Qətiyyətli, hökmlü, azad, prinsipial! Onu bu sözlərlə xarakterizə etmək olar. Qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. O göstərir ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə, digər xalqlara, dövlətlərə də rəqib və ya istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-hallarına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu bacarıb.
Dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda, milli mənafenin hər şeydən uca tutulması amili onun ehtiva etdiyi ən ali dəyər, mənəvi-əxlaqi keyfiyyətlər məcmusu kimi müstəsnadır. O, bütün cəbhələrdən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərir. Xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Amma onun ən xarakterik portret cizgisi sülh və harmoniya məramını dəst-xəttinə çevirməsidir.
Azərbaycan Prezidenti İlham Əliyev bu il ardıcıl dörd mühüm beynəlxalq zirvə toplantısında iştirak etdi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Danimarkada keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşü, Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının sammiti və Misirdə keçirilən Sülh Sammiti! Bu faktlar təkcə diplomatik aktivlik deyil, həm də Azərbaycanın artan nüfuzunun, beynəlxalq aləmdə yüksək hörmətə və etimada sahib olmasının bariz göstəricisi idi.
Cənab Prezidentin bu görüşlərdəki çıxışları həm məzmun, həm də ton baxımından qlobal siyasətə aydın mesajlar verdi. O, dünyanın ən ali tribunalarından birində – BMT Baş Assambleyasında ədalət və beynəlxalq hüququn üstünlüyü məsələsinə toxunaraq dedi: “Ədalət qalib gəldi, suverenliyimiz bərpa olundu və sülh artıq reallığa çevrildi”. Bu sözlər təkcə Azərbaycanın ədalətli mübarizəsinin yekunu deyil, həm də müasir beynəlxalq münasibətlər sisteminə ünvanlanmış bir prinsipial çağırış idi. İlham Əliyev açıq şəkildə vurğuladı ki, dünya ədalətsizliklərə göz yummamalı, beynəlxalq hüquq seçici deyil, ümumi dəyər olmalıdır.
Avropa Siyasi Birliyinin Zirvə toplantısında isə Azərbaycan lideri daha çox qarşılıqlı asılılığın sivil tərəfləri barədə danışdı. “Azərbaycan hər zaman etibarlı tərəfdaş olub və belə də qalacaq”, – deyərək Avropanın enerji xəritəsində ölkəmizin həlledici rolunu bir daha təsdiqlədi.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi rezonans doğurdu. O bildirdi ki, “Türk dünyasının birliyi hər bir üzv dövləti gücləndirəcək, ortaq səsimizi beynəlxalq aləmdə daha da ucaldacaq”. Bu sözlər, əslində, türk dünyasının gələcək inteqrasiyasının siyasi manifesti kimi səsləndi. Qəbələdəki sammit həm qardaşlıq, həm də siyasi iradə baxımından yeni mərhələ açdı. Azərbaycanın ev sahibi kimi diplomatik və təşkilati bacarığı burada bir daha özünü göstərdi, ölkəmiz Türk dünyasının siyasi mərkəzinə çevrildi.
Misirdə keçirilən Sülh Sammitində isə İlham Əliyev Azərbaycanın beynəlxalq humanitar məsuliyyətinə əsaslanan mövqeyini ortaya qoydu: “Bizim baxışımız sülh və inkişaf üzərində qurulub – beynəlxalq hüquqa, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan bir dünya nizamı yaratmaq istəyirik”. Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan müharibə və qarşıdurmalardan uzaq, konstruktiv dialoqa üstünlük verən dövlət kimi tanınır.
Bu beynəlxalq görüşlərdə baş verənlər, əslində, Azərbaycanın diplomatik tarixində bir mərhələdir. Dörd böyük qlobal tribuna, dörd fərqli region, amma eyni məzmunlu mesaj: ədalət, sülh, əməkdaşlıq və müstəqillik. Burda mən diqqəti məhz harmoniya amilinə yönəltmək istəyirəm. Vaxtilə böyük qırğız yazıçısı Çingiz Aytmatov məşhur “Kassandra damğası”nda yazırdı: "İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?”
Yaxud Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: “Bizim sivil dövlətlərin rəhbərlərindən və onların sahibkarlarından əsl sıçrayış etməyi, müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağı tələb etməyə haqqımız və borcumuz var. Əvvəllər hər bir lider yalnız öz millətinin mənafeyi naminə hərəkət edirdi, qalanlarına rəqib və ya istismar obyekti kimi baxır, öz üstünlüyündən və şəxsi şöhrətindən başqa bütün digər dəyərlərə etinasız yanaşırdı. Bunun adı ilə əxlaq dağıdılıb, prinsiplər pozulub, ləyaqətsiz üsullara haqq qazandırılıb, saysız-hesabsız insan ölümə məhkum edilib. Yalan, hiylə, xəyanət və qəddarlıq bəsirət möcüzəsi kimi ehtiram edilir, böyüklüyün sübutu kimi görülürdü. Bu gün yanaşma kökündən dəyişməlidir”.
Qazax xalqının dəyəri, məşhur “Az i Ya”nın müəllifi Oljas Süleymenov da bu yaxınlarda verdiyi müsahibəsində fəlakət, taun və dağıdıcılıq bəlaları kimi təlqin olunan və şüurlara yeridilən qloballaşmada, eləcə də müstəmləkə asılılığından şüurlu qarşılıqlı asılılıq erasına keçiddə yaradılmış bütün maneələri yarmaqda ancaq sülh və harmoniya istəyən və bunu yaratmağa can atan sağlam qüvvələrin gücünü istisna etmir.
Bəli, sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! Balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət! Bu gün Azərbaycanın səsi dünyanın ən ali tribunalarında eşidilir. Bu səs gücün, ədalətin, sülhün və milli qürurun səsidir. Prezident İlham Əliyevin qlobal liderlik missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün yol xəritəsidir. Hərçənd, dünya belə qətiyyətli, güclü lider obrazını, xüsusilə prinsipial, beynəlxalq dəngələri qoruyan idarəedicini o qədər də asan qəbullana, həzm edə bilmir. Amma olsun, onsuz da başqa yolları yoxdur.
Parçalanan, talan olan Azərbaycan hələ ümummilli lider Heydər Əliyevin zamanında kor Edip kimi ayağa durub qalxmağa özündə qətiyyət tapmışdı. İlham Əliyev isə Azərbaycanı ona tarixən dəymiş bütün zərbələrin altından zədəsiz çıxarmağı bacardı. Gələcəyə bütöv Azərbaycan ərməğan etmək üçün!
Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərəziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib. İlham Əliyev nəyə çalışır? Məqsəd yalnız Qarabağı bütöv şəkildə geri almaq, Azərbaycanın bütün torpaqlarında Konstitusiya quruluşunu bərpa etmək deyildi. Hədəf və niyyət daha ali məramları çevrələyir: göz yaşına, müharibələrə son qoymaq, sülhə nail olmaq! Bütün çıxışlarında bu ali niyyətini dünyaya sərgiləyir ölkə başçısı. Qarabağdakı ermənilərə öz vətəndaşları kimi müraciət edilməsi, onlara düzgün yol göstərilməsi də həmin bu missiya daxilində dərkediləsi prosesdir. Sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir!
Hər halda, bu gün qürur duymalıyıq ki, kimlərinsə utopik şəkildə arzuladığı sivil, sülhsevər lider obrazı - böyük şəxsiyyət, güclü siyasi rəhbər, tək ölkəsinin deyil, dünyanın yaxşılığını arzulayan, bunu bəşəriyyət qarşısında məsuliyyət kimi dərk etdirməyə çalışan insanın rəhbərlik etdiyi ölkədə yaşamaq bizim nəsibimiz olub və Azərbaycan Prezidenti İlham Əliyev bu ali dəyərləri, mənəvi-əxlaqi keyfiyyətləri özündə ehtiva edən şəxsdir! Bu gün onun Qərbi Azərbaycana qayıdışla bağlı qarşısına qoyduğu amalın da zəmini sülh və hamoniyaya əsaslanır: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.
Ölkə başçısının Zəngəzurla bağlı mövqeyi əvvəldən elə bu olub. Düz üç il əvvəl, 2022-ci ilin 24 dekabrında Qərbi Azərbaycan İcmasında çıxışında vurğulayırdı ki, “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur”.
Göründüyü kimi, İlham Əliyev fərqli yol tutur və tutduğu yolla əslində xalqın əsrlərlə qazandığı nəcib xalq statusunu da təhdid və zərbələrdən qorumuş olur, onu erməni daşnakları, faşist təfəkkürlü terrorçularla eyniləşdirmir. Onlar kimi davranmamalı, onlar kimi danışmamalı olduğumuzun ən böyük örnəyini Azərbaycan Prezidenti İlham Əliyev birinci elə özü meydana qoyur. Bu mənada, İlham Əliyev bu gün insanlığın, bütövlükdə, bəşəriyyətin düşmənlərinə qarşı vuruşur. Onun hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır. Böyük Mirzə Ələkbər Sabirin dediyi kimi, “Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur”!
Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü – İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir. Və bu yaxınlaşan uzaqlıqlardan bir də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür...
Elnarə AKİMOVA,
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

