V MƏQALƏ
Müasir regional və qlobal geosiyasi xüsusiyyətlər
Prinsipcə, Xəzərin geosiyasətinə konseptual yanaşma regional və qlobal özəllikləri nəzərə almadan mümkün deyil. Bunlarla yanaşı, Xəzəryanı dövlətlərin milli maraqları və milli təhlükəsizliyi məsələsini kənara atmaq imkansızdır. Azərbaycan Prezidentinin dərin məzmunlu əsərlərindən göründüyü kimi, bu prosesdə XXI əsrin 20-ci illərinə qədər əsasən böyük dövlətlər öz maraqlarından çıxış edərək dominant rol oynamışlar. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran öz fəaliyyətləri ilə Xəzəryanı regionun siyasi və geosiyasi mənzərəsinə “möhürləri”nu vurmuşlar.
Belə alınır ki, əgər məsələyə Xəzərin tarixi-siyasi xüsusiyyətləri prizmasında baxsaq, burada hegemon qüvvə həmişə imperialist güclər olmuşdur. Bu, bir müddət İran, başqa zaman Rusiya və ya Qərbin hansısa dövləti ola bilər. Onların hamısını birləşdirən məqam regiona orada mövcud olan dövlətlərin (Azərbaycan, Qazaxıstan, Türkmənistan) hüquqlarının tam təmin edilmədiyi şərtlər daxilində fəaliyyət göstərmək olmuşdur.
Tam da olmasa, faktiki olaraq, Xəzəryanı regiona aid olan Rusiya və İran da eyni məntiqlə davranmışlar. Bu, əsrlərlə yerli, lakin supergüc olmayan ölkələrə qarşı qərəzli siyasəti labüd etmişdir. Xəzəryanı regionun geosiyasəti tarix boyu ziddiyyətli və qərəzli məqamlarla zəngin olmuşdur.
Bu vəziyyəti SSRİ-nin süqutu dəyişməyə başladı. Artıq Xəzəryanı regionda 5 müstəqil dövlət vardı ki, onlar BMT-nin əməl etdiyi beynəlxalq hüquq normalarına görə, bərabərhüquqludurlar. Deməli, yeni vəziyyət yaranmışdı ki, regionun geosiyasətini tam fərqli formlaşdırmağı tələb edirdi. Azərbaycan Respublikası bu məsuliyyətli işi öz üzərinə götürmüşdür. Prezident İlham Əliyevin əsərlərində Xəzərin yeni geosiyasət konsepti dərindən və əsaslı ifadə edilmişdir.
Azərbaycan liderinin yanaşmasında müasir dövrdə regional və qlobal geosiyasi xüsusiyyətlərlə Azərbaycan da daxil olmaqla Xəzəryanı regionun hər bir dövlətinin milli maraqları ciddi surətdə nəzərə alınmışdır. Bu məqam İlham Əliyevin konseptinin çox güclü nəzəri aspektini təşkil edir. Yəni regional və qlobal geosiyasətin yaratdığı şərtlər fonunda yalnız Azərbaycan deyil, Xəzəryanı regiona aid olan hər bir müstəqil dövlətin hüquqları bərabər qaydada diqqətə alınmışdır. Bizcə, Azərbaycan Prezidentinin konseptinin böyük uğurlarının səbəblərindən biri regiona obyektiv yanaşma, hər bir dövlətin maraqlarını bərabər qaydada nəzərə almaqdan ibarətdir.
Bu tezisi Azərbaycan dövlət başçısının konseptində yer almış üç prinsipin qarşılıqlı əlaqədə təhlili sayəsində əsaslandırmaq olar. Öncə, deyək ki, bizim bir qəzet məqaləsində problemi tam əhatə etməyimiz və bütün konseptual prinsipləri nəzərə almağımız imkansızdır. Ancaq vurğulamaq istədiyimiz üç prinsip məsələnin ümumi nəzəri məzmununu dərk etməyə imkan yaradır. Həmin prinsiplər Azərbaycanın geosiyasi vəziyyətinin inkişafı tendensiyaları ilə bağlıdır.
Azərbaycanın geosiyasi və geoiqtisadi vəziyyəti
Müstəqilliyini əldə etmiş Azərbaycanın XX əsrin son onilliyində geosiyasi və geoiqtisadi vəziyyəti bir sıra təhlükələrlə üzləşmişdi. Azərbaycan Prezidenti onları detallı şəkildə əsərində təhlil etmişdir. Belə aydın olur ki, artıq müstəqil olan Azərbaycana geosiyasi və geoiqtisadi aspektlərdə çətinliklər, mürəkkəb situasiyalar yaradan kifayət qədər dairələr olmuşdur. Onlar müxtəlif bəhanələrlə Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə əngəllər törətmişlər. Həm də bu proses bizə məlum olan hadisələrindən daha dərin qatlarda baş vermişdir. Bir faktı göstərə bilərik.
Azərbaycan Prezidenti əsərində “Əsrin müqaviləsi” ilə bağlı çox maraqlı faktlar gətirmişdir. Neftlə bağlı Azərbaycan SSR-yə ilk ayaq basan Şotlandiyanın “Remko” şirkətinin idarə heyətinin sədri S.Remp olmuşdur. O, 1989-cu ildə Bakıya təşrif buyurmuşdur. Onlar hiss emişdilər ki, yaxın zamanlarda ciddi siyasi dəyişikliklər olacaq və Azərbaycana Qərb sərmayələri lazım ola bilər. Məşhur neftçimiz K.Abbasovla tanış olan şotland sonra xatırlayacaqdı ki, “Yüzlərlə quyu ağır vəziyyətdə idi. Sanki burada zaman donmuşdu”.
Yəni qərbli iş adamı açıq hiss edirdi ki, Azərbaycan neftinə ciddi sərmayə gərəkdir. S.Remp onu da ifadə etmişdi ki, Azərbaycanda neftin qurtardığı fikrini yaratmışdılar. Kimlər? Bizcə, aydındır.
K.Abbasov S.Rempdən Azərbaycan neftinə Qərbin sərmayə qoymasını xahiş etmişdir. Böyük Britaniyaya qayıdan mütəxəssis “bp”-yə Azərbaycanın real neft ehtiyatı ilə bağlı rəqəmləri təqdim edir. İngilis şirkətin rəhbərliyi şoka düşür: bu qədər çox?!
1990-cı ildə Azərbaycan SSR rəhbərliyi “bp”(Statoyl)”, “AMOKO” və “Yunokal” ilə danışıqlar aparmağa başlamışdır. 1991-ci ilin qışında real addımlar atmağa cəhd də olmuşdur. Ancaq məlum dairələrin anti-Azərbaycan təbliğatı və ölkəmizdə hakimiyyət dəyişiklikləri buna imkan verməmişdir. Əsərdə əsas səbəblər kimi aşağıdakılar göstərilir: ABŞ-ın “907-ci düzəliş”i, bütün yataqlar üzrə işlərin hamısını birləşdirmək niyyətinin getdikcə artması və layihə üzərində işləyən azərbaycanlı mütəxəssislərin hazırlıqlarının lazımi səviyyədə olmaması.
Lakin əsas faktorlardan biri kimi Rusiya və İran da vardı. 1994-cü ilin yazında Rusiya diplomatiyası “Əsrin müqaviləsi” layihəsinə qarşı güclü diplomatik hücuma keçmişdir. Moskva Londona nota vermişdir. Kreml Azərbaycanın müstəqil olaraq qərar qəbuletmə hüququnun olmadığını vurğulayırdı.
Hətta 1994-cü il iyunun 21-də B.Yeltsin gizli əmr imzalamışdır ki, (№396 – РПС) neft layihəsi baş tutsa, Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq edilsin. “Əsrin müqaviləsi” imzalanandan sonra isə Rusiya XİN bəyanat yaymışdır ki, Azərbaycan, Qazaxıstan və Türkmənistanın davranışları mövcud hüquqi rejimə uyğun deyil və Rusiyanın maraqlarına zərbə vurur.
Gətirilən bu faktlar göstərir ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ərəfəsində və onun ilk illərində Azərbaycan üçün çox riskli, qeyri-müəyyən və təhlükəli geosiyasi və geoiqtisadi vəziyyət yaranmışdı. Bu durumdan məharətlə çıxmaq lazım idi.
Xəzər regionunun geosiyasi xüsusiyyəti
Prezident İlham Əliyev Xəzər regionunun müasir geosiyasəti üçün onun Avropadan Asiyaya olan ənənəvi ticarət yollarının kəsişməsində yerləşməsinin əhəmiyyətli olduğunu vurğulayır. Burada “ənənəvi ticarət yolları” ifadəsi geosiyasi aspektdə konseptuallaşdırılmış anlayışdır. Yəni onun semantikası yalnız birbaşa predmetə aid olanla məhdudlaşmır, xüsusi məcazla (metafor) geosiyasi idrak müstəvisinə proyeksiya edilir. “Ənənəvi ticarət yolu” termini ümumiləşdirilir və bütövlükdə müasir şəraitdə müxtəlif nəqliyyat marşrutlarının Azərbaycanda şəbəkə yaratması, “dəhliz” statusunda formalaşması və bunun bir aspektinin mütləq surətdə milli maraqlara və milli təhlükəsizliyə “bağlanması” kimi xüsusiyyətləri ehtiva edir.
Bu cür konseptuallaşma çox uğurludur. Çünki indiki mərhələdə Xəzərin region kimi geosiyasi anlamında substantivliklə nəqliyat-loqistika vəhdətdə çıxış edirlər. Yəni regionun təbii ehtiyatlarının (enerji daşıyıcıları da bura daxildir) və bioresurlarının real mövcudluğu (“təbii depozitlik”) kifayət etmir, onların necə və hansı istiqamətlərdə daşınması da geosiyasət üçün “ontoloji faktora” çevrilmişdir.
Xəzərin geosiyasətinə vurğulanan faktorların qarşılıqlı əlaqəsində konseptual yanaşma müasir dövr üçün optimal və praktiki aspektdə faydalıdır. Burada nəzəri obrazla onun praktiki reallaşması bir-birini tamamlayır. Və əsas odur ki, praktiki faydalılıq əminliyi nəzəri obrazdan qaynaqlanır.
Azərbaycan Prezidenti regionun tarixinə, siyasi ənənəsinə və müasir geosiyasət elminin əsas kriteriyalarına əsaslanaraq Xəzərin geosiyasəti” konseptini hazırlamaqla əsrlərlə davam edən ixtilafları, intriqaları və pozuculuq meyillərini aradan qaldırmışdır. Əvəzində qlobal miqyasda faydası olan əməkdaşlıq və təhlükəsizlik modelini aktullaşdırmışdır. Bu məqamda Azərbaycan Prezidentinin konseptual yanaşmasının nəzəri tərəfi üçün olduqca əhəmiyyətli olan bir məsələni vurğulamaq gərəkdir.
“Dövlət” anlayışının tarixi və geostrateji kökləri
Azərbaycan Prezidenti “Azərbaycanın Xəzər nefti” (2003) əsərində region və qlobal miqyasların qarşılıqlı əlaqəsi kontekstində ölkənin geosiyasəti xüsusiyyətlərini təhlil edərkən ayrıca “dövlət” anlayışı üzərində dayanır. Dövlət başçısının yanaşması ən müasir elmi nəzəriyyələrə əsaslanır. Prezident İlham Əliyev dövlətin aşağıdakı xüsusiyyətlərini vurğulayır:
- Dövlət özünün tərkib hissələrinin cəmindən “böyük”dür;
- Dövlət rəqabət aparan sosial və institusional qüvvələrin toplam əks etdirdiyindən də “böyük”dür;
- Dövlət keçici olmayan və dəyişməyən maraqları ifadə edə bilər;
- Həmin maraqlar uzunmüddətli tarixi və geosiyasi köklərə malikdirlər.
Bu əlamətlərdə müasir dövlətçiliyin bir neçə aspekti sistemli ifadə edilmişdir. Birinci əlamətdə dövlətin mürəkkəb, qeyri-xətti və daim özünütəşkil edən açıq sistem olmasının nəzəri-konseptual obrazı verilmişdir. Məhz bu baxımdan dövlət həmişə onu təşkil edən hissələrin cəmindən daha çox anlama malikdir. Onun mahiyyəti ilə funksiyasının vəhdəti qeyri-xətti xarakterlidir – dövlət bir güclü təsirə minimal və ya bir ən zəif təsirə çox həssas reaksiya verə bilər. Məsələn, müasir müstəqil dövlət böyük hərbi gücü dəf edər və ən az dəyişmələrə məruz qalar. Lakin ən zəif olsa belə mənəviyyat, ideologiya, informasiya, mədəniyyət və ya əxlaqla bağlı pozucu təsirə ciddi həssaslıqla yanaşar.
İkinci əlamət sosial və institusional faktorların dövlət üçün əhəmiyyətini ifadə etməklə yanaşı, onların da hüdudları ilə məhdudlaşmadığını əks etdirir. Burada, görünür, idarəetmə fəlsəfəsinin rolu ön plana çıxarılır. İdarəetmə həmişə real mövcud olan sosial və insitutlaşma prosesinin fövqündə dayanan “dövləti reallıq” yarada bilir.
Üçüncü və dördüncü əlamətlər bir-biri ilə sıx bağlıdırlar. Onlar sintez halında dövlətin həmişə tarixi və geosiyasi məqamların harmoniyasına nail olmaq zərurliyinə aiddirlər. Əsl müstəqil uğurlu dövlət özünün tarixi və geosiyasi ənənəsinin nisbətini daim milli və dövləti maraqlar üzərində “optimallaşdırmalıdır”. Bu qayda pozulduqda gec və ya tez dövlətin müstəqilliyi zərər görür.
Sonuncu tezisdən başqa bir əhəmiyyətli məqama keçid vardır.
Sülhsevər, praqmatik və təhlükəsiz əməkdaşlıq
Azərbaycan Prezidentinin “Xəzərin geosiyasəti” konseptini yığcam belə ifadə etmək olar. Yuxarıda vurğuladığımız faktorlardan çıxan ümumi nəticə ondan ibarətdir ki, Azərbaycan liderinin Xəzər konsepti mahiyyətcə sülhə aparır. Hazırkı funksional xüsusiyyətləri üçün isə təhlükəsiz əməkdaşlıq aparıcı yer tutur. Bütün bu cəhətləri fokuslandırma mexanizmləri isə beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan xarici siyasət təşkil edir. Azərbaycanın Xəzər konseptinin təməlinə yerləşdirdiyi bərabərhüquqluluq prinsipi geniş perspektivlər açır.
Hazırda Xəzəryanı regionda proseslər Azərbaycanın aparıcı fəaliyyətinin məntiqinə və stratejisinə uyğun inkişaf edir. Bunun başlıca səbəbi öncədən dəqiq düşünülmüş və davamlı olaraq həyata keçirilən geostrateji konseptin mövcudluğu ilə bağlıdır. Artıq Xəzəryanı regionun geosiyasi ritmi fərqlidir.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

