Diplomatik xidmət orqanları nümayəndələri üçün birgə hüquqi maarifləndirmə tədbiri keçirilib

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmət orqanlarının nümayəndələri üçün  Xarici İşlər Nazirliyində maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və  XİN-nin idarə rəisi Aysel Yaqubova məruzəçi qismində iştirak ediblər.

Bu barədə məlumatı Ombudsman Aparatı verib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu, bu sahədə genişmiqyaslı islahatlar həyata keçirildiyini söyləyib. O, həmçinin bildirib ki, bu siyasəti hazırda uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən 2007-ci il 18 iyun tarixli Sərəncam ilə bu tarix Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunub.

Həmçinin, qeyd edilib ki, Ombudsman tərəfindən ənənəvi olaraq hər il elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzulara dair maarifləndirmə tədbirlərinin keçirilməsi və bu məqsədlə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.

Daha sonra A.Səfixanlı tədbir iştirakçılarına Ombudsmanın beynəlxalq əməkdaşlıq əlaqələri, BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmləri, humanitar hüquq normalarının implementasiyası barəsində geniş məlumat verib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

Tədbirdə XİN-nin idarə rəisi A.Yaqubova “Heydər Əliyev və Azərbaycanın xarici siyasətində insan hüquqları amili” adlı məruzə ilə çıxış edib. 

Müzakirələr zamanı mövzu ilə bağlı XİN əməkdaşlarının sualları cavablandırılıb.

Sosial həyat