Ruhu cavan, şövqü rəvan Sumqayıt!

post-img

Sumqayıt Azərbaycanın “Gənclər paytaxtı”dır

2025-ci ildə Sumqayıt Azərbaycanın “Gənclər paytaxtı” elan edilib. Fevralın 2-də - Azərbaycan Gəncləri Günündə gənclik şəhərində   bu layihənin təqdimatı olub. Gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib.

Nazir Fərid Qayıbov Ulu Öndərin gənclərə böyük qayğı və diqqət göstərdiyini, gənclərin Azərbaycanın dünyada tanınmasında böyük rol oynadığını bildirib. Qeyd edilib ki, Azərbaycanda 400-ə yaxın gənclər təşkilatı var və ölkənin gələcəyi onların əlindədir. Sumqayıtda il ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin uğurla keçiriləcəyinə inam ifadə olunub, Prezident mükafatına layiq görülmüş gənclər təltif edilib.

...Doğulub boya-başa çatdığım bu şəhəri ağlım kəsəndən “könlümün paytaxtı” saymışam. Gözlərimin önündə böyüyüb-gözəlləşib. Geniş küçə və meydanları, yaraşıqlı park və meydanları, mehriban insanları, başlıcası isə dəyişməz gənclik ruhu bu doğma şəhərin hər zaman sevə-sevə vəsf etdiyim fərqli cəhətləri, üstün keyfiyyətləri olub. Ötən il Sumqayıtın 75 yaşı qeyd edildi, amma qədim tarixi olan şəhərlərlə müqayisədə bu rəqəm elə gənclik yaşı deyilmi? Təsadüfi deyil ki, bu gün də Sumqayıt yarım əsr əvvəlki kimi, “gənclik şəhəri” adlanır. Bu yerdə Nəbi Xəzrinin məşhur misralarını xatırlamamaq olmur:

Sumqayıt cavandır, cavandan cavan, 
Taleyi, arzusu nura boyanmış.
Sumqayıt oxuyur göylәrә meydan, 
Ayağı torpaqda möhkәm dayanmış!

Elə “ayağı torpaqda möhkəm dayanmış” misrası özlüyündə Sumqayıtın gənc və qüv­vətli, qüdrətli olduğuna işarədir. Çoxillik müşahidələrimə söykənən qəti qənaətimə görə, elə bir sumqayıtlı tapa bilməzsiniz ki, unudulmaz Xalq şairimizin “Sumqayıt səhifələri” poemasından misal gətirdiyim bu bir bəndlik sevgi etirafını əzbər bilməsin. 

Bunu da deməmək insafsızlıq olar ki, sözləri Nəsib Cəfəroğluna, musiqisi Səid Rüstəmova aid olan çox populyar marş-mahnını da hər bir sumqayıtlı az qala bütün sözlərinə qədər bilir.

Nə gözəl şəhərdir, xoşdur baxışı,
Bakıya qardaşdır, durub yanaşı.
Şöhrəti, qüdrəti dillərdə dastan,
Onunla fəxr edir mərd Azərbaycan...

Bax, elə gəncliyə xas olan bu poetik-musiqili ovqatla Sumqayıt haqqında, bilmirəm, neçə yüzüncü məqaləmi yazmaq istəyirəm. Səbəb də yuxarıda qeyd etdiyim kimi, doğma şəhərimin Azərbaycanın “Gənclər paytaxtı” olaraq, bu gün hansı şövq və vüsətlə yaşadığına nəzər salmaqdır. 

İşgüzar təəssübkeşlik

Sumqayıtlı dostlarımla söhbətlərimdə dönə-dönə təsdiqlənib ki, gənclik şəhərinin tərəqqisini ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin daimi diqqət və qayğısı şərtləndirirsə, digər amillər sırasında sakinlərin bu məkana özəl və sırf təəssübkeş sevgisi öncül mövqe tutur. Son 10 ildə Sumqayıta məhz bu şəhərin yetirməsi olan, zavodda adi fəhləlikdən icra başçılığına qədər yüksələn bir kadrın rəhbərlik etməsi də az önəm daşımır. Şəhərin durmadan gözəlləşdirilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi Zakir Fərəcovun və “komanda”sının gündəlik zəruri qayğısıdır. Son illərdə burada möcüzəli park-bulvar kompleksinin yaradılması, Heydər Əliyev Parkının tamamilə yenidən qurulması, şəhərdə yaşıllıqların artırılması, küçə və məhəllələrin ideal təmizliyinin daimi nəzarətdə saxlanması, qaynar mədəni mühitin bərqərar olması  bunun əyani sübutudur. Bu sıraya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər ­stadi­o­nunun müasirləşdirilməsini və ardıcıl olaraq beynəlxalq yarışların keçirilməsini, Nizami Kinoteatrının açılmasını, gənclər üçün güzəştli mənzil layihələrinin tətbiqini, ayrıca Poeziya Evinin təşkilini və s-ni də əlavə etsək, inamla deyə bilərik ki,  bu gün Sumqayıt hər halı ilə “Gənclər paytaxtı” adına layiq bir şəhərdir. 

Sumqayıt, eyni zamanda qəhrəmanlar şəhəri kimi tanınır. Yaxın vaxtlarda 5 illiyini qeyd etməyə hazırlaşdığımız 44 günlük “Zəfər yürüşü”ndə yüzdən çox sumqayıtlı şəhadətə ucalıb. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülənlərin sırasında doğma torpaq uğrunda canını və qanını əsirgəməyən 6 nəfər Sumqayıt yetirməsi də var. Onlar Milli Qəhrəman olan general Polad Həşimovun ardıcılları Adil İbrahimli, Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyevdir. Onu da xatırladaq ki, Birinci Qarabağ müharibəsində isə bu şəhərdən Valeh Müslümov, Qorxmaz Eyvazov, Mətləb Quliyev, Cəlil Səfərov “Milli Qəhrəman” adını qazanıblar. Hərbi hissə komandıri, polkovnik-leytenant  Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində bu ada layiq görülmüşdü, Vətən müharibəsində şəhid olandan sonra isə “Zəfər” ordeni ilə təltif olunub.  

Könüllülük hərəkatı

İcra hakimiyyəti aparatının məsul əməkdaşı Eyvaz Qocayev bizimlə söhbətində şəhərdə könüllülük hərəkatının vüsətini xüsusi vurğuladı:

– Son illərdə Sumqayıtda gənclərin ictimai proseslərdə fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə könüllülük hərəkatının genişləndirilməsi bu baxımdan mühüm rol oynayır. Şəhərdə həyata keçirilən müxtəlif sosial, ekoloji, mədəni və ictimai layihələrdə könüllülərin iştirakı artıq bir ənənəyə çevrilib. İcra hakimiyyətinin dəstəyi ilə müxtəlif dövlət qurumları və ictimai təşkilatlar könüllülərin potensialından səmərəli istifadə edirlər. Bunun nəticəsində könüllülük fəaliyyəti təkcə müvəqqəti bir dəstək yox, həm də gənclərin sosial məsuliyyət və vətəndaşlıq hissinin inkişafı üçün real məktəbə çevrilib.

Ötən aylarda “Gənclər paytaxtı”nda layihə üzrə yaddaqalan tədbirlər keçirilib. Hamısı da kütləviliyi, dinamikliyi  ilə diqqət çəkib. Məsələn, Xalq şairlərinin də qatıldığı “Poeziya günü”, “Sumqayıt gənclik marafonu 2025”, Beynəlxalq Velosiped Günü münasibətilə peşəkar və həvəskarın qatıldığı “Gənclərlə veloyürüş”, “Gənclər paytaxtında birlikdə” inklüziv gənclik festivalı xüsusilə cəlbedici olub. 

Hər sahədə öncül

Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev dedi ki, Sumqayıt gənclərin əsas missiyası olan təhsil sahəsinin uğurları daha çox  fərəh doğurur. 

– Uzun illərdir ki, ali məktəblərə qəbulda, beynəlxalq olimpiadalarda bu şəhərin təmsilçiləri ölkə üzrə bayraqdar sayılırlar. Universitetlərə builki qəbul imtahanları da məhsuldar olub. Ali məktəblərə sənəd verən 3916 nəfər məzundan 2786-sı ali məktəblərə qəbul edilib. 194 nəfər 600-dən yuxarı, 68 nəfər 650-dən yuxarı, 23 nəfər 670-dən yuxarı, 11 nəfər isə 680-dən yuxarı bal toplayıb. 11 və 35 nömrəli məkəblərin hər birinin 4 sinfi, 27 nömrəli məktəbin isə 1 sinfinin bütün şagirdləri qəbul imtahanında 100 faiz nəticə göstəriblər. Elə bunun özü də Sumqayıtın “Gənclər paytaxtı” adına layiq olduğunu göstərir.

Sumqayıtda İnnovasiya Mərkəzi də fəaliyyət göstərir. Müasir tələblərə cavab verən bu mərkəz şəhərdə gənclərin innovativ ideyalarının reallaşması, startapların dəstəklənməsi və investorlarla əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar təqdim edir. Dünya ölkələrinin gənclər təşkilatları vaxtaşırı Sumqayıta səfər edib qabaqcıl təcrübəni öyrənirlər. Bu günlərdə “Azərbaycan-Mərakeş gənclərinin Mübadilə Proqramı” çərçivəsində Mərakeş Krallığının nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində “Gənclər Paytaxtı”na da gəlib. Qonaqlar şəhərdəki Gənclər Evi və tarixi-mədəni abidələrlə tanış olublar. 

Sumqayıtda yeniyetmə və gənclərin qatıldığı kütləvi tədbirlər bir qayda olaraq, maraqlı keçir. Məsələn, iyun ayında Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyinə həsr olunmuş XXVIII “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi keçirilib. 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınayıblar. Sumqayıt şəhər komandası 1-ci yerə layiq görülüb. Bağlanış mərasimində nazir Fərid Qayıbov, şəhər rəhbəri Zakir Fərəcov və Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev qalibləri təbrik ediblər. 

Daha öncə  2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Sumqayıt şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibətilə  Sumqayıt Gənclər Evində “Gənclik və Qadınların Gücü: Hüquqi Dövlət və Suverenlik Uğrunda” mövzusunda ictimai əhəmiyyətli tədbir keçirilib. YAP Sumqayıt təşkilatının gənclərlə iş sektorunun əməkdaşı Elvin Əlizadə həmin tədbirdən danışdı:

– Həmin tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı, Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı regional idarəsi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutdu. Məqsədi gənclərin və qadınların hüquqi dövlət quruculuğunda, eləcə də milli suverenliyin möhkəmləndirilməsindəki rolunu vurğulamaq, onların ictimai fəallığını təşviq etmək idi. İştirakçı gənclər və qadın fəallar arasında canlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı və gələcək əməkdaşlıq üçün təkliflər, ideyalar müzakirə edildi. Tədbir motivasiya dolu çağırışlarla yekunlaşdı. Qeyd edim ki, bu cür görüşlərin davamlı keçirilməsi ölkədə gənclərin cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakına zəmin yaradır.

İdmançılar fəxri kürsülərdə

“Gənclər Paytaxtı”nın idman nailiyyətləri də yüksəkdir. İlin əvvəlindən bir çox ölkə və beynəlxalq yarışlarda sumqayıtlı atletlər fərqlənə biliblər. Güləşçi Rihad İbrahimov U-17 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə ucalıb. Fuad Rəhimli (cüdo), Zöhrab Səfərov (yunan-Roma güləşi), Nigar Şəkərəliyeva, Rüqəyya Əliyeva,  Eda Ezen (taekvondo), İsmayıl Aslanlı (boks), Qorxmaz Səfərli (karate), Elmira Bayraq (taekvondo) və başqaları da qələbə salnaməsinə qızıl sətirlər yazıblar. İlk yarımilin statistikasına görə, ilin əvvəlindən 24-ü qızıl, 10-u gümüş, 17-i isə bürünc əyarlı 51 mеdal əldə edilib. Yay aylarında bu kolleksiya daha da zənginləşib.

Əlbəttə, fəxri kürsünün 1-ci pilləsinə qalxan hər bir idmançının şərəfinə onun təmsil etdiyi dövlətin himni səsləndirilir. Bu, elə bir hissdir ki, təltifetmə mərasimini zaldan, teleekrandan izləyən seyrçilər belə duyğulanırlar. Sumqayıtın fəxri – 5 qat dünya, 11 qat Avropa çempionu olan karateçi Rafael Ağayev deyir ki, himnimizin  çalınması heç vaxt mənim üçün adi hal olmayıb. Hər dəfə son dərəcə həyəcanlanmış, hətta kövrəlib ağlamışam da... Bu, Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinozanın “Qara brilliant” adlandırdığı, fəxri kürsülərdə dayanmasının sayı-hesabı bilinməyən bir təcrübəli idmançının etirafıdır. İndi görün, ilk dəfə çempionluğu şərəfinə bütün zalı ayağa qaldıran himnimiz səsləndiriləndə gənc idmançılarımız hansı gözəl hisslər keçirirlər!       

“Sumqayıt Gənclər Paytaxtı – 2025” proqramı çərçivəsində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Beynəlxalq Gənclər Gününə həsr edilmiş “Gənclər Paytaxtında birlikdə!” adlı inklüziv gənclik festivalı keçirilib. Proqram üzrə gənclər üçün müxtəlif fəaliyyətlər, oyunlar, ustad dərsləri və idman yarışları təşkil edilib. Sonda fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi-müsabiqə və bilik yarışı düzənlənib. Qalib gənclər sertifikat və hədiyyələrlə təltif olunublar.

Şəhərdə mədəni həyatın canlanmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə atılan ən mühüm addımlardan biri açıq hava konsertlərinin təşkilidir. Artıq ənənəyə çevrilən bu konsertlər həm sakinlərin, həm də qonaqların maraqla qatıldığı tədbirlər sırasında yer alır. Açıq hava konsertləri Sumqayıtın müxtəlif meydanlarında, parklarında və dənizkənarı bulvar ərazisində keçirilir. Bu tədbirlərdə tanınmış müğənnilərlə yanaşı, yerli gənc ifaçılar da səhnə alır. Beləliklə, həm peşəkar sənətçilərin çıxışı şəhər sakinlərinə bayram əhvali-ruhiyyəsi bəxş edir, həm də gənc istedadların özlərini göstərməsinə imkan yaradır.

Elə avqustun 30-da axşam Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda Xəzər TV və “Coca-Cola”nın tərəfdaşlığı ilə “Coke Studio Xəzər” adlı möhtəşəm musiqi festivalının şəxsən şahidi oldum. Böyük izdiham vardı, gənclər yaşıdları olan estrada ustalarını həvəslə dinləyib alqışlayır, elə meydandaca musiqi sədaları altında qol qaldırıb süzürdülər.

Bakı Dövlət Universitetinin tələbəsi Zakir Məmmədlinin bu barədə dedikləri:

– Konsertlərin açıq məkanda keçirilməsi onların daha geniş auditoriya üçün əlçatan olmasına şərait yaradır. İnsanlar sərbəst şəkildə bu tədbirlərə qoşulur, ailəvi istirahət zamanı musiqidən zövq alır. Bu, Sumqayıtın ictimai-mədəni həyatında həmrəylik, birlik və bayram atmosferi yaradan mühüm ənənə kimi formalaşıb. Elə ötən həftə - Azərbaycan estradasının sevimli simaları, gənc və populyar müğənnilər bir neçə saat ərzində bizə unudulmaz zövq yaşatdılar...   

İnanırıq ki, qarşıdakı aylarda “Gənclər paytaxtı”nın daha parlaq səhifələri yazılacaq və əlamətdar il onun tarixində silinməz izlər buraxacaq.

Əli NƏCƏFXANLI
XQ

 











Sosial həyat