Qərbin Ermənistandakı seçkilərlə bağlı narahatlığı artır

post-img

Aİ-nin ardınca ATƏT və ABŞ senatorları da hərəkətə keçdilər

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə, Avropa İttifaqının (Aİ) rəsmi strukturları və “qoca qitə”nin müxtəlif təsisatları seçkiləri diqqət mərkəzində saxlayırlar. Onlar rusiyapərəst qüvvələrin hakimiyyəti ələ keçirməsinə imkan verməmək, hazırkı baş nazir Nikol Paşinyanın postunda qala bilməsi üçün konkret addımların atılmasına start veriblər.

Aprelin 21-də Aİ ölkələrinin xarici işlər nazirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqlədilər. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını gücləndirməyə yönələcək və nazirliklərə, eləcə də təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər, həmçinin dəstək verəcək. Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq 2 illik mandatla fəaliyyət göstərəcək və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq yeni mülki missiyanın yerləşdirilməsi qərarını alqışladığını bildirib. XİN təsdiqləyib ki, missiyanın məqsədi Ermənistanın demokratik dayanıqlılığının gücləndirilməsini dəstəkləmək, dezinformasiya, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə səyləri də daxil olmaqla hibrid təhdidləri aradan qaldırmaqdır.

Aprelin 23-də isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Ermənistana seçkilərlə bağlı müşahidə missiyası göndərəcəyi məlum olub. Büronun yaydığı məlumata görə, missiya Ermənistan hakimiyyətinin dəvəti ilə formalaşdırılıb və seçkiqabağı ehtiyacların qiymətləndirilməsinin nəticələrinə əsaslanır. Missiyanın 13 ekspertdən ibarət əsas qrupu İrəvanda Yanes Lenarçiçin rəhbərliyi altında fəaliyyət göstərəcək. Yeri gəlmişkən, qeyd edək ki, sloveniyalı Y.Lenarçiç Qərbdə kifayət qədər tanınmış siyasətçidir. O, 2008-2014-cü illərdə ATƏT/DTİHB-in direktoru olub. 2019-cu il dekabrın 1-dən isə Ursula fon der Lyayenin komissiyasında Humanitar yardım və böhranların idarə edilməsi üzrə Avropa komissarıdır.

Mayın 1-dən etibarən Ermənistana 30 uzunmüddətli müşahidəçi göndəriləcək. DTİHB, həmçinin seçkilərdən bir neçə gün əvvəl Ermənistana 250 qısamüddətli müşahidəçinin göndərilməsini təmin edəcək. Ekspertlərin və uzunmüddətli müşahidəçilərin əsas qrupuna ATƏT-in 28 üzv dövlətinin nümayəndələri daxildir. “Bu müşahidə missiyası seçki prosesinin bütün mərhələlərini ATƏT-in öhdəlikləri və demokratik seçkilərə dair digər beynəlxalq öhdəliklər və standartlar prizmasından qiymətləndirəcək. Biz təkcə seçkiləri deyil, həm də onların keçiriləcəyi mühiti müşahidə edəcəyik”, – deyə Lenarçiç bildirib.

Seçki günü ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndə heyətləri DTİHB missiyasına qoşulacaqlar. Seçkilərdən təxminən iki həftə əvvəl DTİHB müşahidə missiyasının fəaliyyəti barədə ictimaiyyəti və KİV-i məlumatlandırmaq üçün aralıq hesabat yayımlayacaq. Seçkilərin sabahı günü missiyanın ilkin qənaəti və işinin nəticəsi birgə mətbuat konfransında təqdim olunacaq. Prosesin təkmilləşdirilməsi üçün hərtərəfli qiymətləndirməni və tövsiyələri özündə əks etdirəcək yekun hesabat seçkilərdən bir neçə ay sonra dərc olunacaq.

***

Bu arada amerikalı bəzi senatorların “Meta” və “Alphabet” şirkətlərini Ermənistanın Rusiya müdaxiləsinə qarşı mübarizəsinə kömək etməyə çağırdıqları məlum olub. Senatorlar Cin Şahen və Tom Tillis adları çəkilən şirkətlərə məktub göndərərək, onları “2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl Rusiya dezinformasiyasının yayılmasının qarşısını almaq üçün kifayət qədər resurs ayırmağa” çağırıblar. Məktubda deyilir: “Müstəqil ekspertlər hesab edirlər ki, Rusiya Ermənistandakı demokratik prosesin nəticəsinə təsir göstərmək üçün “Meta” platformaları vasitəsilə də daxil olmaqla, Moldova strategiyasından istifadə edir. Biz “Meta” və “Alphabet” şirkətlərinin diqqətini Rusiya Federasiyasının demokratik ölkələrdə seçkilərə müdaxilə etməyə növbəti cəhdinə yönəldirik – bu dəfə 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində. Bu seçkilər Ermənistanın gələcəyinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyət daşıyır, çünki onlar, çox güman ki, regional sülh təşəbbüslərinin və nəqliyyat infrastrukturunun inkişafı layihələrinin, o cümlədən sülh danışıqlarının əsas komponenti olan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu layihəsinin nəticəsini müəyyən edəcək. Heç bir xarici qüvvənin Ermənistanın suveren qərarlarının nəticəsinə təsir etməsinə icazə verilməməlidir”.

Senatorlar qeyd ediblər ki, xarici qüvvənin öz iradəsini erməni xalqına qəbul etdirmək cəhdlərinə göz yummaq olmaz: “Əgər bu cəhdlər ABŞ yurisdiksiyasına daxil olan platformalardan istifadə etməklə həyata keçirilirsə, belə halların qarşısının alınmasına görə məsuliyyətimiz daha da artır. Biz “Meta” şirkətini Ermənistanda azad və ədalətli seçkilərin təmin olunmasına kömək etməyə, “Alphabet” şirkətini isə seçkilər ərəfəsində Rusiya dezinformasiyasına qarşı mübarizə aparmaq üçün kifayət qədər resurs ayırmağa çağırırıq”.

Qeyd edək ki, “Meta” şirkətinin məhsullarına proqram təminatı, “Facebook Messenger”, “Facebook”, “Instagram”, “WhatsApp” daxildir. “Alphabet” şirkəti isə “Google Inc” və onun törəmə şirkətlərini, eləcə də bir neçə startapı idarə edən holdinq şirkətidir. Hər iki şirkətin baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşir. Bu baxımdan ATƏT-in Ermənistana seçki müşahidə missiyası göndərməsi barədə məlumat, eləcə də ABŞ senatorlarının ünvanladığı müraciətlər eyni siyasi və informasiya mühitinin iki fərqli, lakin bir-biri ilə bağlı təzahürü kimi görünür. Hər iki hadisənin mərkəzində Ermənistanda seçkilər dayanır və bu seçkilərin təkcə daxili siyasi proses deyil, həm də regional və qlobal güclərin maraqlarının toqquşduğu bir məkan olduğu açıq şəkildə hiss olunur.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, burada bir neçə fərqli məntiq paralel işləyir və bəzən bir-birini neytrallaşdırır. Onun sözlərinə görə, əgər ATƏT-in müşahidə missiyası göndərməsi beynəlxalq təşkilatların Ermənistandakı seçki prosesinə institusional yanaşmasını göstərsə, ABŞ senatorlarının müraciəti daha çox informasiya təhlükəsizliyi və rəqəmsal platformalar üzərindən potensial xarici təsir məsələsinə fokuslanır: “Burada əsas narahatlıq Rusiya dezinformasiyasının yayılması və bunun seçki nəticələrinə təsir ehtimalıdır. Senatorların yanaşması göstərir ki, müasir seçkilərdə informasiya məkanı ən az hüquqi çərçivə qədər vacib sahəyə çevrilib. Bu iki prosesin bir-biri ilə əlaqəsi onların eyni seçki dövrünü əhatə etməsi və demokratik legitimliyin qorunmasına yönəlməsi ilə izah olunur. ATƏT missiyası seçkiləri yerində müşahidə edib ümumi vəziyyəti qiymətləndirirsə, ABŞ senatorlarının təşəbbüsü isə rəqəmsal informasiya mühitinə və xarici təsirlərin texnologiya platformaları vasitəsilə məhdudlaşdırılmasına diqqət yetirir. Yəni biri seçkilərə birbaşa nəzarət və müşahidə ilə, digəri isə informasiya məkanının qorunması ilə bağlıdır”.

Ekspert onu da bildirdi ki, Ermənistan kontekstində daha bir vacib nüans seçki institutlarına inamın həssaslığıdır. Əgər ictimai etimad aşağıdırsa, hətta kiçik informasiya səs-küyü belə siyasi nəticə kimi qavranılır. Bu halda hibrid təhdidlər xarici aktorların gücündən çox, daxili siyasi qütbləşmənin güzgüsünə çevrilir: “Buna görə də problem təkcə “müdaxilənin qarşısını almaq” deyil. Eyni zamanda, cəmiyyətin informasiya qarışıqlığını özü süzgəcdən keçirmə qabiliyyətidir. Bu baxımdan seçkilər texniki proses olmaqdan çıxır və informasiya davranışının testinə çevrilir”.

Səxavət HƏMİD
XQ



Siyasət