Bakı Təşəbbüs Qrupunun müstəmləkəçi ölkələrin işğal etdiyi ölkələrdə törətdiyi vəhşiliklərlə bağlı araşdırmaları davam edir.
BTQ-dən XQ-yə verilən məlumata görə, faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib.
Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə Avropanın mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer almışdır. Bu qaranlıq və utancverici səhifələrindən biri də “insan zooparkları”dır.
Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 konqolu insan Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilmişdir. Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilmiş, ləyaqətləri ayaqlar altına atılmışdır. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu – o cümlədən uşaqlar – pnevmoniya, qrip və digər xəstəlilərdən dəhşətli əzablar içində can vermiş, cəsədləri isə gizlicə basdırılmışdır. Beləliklə, II Leopoldun “sivilizasiya missiyası” adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımın simvoluna çevrilmişdir.
İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilmişdir. Əvvəlcə “Konqo Muzeyi” sonralar isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Brüsseldə təşkil olunan Expo 58 Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanmışdır. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə – yenidən “canlı eksponat” statusunda Avropa ictimaiyyətinə təqdim edilmişdir. Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk “insan zooparkı” təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil, Belçika müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salmış sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil etmişdir. Bu praktika, irqi iyerarxiya və “sivilizasiya missiyası” ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilmişdir.
Qeyd edək ki, 1959–1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur. Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilmiş və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olmuşdur.
Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir.
Mənbə: BMT-nin 2019-cu il tarixində dərc edilmiş Afrika Mənşəli Xalqlar üzrə Ekspertlərdən İbarət İşçi Qrupunun Hesabatı
https://docs.un.org/en/A/HRC/42/59/Add.1

