikləşdirmək yerinə düşmür. Çünki qardaş ölkənin XİN rəhbərinin dediyi kimi, Türkiyənin Ermənistanla konturlarını dəfələrlə açıqladığı siyasəti mövcuddur. Yəni Ankara, ümumən, normallaşma prosesində maraqlıdır. Amma...

Bəli, Türkiyə rəsmiləri Ermənistanla siyasət barədə dəfələrlə açıqlama veriblər. Siyasətdə isə başlıca məqam budur: Ankaranın Cənubi Qafqaza yanaşmasında Azərbaycan amili ön planda dayanır. Deməli, Fidanın “Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda, İrəvanla münasibətləri normallaşdırmağa hazırıq” şəklində ifadə etdiyi fikir təəccüblü sayılmamalıdır.

Ancaq Türkiyə XİN rəhbəri hansı sözü nə zaman dilə gətirdiyinin və necə mesaj verdiyinin fərqindədir. Qardaş ölkə, loru dildə desək, öküzü kəsib bıçağı üstündə saxlamağın tərəfdarı deyil. Deməli, H.Fidanın söylədikləri həm də Türkiyənin Ankara-İrəvan münasibətlərinin qurulması şərtinə sadiqliyinin növbəti dəfə vurğulanmasıdır.

H.Fidanın açıqlaması göstərir ki, qardaş ölkə Cənubi Qafqazda sülh prosesinə son dərəcə fundamental yanaşır. Fundamentallıq isə Azərbaycanın yekun sülh müqaviləsi üçün irəli sürdüyü şərtə bağlıdır. Məlum olduğu kimi, rəsmi Bakı barış sazişinin Ermənistan konstitusiyasında dəyişiklikdən sonra imzalanmasında israrlıdır. Dəyişiklik edilməli, ölkənin əsas qanununun işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadı aradan qalxmalıdır.

Sözügedən istinadın aradan qalxması Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması kimi qəbul edilir. Məsələ ondadır ki, Ermənistanın 1990-cı ildə qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsi yer alır, dövlətin Azərbaycan ərazisindəki keçmiş muxtar vahidin Milli Şurası deyilən saxta qurumun qərarı ilə formalaşdığı vurğulanır. Bu sənəddə Türkiyəyə qarşı da ərazi iddiasının olduğu məlumdur.

Bəli, Türkiyədə Azərbaycan-Ermənistan yekun sülhünün fundamental mahiyyət daşımasının vacibliyini dərk edirlər. H.Fidanın açıqlaması bu yanaşmadan qaynaqlanır. XİN rəhbərinin söylədiklərinin mesaj yükünə gəlincə, bildirək ki, müxtəlif vaxtlarda istər rəsmi İrəvan, istərsə də onun xaricdəki havadarları Türkiyə-Ermənistan normallaşmasını, Azərbaycan-Ermənistan münasibətlərindən kənar tutmağa çalışıblar. Onlar hesab ediblər ki, İrəvan Bakı ilə anlaşmaya gəlməsə də, Ankaranın birinciyə münasibəti pozitiv olmalıdır. Hətta qardaş ölkəyə təzyiq göstərməyə də çalışıb və bildiriblər ki, guya Türkiyə Ermənistanı blokadada saxlayır.

Əlbəttə, hazırda belə deyimlər əhəmiyyətini itirib. Çünki erməni havadarları Ankaraya təzyiqin heç bir fayda vermədiyini dərk ediblər. Habelə, indi başqa durum var. Durum isə heç də elə-belədən yaranmayıb. Onu formalaşdıran Azərbaycanın göstərdiyi qətiyyətdir. Nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında bu il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından əvvəl baş nazir Nikol Paşinyan regional kommunikasiyaların açılması ilə bağlı plan irəli sürmüşdü. Həmin plana görə, Naxçıvana maneəsiz yol məsələsi arxa plana keçir, əvəzində Laçın-Kornidzor-Marqara marşrutu işə düşürdü. Yəni söhbət Azərbaycandan gələn yüklərin Laçından keçərək Ermənistanın Kornidzoru vasitəsilə Marqaraya, yəni Türkiyə sərhədinə daşınmasından gedirdi.

Heç şübhəsiz, erməni iqtidarı bu yolla nəinki Azərbaycan üçün prinsipial məsələni, yəni Naxçıvana yolu heçə sayır, habelə qardaş ölkəni şirnikləndirmək yolu tuturdu. Onu da nəzərə alaq ki, Türkiyə ilə Ermənistanın sərhədindəki Marqara sərhəd buraxılış məntəqəsi Ermənistan tərəfindən təmir edilib. Bir müddət əvvəl Paşinyan hakimiyyətinin təmsilçiləri ora Türkiyədən gələn jurnalistləri də aparmış, siyasi fon yaratmağa çalışmışdılar...

H.Fidanın açıqlamasının digər prinsipial tərəfi də var. XİN rəhbəri bildirib ki, Ermənistanın regionda sülhə indiki qədər həvəsli olmasının ən böyük səbəbi Türkiyənin münasibətlərin normallaşdırılmasına dair niyyət bəyanatını görməsidir. Əlbəttə, bu belədir. Amma Türkiyə böyük dövlət kimi kiçik Ermənistanla konfliktə heç vaxt çalışmayıb. Ölkənin illər ərzindəki başlıca şərti bu olub ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun.

Əlbəttə, Azərbaycan torpaqlarının işğalının aradan qalxması Ermənistana yeni imkanlar vəd edir. Bu səbəbdən Hakan Fidan qeyd edib ki, sərhədlərin açılması və iqtisadiyyatın dirçəldilməsi İrəvan üçün mühüm əhəmiyyətə malikdir. Ankaraya gəlincə, o, Cənubi Qafqazda dondurulmuş münaqişə vəziyyətini istəmir. Haqqında bir qədər əvvəl söz açdığımız barış mühitinə fundamental yanaşma həm də budur: “Əgər biz bu mərhələdə münasibətləri normallaşdırsaq, Ermənistanın Azərbaycanla sülh sazişini imzalaması üçün ən böyük səbəbini onun əlindən almış olarıq. Bu halda regionda dondurulmuş münaqişə ehtimalı ilə üzləşə bilərik. Biz bunu istəmirik”.

Bir məqama da diqqət yetirək. H.Fidan Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmanın üzərində də dayanıb. Nazir bildirib ki, həmin razılaşmada iki məsələ yer almayıb. Onlardan birincisi Zəngəzur dəhlizi, digəri Ermənistan konstitusiyası ilə bağlı müəyyən məqamlardır. H.Fidan ölkəsinin mövqeyini bir qədər də konkretləşdirib: “Bu məsələlər həll edildikdən və Azərbaycan yekun sazişi imzaladıqdan sonra Türkiyə Ermənistanla sərhəd qapılarını açacaq”.

Göründüyü kimi, Azərbaycan üçün prinsipial məqamlar Türkiyə prizmasından da eyni mahiyyətə malikdir. H.Fidan isə doğru vurğulayır ki, 8 avqust Birgə Bəyannaməsində Zəngəzur dəhlizi və Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurəti əksini tapmayıb. Amma həmin bəyannamədə Naxçıvana maneəsiz yoldan söz açılır ki, bu yolun Zəngəzur dəhlizi mahiyyəti var.

Ermənistan konstitusiyasına dəyişiklik məsələsinə gəldikdə, burada da prinsipiallıq gözlənilməkdədir. Hər halda, Birgə Bəyannamədə Ermənistanın daxili işi olan kontekst yer ala bilməzdi. Amma bu, o demək deyil ki, konstitusiya dəyişikliyi şərt anlamını itirir. Axı Prezident İlham Əliyev də avqustun 8-də, yəni Birgə Bəyannamənin imzalandığı gün Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində bildirmişdi: “Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər”.

Ə.RÜSTƏMOV
XQ

Siyasət