Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının və “Gənc Ailə Forumu”nun açılış mərasimi keçirilib. Məclis türkdilli dövlətlərin ortaq dəyərlərini və əməkdaşlığını əks etdirən filmin nümayişi ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının iştirakçılarına müraciətini səsləndirib.
AQUPDK-nin sədri Bahar Muradova müzakirə edilən mövzunun yalnız tarixi və ictimai baxımdan deyil, bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyəti ilə də seçildiyini vurğulayıb. Gənc ailələrin və eyni dəyərlərlə yoğrulan türk gəncliyinin birləşdikcə, ortaq gələcəyimizin daha da parlaq və dayanıqlı olacağına əminliyini ifadə edib. Bildirib ki, türk coğrafiyasında ailə həm sədaqətin, fədakarlığın, vəfa və şərəfin simvoludur, həm də bizim hər birimiz üçün böyük və qədim bir tarixdir, soydur, kökdür.
Bahar Muradova ilk öyrənmə ocağı olan ailənin həm də, uşaq və gənclərimizi zamanın təhlükə və risklərinə qarşı qorumaq funksiyasını yerinə yetirdiyini, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayıb. O, dövlət siyasəti çərçivəsində ailənin cəmiyyət və milli kimlik üçün nə qədər vacib olduğunu nəzərə alan dövlətimizin bu sahəni hüquqi müstəvidə möhkəm şəkildə qoruduğunu diqqətə çatdırıb. Əlavə edib ki, xüsusilə də Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara böyük qayıdış prosesi həm sosial ədalətin, həm də ailə institutunun dirçəldilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
B.Muradova Dövlət Komitəsinin aidiyyəti dövlət qurumları ilə birgə reallaşdırdığı layihələr haqqında məlumat verib, Ailə Konsepsiyasının Zəfərdən sonra formalaşmaqda olan yeni şəraitdə dövlətin ailə siyasətinin inkişafına, ailə təsisatının daha da möhkəmləndirilməsinə və ölkədə mövcud olan əlverişli demoqrafik şəraitin qorunub saxlanılmasına yönəldiyini vurğulayıb.
Çıxışında qlobal informasiya məkanında yayılan və Azərbaycan ailə modeli ilə uzlaşmayan yad və zərərli meyillərin qarşısının alınması məsələsinə toxunan komitə sədri bildirib ki, nümunəvi ailə modelinin təşviqi, ailə üzvlərinin hər cür zərərli tendensiyalara qarşı dayanıqlılığının, nəsillərarası ünsiyyət və həmrəyliyin artırılması kimi məsələlər bu sahədə gündəliyimizin əsas istiqamətlərindədir. Biz türk dünyasının gəncləri və liderləri belə forumlarda bir araya gələrək ailə institutunu milli dəyərlərimizin qoruyucusu və daşıyıcısı kimi gələcəyə ötürmək və gələcək təhdidlərdən qorumaq öhdəliyini daşıyırıq.
Tədbir bədii proqramla davam edib.
Z.HÜSEYNOVA
XQ