27 Sentyabr Vətən müharibəsinin başlanğıc günü, eyni zamanda, xalqımızın yaddaşında əbədi iz buraxan Anım Günüdür. Həmin gün ərəfəsində Azərbaycanın hər yerində olduğu kimi, Tovuzda da şəhidlərin müqəddəs xatirəsi ehtiramla anılır, onların ruhuna dualar oxunur.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri bu dəfə Tovuz şəhəri, Cəlilli, Düz Cırdaxan və Bozalqanlı kəndlərində yerləşən şəhid məzarlarını ziyarət etdilər. Hər məzar önündə səssiz, hüznlü duruş, tər güllərin sükut içində soyuq mərmər üstünə ehtiyatla düzülüşü... Əslində bu cür səhnələr vətənpərvərliyin, minnətdarlığın və hüznün tərənnümü kimi yadda qalır.
...Ziyarət zamanı şəhidlərin qəhrəmanlıqlarından, onların keçdikləri döyüş yolundan, xalqın azadlığı naminə göstərdikləri fədakarlıqlardan danışıldı. Onların hər biri bir tarixdir, hər biri bu xalqın azadlıq salnaməsinin canlı səhifəsidir.
Ziyarətdən sonra şəhid ailələrinin üzvləri ilə səmimi və mənalı görüşlər keçirildi. Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxışı zamanı bunları vurğuladı:
“Bu torpaqlar uğrunda canını fəda etmiş igid oğullarımızın hər biri xalqın qürur tarixini yazıb. Onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin ailələri bizə əmanətdir. Onların hər bir arzusu, hər bir qayğısı bizim üçün vacib və önəmlidir. Dövlətimizin başçısının rəhbərliyi ilə bu müqəddəs yolda xidmət göstərmək bizim həm borcumuz, həm də şərəfimizdir”.
Bu səmimi görüşlər zamanı şəhid ailələri övladlarının adlarının əbədiləşdirilməsi, qəhrəmanlıqlarının unudulmaması üçün dövlətin atdığı hər bir addıma görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Belə bir fikir vurğulandı ki, 27 Sentyabr həm hüzn, həm də qürur günüdür. Bu gün biz təkcə şəhidlərimizi xatırlamırıq, biz onların müqəddəs amalını, uğrunda can verdikləri torpağı, xalqı və bayrağı bir daha xatırlayırıq.
Tovuzda keçirilən bu anım tədbiri bir daha sübut etdi ki, şəhidlər unudulmur, unudulmayacaq da. Onların adı tariximizin ən şərəfli səhifələrində yaşayır və gələcək nəsillərə örnək olur.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri