ORSAM-ın prezidenti: Təhlükəsizlik, diplomatik və geoiqtisadi əlaqələr strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xidmət edir

post-img

Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik münasibətləri regionda baş verən proseslərin daha səmərəli idarə olunmasına imkan verir. Mütəxəssislər bildirirlər ki, iki ölkə ayrı dövlətlər olsa da, maraqları və siyasətləri müxtəlif məqamlarda fərqlənə bilər. Lakin strateji baxışın və əsas prinsiplərin uyğunluğu bu müttəfiqliyin təməl şərtidir və bu, digər ölkələr üçün də qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından ciddi mesajdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz bildirib.

Onun sözlərinə görə, Türkiyənin Orta Şərq siyasətini formalaşdıran əsas istiqamətlərin Azərbaycan–Türkiyə əməkdaşlığı ilə uyğunlaşdırılması müzakirə olunmalıdır. Türkiyənin bölgə siyasətinin üç aparıcı xətti xüsusilə diqqət çəkir. Bunlardan birincisi təhlükəsizlik, sabitlik yanaşmasıdır. İkincisi diplomatik əlaqə və regional əməkdaşlıqdır. Türkiyənin Orta Şərq strategiyasının üçüncü sütunu enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərini əhatə edən geoiqtisadi layihələrdir.

“Üçüncü istiqamət xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji ötürmə xətləri və logistika marşrutları iki ölkəni tamamlayıcı əməkdaşlıq modelinə çevirir. Bundan əlavə, Türkiyənin İraqla birgə həyata keçirdiyi “İnkişaf yolu” layihəsi – Basradan başlayıb Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xətti bölgədə yeni iqtisadi inteqrasiya imkanları yaradır. Əgər gələcəkdə Suriyada vəziyyət sabitləşərsə, bu xəttin genişləndirilməsi mümkün ola bilər. Nəticədə, Türkiyənin Orta Şərq siyasətinin bu üç əsas istiqaməti – təhlükəsizlik, diplomatik və geoiqtisadi əlaqələr Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu model həm iki ölkənin regional nüfuzunu artırır, həm də Orta Şərq və Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni platformalar yaradır”, - deyə o əlavə edib.

 

Siyasət