Rusiyaya dəstək verənlər ciddi cəzalandırılır

post-img

Moskva isə Brüsselin sərt sanksiya qərarı qarşısında qalıb

Dünən Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasına qarşı sayca 20-ci sanksiyalar paketini təsdiqlədi. Bu qərar Qərb blokunun geosiyasi müdafiə strategiyasının əsas tərkib hissəsi sayılır. Şərqi Avropada davam edən hərbi əməliyyatların və qlobal güc mərkəzləri arasındakı siyasi qütbləşmənin fonunda qəbul edilən məhdudiyyətlər Moskvanın beynəlxalq logistik resurslara çıxışını bağlamaq məqsədi daşıyır. Hazırkı vəziyyətdə qitə dövlətləri, o cümlədən NATO üzvləri və Şimali Atlantika alyansına daxil olmayan ölkələrlə Rusiya arasındakı münasibətlərin gərginlik səviyyəsi artıq pik həddə çatıb.

Rəsmi Moskva tərəfindən idarə edilən və bütün qitə üçün bilavasitə təhdid yaradan əməliyyatlara qarşı Aİ üzvü olan ölkələr artıq qəti addımlara əl atmağa məcbur olublar. Xüsusilə son illər intensivləşən hibrid hücumlar, proksi qüvvələrin vasitəsilə həyata keçirilən təxribatlar, eləcə də dövlət infrastrukturlarını hədəf alan irimiqyaslı kiberhücumlar kollektiv Qərbin səbr kasasını daşıran amillərə çevrilib. Avropa paytaxtlarında formalaşan vahid siyasi rəy ondan ibarətdir ki, yalnız aqressiv və ardıcıl sanksiya mexanizmləri vasitəsilə Kremlin destruktiv fəaliyyət rıçaqlarını zərərsizləşdirmək mümkündür.

20-ci sanksiyalar paketini hərtərəfli araşdıranda aydın olur ki, hədəf seçilmiş sahələr təsadüfi deyil və sırf strateji iflic vəziyyəti yaratmağa hesablanıb. Yeni məhdudiyyətlər əsasən enerji, kompüter texnologiyaları və maliyyə sektorlarını, habelə vacib istehlak sahələrini əhatə edir. Siyahıda göstərilən sahələrə ətraflı şəkildə toxunmağa lüzum görmürük, çünki konkret istiqamətlər dövlətin dayaqlarını formalaşdıran əsas resurslar rolunu oynayır. Enerji resurslarının ixracı sayəsində əldə edilən milyardlarla dollarlıq gəlir bilavasitə hərbi maşının maliyyələşdirilməsinə yönəldildiyindən, Aİ məhz neft-qaz infrastrukturunu əsas zərbə obyekti kimi müəyyənləşdirib. Paralel olaraq kompüter texnologiyaları və kibertəhlükəsizlik sahələrinə tətbiq edilən qadağalar Rusiyanın rəqəmsal inkişaf tempini yavaşlatmaq, müasir informasiya müharibəsindəki imkanlarını sıfıra endirmək və hərbi-sənaye kompleksinin intellektual bazasını məhv etmək niyyəti daşıyır. Maliyyə sektorunun tam təcridi isə ölkənin qlobal bazarlarla istənilən əlaqəsini kəsərək, daxili iqtisadi stabilliyi siyasi böhrana çevirmək ehtimalını artırır.

Qlobal dəniz hegemonluğu və logistik nəzarət uğrunda gedən geosiyasi mübarizə 20-ci paketin mərkəzi xətlərindən sayılır. Moskva üçün strateji əhəmiyyət daşıyan Murmansk və Tuapse limanları ilə əməliyyatların tamamilə qadağan edilməsi, sadəcə, ticarət əlaqələrinin kəsilməsi mənasına gəlmir. Şimal Buzlu okeanında və Qara dəniz hövzəsində yerləşən bu dəniz limanları Rusiya hərbi dəniz donanmasının logistik təminatında həlledici düyünlərdir. Eyni zamanda, İndoneziya ərazisindəki Karimun limanının neft terminalına oxşar qadağanın tətbiqi Aİ-nin sanksiya siyasətini qlobal cənub istiqamətində genişləndirmək niyyətini sübuta yetirir. Tətbiq edilən qadağaların ən kəskin hissələrindən digəri Qərb analitikləri tərəfindən “kölgə donanması” adlandırılan gəmi qruplaşmalarına qarşı yönəlib. Qeyri-qanuni yollarla enerji daşıyıcılarını beynəlxalq sulara çıxarmağa çalışan 46 gəminin limanlara girişinə və xidmətlərdən istifadəsinə qəti qadağa qoyulur. Beləliklə, beynəlxalq təcrid siyahısına salınmış dəniz vasitələrinin ümumi sayı 632-yə çatdırılır. Rəqəmlərin nəhəngliyi rəsmi Moskvanın sanksiyalardan yayınmaq məqsədilə qurduğu qeyri-formal iqtisadi şəbəkənin həcmini nümayiş etdirir.

***

Yeni sanksiya paketi maliyyə məhdudiyyətlərini daha da sərtləşdirir və 20 Rusiya bankının beynəlxalq əməliyyatlara çıxışını bloklayır. Məqsəd Rusiyanın maliyyə sistemini zəiflətmək və hərbi xərclərin maliyyələşməsini çətinləşdirməkdir. Eyni zamanda, sanksiyalar yalnız Rusiya ilə məhdudlaşmır. Qırğızıstan, Laos və Azərbaycanda fəaliyyət göstərən 4 xarici bank da Rusiyaya yardım etdiyi üçün qadağalara məruz qalıb. Bu, Qərbin sanksiyalardan yayınma kanallarını bağlamağa yönəlmiş addımı kimi qiymətləndirilir. Ümumilikdə, mesaj ondan ibarətdir ki, Rusiyaya dolayı dəstək verən maliyyə strukturları qlobal sistemdən kənarlaşdırılır və üçüncü ölkələr isə bu prosesdə daha ciddi nəzarət altına alınır.

Eskalasiyanın qidalandırıcı mənbəyi sayılan hərbi-sənaye kompleksinə qarşı atılan addımlar 20-ci paketin əsas sütununu təşkil edir. Ümumilikdə, 58 silah istehsalçısı, logistik təminatçı və əlaqəli struktur qara siyahıya salınıb ki, bu da dronlar və yüksək texnologiyalı hərbi sistemlərin istehsal zəncirini zəiflətməyə yönəlib. Bundan başqa, sanksiyalardan yayınmanın qarşısını almaq üçün xüsusilə Qırğızıstana qarşı sərt tədbirləri tətbiq edilib, o cümlədən yüksək texnologiyalı avadanlıqların ixracı məhdudlaşdırılıb. Eyni zamanda, Rusiya ilə əlaqəli və ya ikili təyinatlı malların daşınmasında iştirak edən 60-a yaxın əlavə struktur da siyahıya daxil edilib. Eləcə də Çin, BƏƏ və Mərkəzi Asiyanın bəzi ölkələrindəki 16 quruma məhdudiyyət qoyulub.

Tətbiq edilən 20-ci paketin struktur memarlığı beynəlxalq münasibətlər sistemində yeni doktrinanın formalaşdığını xəbər verir. Keçmiş illərin məhdud və sadəcə, xəbərdarlıq xarakteri daşıyan qərarlarından fərqli olaraq, hazırkı mexanizmlər tamamilə düşməni məhv etmək strategiyasına əsaslanır. Qitənin siyasi institutları mövcud reallığı dərk edərək, vəziyyətin qeyri-müəyyən müddətə qədər gərgin qalacağını və hərbi eskalasiya risklərinin artacağını qabaqcadan hesablayıblar. Qəbul edilən məhdudiyyətlər yalnız Rusiya iqtisadiyyatını daxildən sarsıtmaqla yekunlaşmır. Əsas məqsəd Kreml rəhbərliyinin qlobal iddialarını zərərsizləşdirmək və avtoritar rejimlərin beynəlxalq hüquq normalarına meydan oxumasının qarşısını almaqdır.

Kollektiv Qərb mərkəzləri və müttəfiq qüvvələr tərəfindən həyata keçirilən təcrid siyasəti qlobal nizamı yenidən quran çoxölçülü və monumental arxitekturadır. Sadalanan bütün sanksiya mexanizmləri, xüsusən kölgə gəmi şəbəkələrinin məhvi, limanların qapadılması, qabaqcıl hərbi-sənaye subyektlərinin sıradan çıxarılması və üçüncü dövlətlərdəki kommersiya əlaqələrinin dondurulması mütləq şəkildə qarşıya qoyulan yekun hədəflərə çatacaq. Avropa paytaxtlarından verilən siyasi qərarların mətni onu təsdiqləyir ki, bəşəriyyətin gələcək nizamı yalnız qanunun aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmət üzərində qurulacaq. Sanksiya paketlərinin tətbiqi uzun illər boyu dünyanı təhdid edən hərbi ekspansiya ideologiyalarını darmadağın edəcək. Hər həftə yoxlanılan satış sənədləri, gəmiçilik reyestrləri, ehtiyat hissələrinin ixrac bəyannamələri əslində nəhəng siyasi detektiv işinin tərkib hissəsidir. Tətbiq edilən kompleks məhdudiyyətlər silsiləsi yeni minilliyin iqtisadi və hüquqi müharibə standartlarını müəyyən edir. Belə görünür ki, köhnə status-kvoya qayıdış ehtimalı tamamilə aradan qaldırılıb və yeni dünyanın quruculuğu yalnız sanksiyaların diktə etdiyi dəyərlər çərçivəsində mümkün olacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət