20 Oktyabr Zəngilan Şəhəri Günüdür
Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Bu, qürurverici və unudulmaz qələbə Zəfər tariximizn ən şanlı səhifələrindən biridir.
Azərbaycan dövləti bu əlamətdar hadisəni əbədiləşdirmək qərarına gəlib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. Bu il ilk dəfədir ki, xalqımız bu şanlı qələbəni təntənəli surətdə, böyük ruh yüksəkliyi və coşqu ilə bayram edir.
Vətən müharibəsinin hər bir günü kino lenti kimi gözlərimiz önündə canlanır. Yaxşı xatırlayırıq ki, Ali Baş Komandan İlham Əliyev Zəngilanın düşməndən azad olunduğu xəbərini böyük sevinc və qürur hissilə xalqımıza çatdırdı.
Dövlətimizin başçısı xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu xoş müjdə bir an içində ölkəmizin hər bir guşəsinə və bütün dünyaya yayıldı.
Uzun illərdən bəri yaxşı tanıdığım Zəngilan ziyalısı, təcrübəli pedaqoq Nazim Dünyamalıyev dedi ki, həmin gün hamı kimi onun da sanki sevincindən uçmağa qanadı yox idi. Zarafat deyil, 27 illik yurd, Vətən həsrətinə son qoyulmuşdu. Hamı çox xoşbəxt idi və bir-birini müjdələyirdi.
Bu yazının müəlliflərindən biri təxminən 10 ilə yaxın “Bakinski raboçi” qəzetinin Mil-Muğan regionu üzrə zona müxbiri vəzifəsində işləyərkən Zəngilan rayonuna tez-tez ezamiyyətə gedər, bu rayonun əmək kollektivlərinin uğurları, eləcə də bölgənin qeyri-adi təbii gözəllikləri barədə qəzetə çox sayda məqalə, korrespondensiya yazaraq dərc etdirmişdir. Mərd, süfrəsi açıq, ürəyi geniş insanlar kimi tanıdığı bütün zəngilanlılar ona məhrəm və doğma insanlardır.
Qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Ermənistanla sərhəddə yerləşən Zəngilan rayonunun bir çox kəndlərində olduqca gərgin vəziyyət yaranmışdı. O zaman bu torpağın igid, qeyrətli oğulları gecə-gündüz sərhədlərdə keşik çəkir, əhalini erməni quldur dəstələrinin silahlı basqınlarından qoruyurdular.
Sonrakı illərdə, xüsusilə 90-cı illərin əvvəllərində zəngilanlılar doğma yurdun müdafiəsi uğrunda döyüşlərdə çox sayda qurbanlar verdilər. Lakin o dönəmdə Ermənistanın silahlı qüvvələri öz havadarlarının köməyilə torpaqlarımızı işğal etdilər. 27 illik işğal dönəmində erməni vandalları bu gözəl diyarın kəndlərini, məktəb və bağçalarını, məscid və mədəniyyət abidələrini, istisnasız olaraq bütün ev və binalarını dağıdıb viran qoydular, təbii sərvətlərini vəhşicəsinə daşıyıb apardılar.
Bütün bu vəhşiliklər, təbii ki, cavabsız qala bilməzdi. Dünyada ilahi ədalət mövcuddur, bunda bəşəri dəyərdən qaynaqlanan dərin bir hikmət var. Azərbaycan gücünü toparladı, ordusunu gücləndirdi və Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə xain düşməni torpaqlarımızdan qovdu.
Xatırladaq ki, 1993-cü il oktyabrın 30-da süqut edən zaman Zəngilan rayonu 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 30 minə yaxın sakın respublikanın müxtəlif şəhər və rayonlarına səpələnərək məskunlaşdı. Qaçqınlıq taleyi təkcə çətin həyat şəraiti, ağır güzəran deyil, bunlardan heç də az ağrısı və möhnəti olmayan torpaq acısı, nisgilidir. Əlbəttə, ata-baba yurd yerlərini itirən zəngilanlı qaçqın ailələri üçün həmin dönəmlər çox çətin günlər idi. Lakin hər bir zəngilanlı ailəsi Azərbaycan dövlətinin heç vaxt azalmayan diqqət və qayğısı ilə əhatə olundular.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Zəngilan istiqamətində aparılan döyüşlər İkinci Qarabağ müharibəsinin ən gərgin döyüşlərindən hesab olunur. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.
Bu il artıq üç ildir ki, Zəngilan torpağı azad nəfəs alır. Bu illər ərzində rayonda olduqca geniş tikinti-quruculuq işləri aparılıb. Xüsusi qeyd etmək lazımdır ki, Füzulidəki böyük aeroportdan sonra Zəngilan Beynəlxalq Hava Limanı qısa zaman kəsiyində inşa edilərək istifadəyə verilibdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu mühüm obyektin açılışında iştirak ediblər.
2022-ci il mayın 27-də isə Zəngilan rayonunda yerləşən “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Hazırda Ağalıda ümumilikdə 133 ailədən 649 nəfərin məskunlaşması təmin olunub.
Zəngilan RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təmini və proqnozlaşdırılması şöbəsinin müdiri Xanım Rüstəmova bildirdi ki, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi rayonun iqtisadi inkişafına böyük dəstək göstərəcək. Hazırda bu ərazilərdə yeni nəqliyyat infrastrukturu yaradılır. Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır.
Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Artıq qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb.
Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur.
Daha bir infrastruktur strateji əhəmiyyəti olan Horadiz-Zəngilan-Ağbənd dəmir yoludur. Belə ki, bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşların rahat gəlməsini, yüklərin daşınmasını, həm də Naxçıvanla əlaqəni təmin edəcək. Bununla da Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq.
Qeyd edək ki, dövlətimizin başçısı bu il sentyabrın 28-29-da Zəngilana səfər etmiş, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını etmişdir, Alıbəyli və Zəngilan kəndinin, Zəngilan şəhərində 2, 3 və 4-cü yaşayış məhəllələrinin, o cümlədən bir çox infrastruktur layihələrinin təməllərini qoymuşdur.
Zəngilanın yenidən qurulması işində qarşıda duran vacib məsələlərdən biri də işğal dövründə məhv edilən ekosistemin bərpasıdır. Bəsitçay hövzəsi boyunca mövcud olmuş təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olub. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində çinar meşələri ekosidə məruz qalıb.
Zəngilanın ekosisteminin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Zəngilan rayonunda həm də dayanıqlı kənd təsərrüfatının, turizm sahəsinin, xüsusilə ekoturizmin və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin yaradılması da nəzərdə tutulub. Bütün bu işlər burada yaşayan əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verəcək.
Bütün bu layihələr investisiya cəlbediciliyinə malikdir və ölkələrin xarici əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün regiona daha çox beynəlxalq tərəfdaşları cəlb etmək məqsədi daşıyır.
Erməni vandallarının vəhşicəsinə yandırdığı, söküb dağıtdığı, talayıb apardığı, viran qoyduğu Zəngilan rayonunda qurub-yaratmaq eşqi ilə dolu olan həyat yenidən qaynayır. Hamıdan çox bərəkətli Zəngilan torpağı sevinir. Ona görə ki, bu yerlərin həqiqi sahibləri əbədi olaraq qayıdıblar.
Pünhan ƏFƏNDİYEV
Məsaim ABDULLAYEV
XQ


