“Zəfər yolunun davamçıları” Ağbulaq yaylağında

post-img

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvanın Ağbulaq İstirahət Mərkəzində ölkənin xüsusi kateqoriyadan olan uşaı üçün 3 günlük “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” təşkil olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə düşərgəyə Bakı şəhəri və bölgələri təmsil edən 30 nəfər həssas qrup ailələrindən olan uşaq cəlb edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli düşərgədə uşaqlarla görüşərək onların istirahət və əyləncə şəraiti ilə maraqlanıb. Düşərgə iştirakçıları ilə söhbət zamanı o bu toplanışın yeni dostluqlar qazanılması, birlik və vətənpərvərlik duyğularının yüksəldilməsi baxımından daha bir bir fürsət olduğunu bildirib, uşaqlara yaradılan şəraitdən səmərəli istifadə etməyi tövsiyə edib, onlara xoş və mənalı istirahət arzulayıb.

Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev xüsusi kateqoriyadan olan uşaqların iştirakı ilə belə aksiyaların davamlı olduğunu, bu sıradan yay və qış düşərgələrinin önəmini qeyd ediblər.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat