Müstəqillik dövrü nəsrində

post-img

20 Yanvarın hüzn və qəhrəmanlıq obrazı

Müstəqillik dövrü ədəbiyyatında əsas mövzulardan biri də sovet imperiyası və onun millətimizə qarşı törətdiyi genetik soyqırımlardır. Bu əsərlərdə 70 il gizlədilən, susdurulan həqiqətlər, faciələr, millətin oyanışı və azadlıq yanğısı obrazların həyatı, taleyi fonunda oxuculara çatdırılır. Fikrət Qoca “Qarlı, qanlı qərənfillər” povestini, epiqrafda da qeyd etdiyi kimi, 20 Yanvar şəhidləri olan, “ötən iki min ilin sonuncu Leyli-Məcnunu”na – İlham və Fərizəyə həsr edib.

Əsərdə meydan hərəkatı, orada iştirak edən insanlar, onların əhvali-ruhiyyəsi, düşüncələri olduqca təbii və ustalıqla yaradılıb. Povestin həmin hadisələrdən 10 il keçdikdən sonra yazılması da əsərin fabulasına öz təsirini göstərib. Bunu elə əsərin ilk səhifələrindəki ab-havadan da hiss etmək olur. Fərizənin ürkək obrazını yaradan yazıçı onun ürəyinə damanları təsvir etməklə oxucunu sənədlərdən bilinən sona hazırlayır: “İndi də 1990-cı ilin 15 yanvar gecəsində mümkün olan yerdə top lüləsi, tank lüləsi, pulemyotlar, avtomatlar şəhərə kor gözlərini zillədiyi vaxtda təzəcə aldıqları evdə Leyli-Məcnun yatmışdı. Hələ onların adı Fərizə və İlham idi. Zamanın bəlkə də taleyin gözündən gizlənib, siyasət pozğunlarının, məişət dəllallarının gözündən yayınıb, bu Leyli-Məcnun altı ay idi ki, bir yerdə yaşayırdılar. İnsanlıq, cəmiyyət yaranan gündən indiyə kimi keçən min illər ərzində bəşərin inkişafı bu Leyli-Məcnunun birgə yaşadığı altı ay qədərdir”.

Sərvinaz Həsənlinin “İmperiya” povestində, adından da göründüyü kimi, sovet imperiyasının müstəmləkəsi altında yaşamış xalqın əzablarından, itirdiklərindən söhbət açılır. Əsərin qəhrəmanı Lilpar valideynləri ilə birgə öz ömründən bütün imperiyanın ağrısını keçirib. Amma bu ağrıdan keçənlərin heç də hamısı atasını 20 Yanvar faciəsində itirən, əri imperiya - sarısaçlı rus qadını vasitəsilə aldadılıb əlindən alınan Lilpar kimi öz içindəki özümlülüyü qoruyub saxlaya bilməyib. Öz igidliyi ilə, qeyrəti ilə məşhur olan, Markaryanın repressiya etdiyi babası Kərimə oxşamayan əri kimi, repressiya olunmuş ziyalı, kamil, məğrur valideynlərin övladı olan, 5 yaşından yetimxanalarda mənliyi silinən kökündə ayrılan, Lilparın haqlı şikayətini duymayan Yılmaz kimi neçə-neçə itən insanlar, kökündən ayrı düşən budaqlar imperiyanın mirasıdır. Əsərdə 20 Yanvar hadisələri, Qarabağ yanğısı əsər boyu əsas süjetə daxil olur, yuxu kimi, ağrı kimi xatırlanır. “Sonra üstlərinə oraq-çəkic nişanlı tanklar gəlirdi. Tankların üstündə əllərində qırmızı-qırmızı qərənfillər tutmuş qaraqaş-qaragöz uşaqlar oturmuşdular. Tanklar silkələnə-silkələnə irəlilədikcə tankların üstündəki gözəl uşaqlar müvazinətini saxlaya bilməyib dəymiş armud kimi tarpatarp yerə, tankın təkərləri altına düşürdülər. Tankların arxasınca qırmızı izlər uzanır, asfaltı çəhrayı rəngə boyayırdı... Əri də başqa zabitlərlə birlikdə onlara təlim keçəcək, süngüylə qarşıdakı canlının ürəyinə sərrast zərbə endirməyin bütün fəndini öyrədəcəkdilər. Sonra da bu dişinə qədər silahlanmış, əli süngülü əsgərləri Bakıya, körpə uşaqları süngüyə keçirib, hamilə qadınların qarnını yırtmağa göndərəcəkdi”. Lilparın yuxusu, əslində, xalqın kollektiv yaddaşında dərin iz buraxmış 20 Yanvar faciəsinin simvolik təsviridir. Bu yuxu, həm də Lilparın daxili dünyasındakı ağrıların, itkilərin və imperiyaya qarşı nifrətin təzahürüdür.

Müstəqillik dövrü nəsrində 20 Yanvar motivlərinin əksi milli oyanışın, azadlıq mübarizəsinin və milli kimliyin bərpasının bədii-ədəbi obrazlar vasitəsilə xalqın təhtəlşüuruna həkk olunmasına vəsilə olur, xalqımızın yaşadığı ağrıları, itkiləri və qəhrəmanlıqları gələcək nəsillərə ötürür, milli yaddaşımızı canlı saxlayır və müstəqilliyimizin dəyərini bir daha xatırladır.

Elnarə QARAGÖZOVA,
AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Sosial həyat