Milli maraqlar və inkişaf dövlətimizin strateji mövqeyidir

post-img

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin daxili və xarici siyasətini, görülən işləri və əldə olunan nailiyyətləri dəqiq və aydın şəkildə ictimaiyyətə çatdırdı, dövlətin inkişaf istiqamətlərini izah etdi, eyni zamanda Azərbaycanın ABŞ, Çin və digər ölkələrlə çoxşaxəli əməkdaşlığını vurğuladı, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin dünya arenasındakı mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verdi.

Dövlətimizin başçısı postmünaqişə dövründə ölkəmizin sülh təşəbbüslərinə xüsusi önəm verdiyini və Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Prezident bildirdi ki, Azərbaycan ərazisində bu dəhlizlə bağlı artıq heç bir problem qalmayıb və bütün işlər planlı şəkildə həyata keçirilir, nəqliyyat əlaqələrinin bərpası regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Ölkəmizin başçısı eyni zamanda Qars–Naxçıvan dəmir yolu layihəsini vacib addım kimi dəyərləndirərək bu xəttin Türkiyənin dəmir yolu şəbəkəsinə birbaşa bağlantı yaratdığını qeyd etdi. Müsahibədə Prezident Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Araz çayı üzərindən körpünün inşa edildiyini diqqətə çatdırdı. Bu körpü Azərbaycanla Naxçıvan arasında İran üzərindən daha qısa və rahat nəqliyyat əlaqəsi yaradır. Beləliklə, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında alternativ bağlantılar formalaşır. Şübhəsiz ki, həyata keçirilən bu layihələr Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı vahid inkişaf məkanına çevirir, paralel olaraq aparılan quruculuq işləri, yaşıl enerji, kənd təsərrüfatı, suvarma və turizm sahələrində görülən tədbirlər bölgənin uzunmüddətli inkişafını təmin edir.

Həmçinin müsahibədə ölkəmizin iqtisadi və sosial məsələləri ilə yanaşı milli dəyərlərimiz də müzakirə mövzusu oldu.

Azərbaycan dili xalqımızın milli sərvəti və kimliyimizin təməlidir. Prezident İlham Əliyev müsahibəsində dilimizin qorunması və inkişafının hər bir vətəndaşın vəzifəsi olduğunu vurğulamaqla qeyd etdi ki, bu məsuliyyət peşəmizdən, yaşımızdan və sosial statusumuzdan asılı olmayaraq hər kəsə aiddir. Dilimizi qorumaq, onu düzgün istifadə etmək və zənginləşdirmək hər birimizin milli borcudur. Dilimiz yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli qürur, yaradıcılıq və tariximizdir. Tarixi baxımdan Azərbaycan dili çətin sınaqlardan keçib. İmperiya dövründə böyük təzyiqlərə baxmayaraq ana dilimiz Ulu öndər Heydər Əliyev sayəsində qorunaraq gələcək nəsillərə əmanət olundu. Bu müqəddəs ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dili ölkəmizdə yaşayan 10 milyondan çox insanı birləşdirir və dünyada 50 milyondan çox azərbaycanlı üçün ortaq dildir. Dilimiz heç bir başqa dilin kölgəsində qalmır, onun zənginliyi və ifadə imkanları ilə fəxr edirik.

Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, xarici sözlərin həddindən artıq istifadəsi dilimizi zənginləşdirmir, əksinə milli kimliyimizi sarsıda bilər. Bugünkü dünyada internet və qlobal təmaslar sayəsində xarici sözlər qaçılmazdır, amma əsas məsələ Azərbaycan dilini qorumaqdır. Bu, yalnız dövlətin deyil, hər bir vətəndaşın və ziyalının üzərinə düşən vəzifədir.

Xaricdə yaşayan azərbaycanlılar üçün də dilimizin qorunması prioritetdir. Onlayn Azərbaycan dili məktəbləri bu boşluğu doldurur və gənc nəsillərin ana dilini mükəmməl öyrənməsinə imkan yaradır. Dilimiz qorunduqca milli kimliyimiz də möhkəmlənir, dövlətçiliyimiz güclənir və gələcək nəsillər öz köklərinə bağlı qalır. Azərbaycan xalqının milli ruhu və birliyi də buna bağlı olaraq davam edir. Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, Azərbaycan dilini qorumaq həm tariximizə hörmət, həm də gələcəyimizə qoyulan sərmayə deməkdir və hər birimiz bu mübarizənin bir hissəsiyik.

Azərbaycan lideri müsahibəsində ölkəmizin mövqeyini bir daha ortaya qoydu və sübut etdi ki, Azərbaycan etibarlı şəkildə qorunur, dövlət siyasətinin mərkəzində isə ölkəmizin milli maraqları və inkişafı dayanır.

Xumar Məmmədova,

Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Siyasət