NDU-da Nazlı xanım Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

post-img

Naxçıvan Dövlət Universitetində Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin deputatı, Naxçıvan MSSR-in Əməkdar müəllimi, tanınmış maarifçi Nazlı xanım Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Bu haqda “Xalq” qəzetinə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yubiley tədbirindən əvvəl görkəmli pedaqoq Nazlı Nəcəfovanın Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub. 

Tədbirdə Nazlı Nəcəfovanın həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tanınmış maarifçi Nazlı Nəcəfovanın fəaliyyətindən bəhs edərək onun qadınların təhsil imkanlarının genişlənməsində, maarifçilik ideyalarının yayılmasında rolundan danışıb. Bildirilib ki,  qadın azadlığının məhdud olduğu dövrdə Nazlı  Nəcəfovanın keçdiyi çətin sınaqlı yolların arxasında xalqa, millətə sevgi və əsl vətənpərvərlik hissləri dayanırdı. O, Azərbaycan maarifçilik mühitinin inkişafında böyük töhfə sahibidir.  İrəvan və Naxçıvanda qızlar üçün məktəblərin açılmasında əməyini əsirgəməyən Nazlı Nəcəfovanın həyat və yaradıcılığı universitetdə təhsil alan tələbələr üçün  geniş bir araşdırma mövzusudur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qadınların təhsilli cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə, cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Nazlı Nəcəfovanın muxtar respublikada qadınların təhsili və inkişafı istiqamətində ozamankı çətin dövrlərdə atdığı addımların çox mühüm işlər olduğunu vurğulayıb. Komitə sədri qeyd edib ki, gənc qızların təhsilinə istər o zaman, istərsə də hazırda qoyulan sərmayə onların cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. 

Naxçıvan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sevinc Abbasova görkəmli pedaqoq Nazlı Nəcəfovanın yaradıcılığının bugünkü qadınların ictimai fəaliyyətinə işıq saçdığını söyləyib. Onun fədakar fəaliyyəti bu gün bir dərslik rolunu oynayır. Öz elmi araşdırmalarına toxunan Sevinc Abbasova Nazlı xanım Nəcəfovanın həyat və yaradıcılığından da ilhamlandığını diqqətə çatdırıb. Müəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” adlı kitabını maarifpərvər ziyalının nəticəsi Cabbar Hüseynliyə hədiyyə olaraq təqdim edib. 

Nazlı Nəcəfovanın nəticəsi, elm və təhsil sahəsi üzrə Prezident mükafatçısı Cabbar Hüseynli görkəmli elm fədaisi  Nazlı Nəcəfova haqqında səsləndirilən dəyərli fikirlərə və konfransın yüksək səviyyədə təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib. 

         Yekunda NDU-nun Fizika-riyaziyyat fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əsmər Mikayılovaya ilk dəfə təsis olunan “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim edilib.

Tədbirdən sonra Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriyanın açılışı olub. 

                                         Səbuhi HƏSƏNOV

 

 











Sosial həyat