Elmin və şəxsiyyətin vəhdəti

post-img

Son yüzillik ərzində Azərbaycan tarix elminin verdiyi ən böyük imtahanlardan biri milli dövlətçilik tariximizə münasibətin tədqiq edilib araşdırılması ilə əlaqədar olmuşdur. Məlum sovet ideologiyası SSRİ-yə daxil olan xalqların milli dövlətçilik tarixinin, görkəmli tarixi şəxsiyyətlərinin öyrənilib yeni nəsillərə çatdırılması məsələsini arxa plana keçirdiyi üçün uzun bir dövr ərzində bu mövzu nəinki diqqət mərkəzindən kənarda saxlanılmış, həm də tarixi keçmişin unutdurulması istiqamətində müvafiq ideoloji iş aparılmışdır.

Sovet dövründə milli dövlətçilik ənənələri və ya tarixdə yaşamış adlı-sanlı dövlət xadimlərinin adları ən yaxşı hallarda vətənpərvərlik mövzusunda yazılmış publisist əsərlərdə çəkilməklə kifayətlənilmişdir. Bu mənada, milli dövlətçilik tarixi problemi özünün miqyası və missiyası, sistemi ilə müstəqillik dövrü Azərbaycan elminin əsas mövzularından biridir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yeni tarixi şəraitdə Azərbaycan tarixşünaslıq elminin əsas aparıcı mövzularından biri olan milli dövlətçiliyin tarixi, böyük simaları və ənənələri probleminin görkəmli və fədakar tədqiqatçılarından biridir.

Müstəqillik illərində İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyası (1999) və çap etdirdiyi sanballı monoqrafik tədqiqatlar geniş mənada ölkəmizin milli dövlətçilik ənənələri haqqında yazılmış qiymətli elmi əsərlərdir. Akademik İsmayıl Hacıyev Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan məktəbinin tarixini və tanınmış simalarını sistemli şəkildə araşdırıb öyrənməklə Azərbaycan tarixinin bu istiqamətinin mükəmməl, ümumiləşdirilmiş və bütöv elmi mənzərəsini yaratmağa öz töhfəsini vermişdir.

Atabəylər dövlətindən Naxçıvan Çuxursəd bəylərbəyliyinə, Naxçıvan xanlığına, Naxçıvan mahalına, Araz-Türk Respublikasına, Naxçıvan MSSR-ə və nəhayət, Naxçıvan Muxtar Respublikasına qədər keçilmiş tarixi yolun, yaşanmış ictimai-siyasi hadisələrin akademik İsmayıl Hacıyev tərəfindən dərindən və əsaslı şəkildə tədqiq olunması əslində həm də ümumilikdə Azərbaycanın dövlətçilik tarixinin bütün əsas mərhələlər üzrə inkişaf proseslərinin müəyyənləşdirilərək tədqiq olunması deməkdir. Milli dövlətçilik tariximizin qeyd olunan əksər mərhələləri haqqında Azərbaycan tarixşünaslıq elmində müəyyən tədqiqatların olmasına baxmayaraq, İsmayıl Hacıyev heç kəsi təkrar etmədən, hər tarixi mərhələyə dair ciddi tədqiqatlar aparmaqla və mühüm əlavələr etməklə, tədqiq etdiyi mövzuda tam yeni forma və məzmuna malik olan fundamental elmi əsərlər meydana qoymuşdur.

Fikrimizcə, akademik İsmayıl Hacıyevin daha bir mühüm xidməti də milli dövlətçilik tariximizin inkişaf proseslərinin tədqiq olunmasının sistemini müəyyən etməsi ilə əlaqədardır. İsmayıl Hacıyevin tədqiqatlarında Azərbaycan dövlətçilik tarixi keçmiş sovet-marksist nəzəriyyəsindəki ictimai formasiyalar və siniflərin mübarizəsi təlimi ilə yox, ictimai-siyasi hadisələrlə tarixi şəxsiyyətlərin mübarizəsinin tarixi kimi müasir elmi metodologiya əsasında araşdırılıb ümumiləşdirilmişdir.

Ümumiyyətlə, humanitar elm sahələrindən hər hansı birinin tədqiqatçısı üçün, xüsusən də milli dövlətçilik ənənələrinin tarixçisindən ötrü zəruri olan aydın vətənpərvərlik mövqeyi ilə elmi obyektivlik meyarlarını qorumaq prinsipi İsmayıl Hacıyevin timsalında aydın şəkildə ifadə olunmuşdur. Akademik İsmayıl Hacıyev tarixçi alim kimi doğulub boya-başa çatdığı Culfa rayonundakı Xanəgah kəndinin vüqarına çevrilmiş məşhur Əlincə qalasının qürurunu öz tədqiqatlarında milli dövlətçilik tariximizlə birləşdirmişdir. İsmayıl Hacıyevin ata-baba ocağı olan qədim Xanəgah kəndinin bir tərəfində Əlincə yaddaşının, digər tərəfində isə Fəzlullah Nəimi əqidə bütövlüyünün özünəməxsus yer tutması onun şəxsiyyətini və tədqiqatçılıq mövqeyini müəyyən edən əsas faktora çevrilmişdir.

Akademik İsmayıl Hacıyev müasir dövrdə Azərbaycan tarixşünaslıq elminin məsuliyyətli və vətənpərvər yaradıcılarından biridir. Görkəmli tarixçi alimin əsərləri milli dövlətçilik tariximizə və Azərbaycan elminə məsuliyyətlə və şərəflə xidmət göstərməyə əsl nümunədir. Obrazlı şəkildə belə də demək olar ki, akademik İsmayıl Hacıyev Azərbaycanın dövlətçilik tarixinin Şəmsəddin Eldənizdən Heydər Əliyevə və İlham Əliyevə qədərki çoxəsrlik və fundamental tarixi salnaməsini yaratmağa bütöv bir ömür sərf edir. Onun tədqiqatlarında Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətləri olmuş Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Heydərqulu xan Kəngərli, Kalbalı xan Naxçıvanski, Abbasqulu xan Kəngərli, general Ehsan xan Naxçıvanski, Behbud ağa Şahtaxtinski, Məhəmməd xan Təkinski, Mirzə Nəsrullah Əmirov, Bəhram xan Naxçıvanski və başqaları kimi hərəsi bir tarixi dövrün dövlət qurumlarının aparıcı simaları olan şəxsiyyətlərin xidmətləri dərindən təhlil olunub dəyərləndirilmişdir.

İsmayıl Hacıyev bu tarixi şəxsiyyətlərə elmi qiymət verərkən onların Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu əsas faktor kimi dəyərləndirmiş, fəaliyyətlərinə ölkə miqyasındakı xidmətləri mövqeyindən baxışı əsas kimi qəbul etdiyi üçün qeyd edilən tarixi simalar haqqındakı araşdırmalar geniş mənada ümumiyyətlə Azərbaycan dövlətçilik tarixinin yeni faktlar və mülahizələrlə daha da zənginləşdirilməsinə töhfə vermişdir.

Akademik İsmayıl Hacıyev Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin, siyasi təliminin mübarizəsi və ideallarının, zəngin irsinin ölkəmizdəki əsas tədqiqatçılarından biridir. Onun “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasi tariximizdə və günümüzdə”, “Heydər Əliyev siyasi təlimi: tarix və müasirlik” kitabları və Ulu öndərə həsr olunmuş çoxsaylı məqalələri Azərbaycan Heydər Əliyevşünaslığının qiymətli elmi nümunələridir. İsmayıl Hacıyevin təqdimatında Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik inkişafı tarixində meydana çıxmış dünya miqyaslı qüdrətli dövlət xadimi və nadir tarixi şəxsiyyət olaraq əbədiyyət qazanmış Ümummilli lider masştabında dərk və şərh olunur. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi xilaskarlıq və quruculuq missiyası da tarixçi alimin tədqiqatlarında zəngin tarixi faktlardan və keşməkeşli hadisələrdən çıxarılmış təbii və qanunauyğun nəticələrin axarında təhlil edilib qiymətləndirilir. Bundan başqa, İsmayıl Hacıyev Azərbaycan Respublikasında böyük inkişafın hadisələri və proseslərini Heydər Əliyev - İlham Əliyev ideallarının işığında canlandırmağı elmi-metodoloji prinsip olaraq əsas kimi qəbul etməyin nümunəsini göstərir. Bütün bunlara görə İsmayıl Hacıyevin ümummilli lider Heydər Əliyev haqqında yazıb nəşr etdirdiyi kitablar və məqalələr Azərbaycan milli dövlətçilik tarixinin XX əsrdə və müasir dövrdəki xüsusi bir epoxasının elmi cəhətdən əsaslı şəkildə dəyərləndirilməsi hadisəsi kimi səslənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyətinə həsr etdiyi tədqiqatlarda da İsmayıl Hacıyev siyasi varislik və müasirlik mövqeyindən çıxış etməklə yeni tarixi dövrün çoxəsrlik dövlətçilik tariximizin inkişafındakı xüsusi mərhələ təşkil etdiyi qənaətini inamla və qürurla təqdim edir. Prezident İlham Əliyevin siyasi iradəsi və mübarizəsindən Azərbaycanın müasir inkişafının əsas həlledici faktoru miqyasında bəhs edən tarixçi alim mahiyyət etibarilə bu günün və sabahların qüdrətli yaradıcısı haqqında elmi cəhətdən əsaslandırılmış mülahizələr irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərindən hər birinin tarixi hadisəyə çevrilməsi və regionda böyük inkişafın real təminatı olması İsmayıl Hacıyevin ardıcıl tədqiqatları ilə yeni tarixi dövrün möhtəşəm salnamələrinin parlaq səhifələrini təşkil edir. Akademik İsmayıl Hacıyev Müzəffər Ali Baş Komandanın tarixi Qarabağ Zəfərinə və Böyük Qayıdış hərəkatına misilsiz və təkrarsız tarixi hadisələr miqyasından baxaraq, ölkəmizin həm də gələcək inkişafına xalqımızın böyük inamını elmi cəhətdən əsaslandırır.

Akademik İsmayıl Hacıyev Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan diyarının fədakar tədqiqatçısıdır. Ümumiyyətlə, Naxçıvanın çoxəsrlik tarixində və müasir inkişafında elə bir hadisə və mühüm bir fakt yoxdur ki, İsmayıl Hacıyevin tədqiqatlarında öz əksini tapmamış olsun. Onun “Tarixdə və günümüzdə Naxçıvan”, “Naxçıvan və naxçıvanlılar”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı”, “Naxçıvan Muxtar Respublikası - 90. Quruculuq salnaməsi”, “Naxçıvan - qədim Şərq sivilizasiyası ilə bağlı olan diyar” (Azərbaycan, rus və ingilis dillərində), “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” və sair kitabları əslində geniş mənada “Naxçıvan - Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasının fəsilləri və qiymətli əlavələri təsirini bağışlayır. Bu mənada, “Naxçıvan-Azərbaycanın dövlətçilik tarixində” sərlövhəsi İsmayıl Hacıyevin yalnız doktorluq dissertasiyasının və ya eyniadlı sanballı monoqrafiyasının deyil, bütövlükdə, alimin elmi əsərlərinin və elmi-təşkilati fəaliyyətinin ümumiləşdirilmiş adıdır.

İsmayıl Hacıyevin kitabları və məqalələri Naxçıvanın tarixinə və müasir inkişafına həsr olunmuş çoxcildlik sanballı bir Naxçıvannamədir. Bununla belə, İsmayıl Hacıyev salnaməçi olmayıb, özünəməxsus elmi təfəkkürü, qiymətləndirmə meyarları, ümumiləşdirmə bacarığı olan yaradıcı tarixçi alimdir. O, əsərlərində haqqında bəhs etdiyi tarixi dövrün və ya şəxsiyyətin sənədlər, faktlar və rəqəmlərlə təsvir olunması ilə bərabər, həm də onların fəaliyyətinə aid olduqları, yaxud əhatə etdikləri hadisələrin və proseslərin axarında təhlil edilib dəyərləndirilməsinə nail olmağı bacarır. İsmayıl Hacıyevin Naxçıvana həsr olunmuş kitablarından bu qədim diyarın sadəcə çoxəsrlik tarixi gedişatını yox, tam mənası ilə özünəməxsusluğunu, mahiyyətini, regiondakı və ölkə tarixindəki yerini və əhəmiyyətini dərindən və əsaslı şəkildə, dərkolunmuş səviyyədə öyrənmək mümkündür. Bu mənada, İsmayıl Hacıyev Naxçıvanın tarixini və müasir inkişafını azərbaycanşünaslıq miqyasında və yüksək professionallıq səviyyəsində təqdim edir. Bu baxımdan, onun tədqiqatları həsr edildiyi tarixi dövrlərin zəngin statistik salnaməsi olmaqdan daha çox müstəqil dövlətimizin müasir inkişafının əsaslı təhlillərdən keçirilərək, sistemli elmi tədqiqat kimi meydana qoyulmuş araşdırmalardan ibarətdir.

Bütün bunlara görə akademik İsmayıl Hacıyevin tədqiqatlarında Naxçıvan Muxtar Respublikasının müstəqil Azərbaycan dövlətçiliyinin inkişafındakı, ölkəmizin ərazi bütövlüyünün qorunub möhkəmləndirilməsindəki, region dövlətləri ilə əlaqələrinin genişləndirilməsindəki yeri, rolu və xidmətləri açılıb aydınlaşdırılmış, ümumiləşdirilərək ölkəmizdə gedən proseslərlə əlaqəli şəkildə obyektiv meyarlarla qiymətləndirilmişdir. Hesab edirəm ki, İsmayıl Hacıyev konkret bir tarixi dövrün inkişafını hərtərəfli şəkildə göstərmək üçün icmalçılıqdan qurtarıb, hadisələri, prosesləri və nəticələri elmi-nəzəri şəkildə əks etdirməyin özünəməxsus modelini yarada bilmişdir.

Çoxillik elmi axtarışları göstərir ki, Azərbaycan tarixində bir çox məsələlər, o cümlədən Moskva, Qars və Gümrü müqavilələrinin tarixi şəraiti, regional və beynəlxalq əhəmiyyəti, Araz-Türk Respublikasının yaranması, strukturu, tərkibi və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri və sair kimi məsələlər ilk dəfə Azərbaycan tarixşünaslığının elmi dövriyyəsinə akademik İsmayıl Hacıyev tərəfindən gətirilmişdir. Eyni zamanda, İsmayıl Hacıyev Naxçıvan diyarının XIX-XXI əsrləri əhatə edən iki yüz ildən çox bir tarixi dövrünün hadisələri və şəxsiyyətləri haqqında yüzlərlə arxiv sənədlərini və dövri mətbuat materiallarını da müasir tarixşünaslıq elminin gündəminə daxil etmişdir. Həmin sənədlər və materiallar ümumiyyətlə Azərbaycan tarixinin, region dövlətləri ilə əlaqələrin araşdırılıb öyrənilməsi üçün zəruri və əhəmiyyətlidir. Bu məqamda İsmayıl Hacıyev elmi-nəzəri araşdırmaları ilə yanaşı, praktik tarixçilik missiyasını da məsuliyyətlə və şərəflə yerinə yetirmişdir.

Akademik İsmayıl Hacıyev ölkəmizdə həm də peşəkar elm və ali təhsil təşkilatçısı kimi tanınır. O, uzun illər Naxçıvan Dövlət Universitetində fakültə dekanının müavini, dekan, tədris işləri üzrə prorektor (1997-2003) vəzifələrində çalışarkən yorulmaz və tələbkar ali təhsil təşkilatçısı olduğunu göstərmişdir. Eyni zamanda, Naxçıvan Dövlət Universiteti də İsmayıl Hacıyevin elmi inkişafında əsl məktəb funksiyasını yerinə yetirmişdir. İsmayıl Hacıyev Naxçıvan Dövlət Universitetində çalışdığı dövrdə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı” mövzusunda namizədlik (1992), “Naxçıvan Muxtar Respublikası Azərbaycan milli dövlətçilik tarixində” mövzusunda doktorluq (1999) dissertasiyası müdafiə etmişdir. Azərbaycan elminin tarixində Naxçıvan Dövlət Universitetinin elmi və tədris işləri üzrə prorektorları İsmayıl Hacıyev (tarix üzrə) və Zöhrab Vəliyev (fizika üzrə) Naxçıvan Dövlət Universitetində yaradılmış ixtisaslaşdırılmış dissertasiya şurasında Ali Attestasiya Komissiyasının sədri, dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin və AAK-ın kollegiya üzvlərinin tam tərkibdə iştirakı, ölkə üzrə ən tanınmış mütəxəssislərin rəyləri və səsverməsi ilə doktorluq dissertasiyası müdafiə etmiş və elə həmin gün də işləri kollegiyanın səyyar iclasında müzakirə olunaraq, elmlər doktoru diplomuna layiq görülmüş yeganə elm adamlarıdırlar.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri kimi də akademik İsmayıl Hacıyev elmi-təşkilati iş sahəsində yorulmadan çalışmaqdadır. Azərbaycan dövlətinin göstərdiyi böyük qayğıdan regionda ölkə meyarları səviyyəsində elmin inkişaf etdirilməsi üçün səmərəli şəkildə istifadə etməklə o, bir çox mühüm elmi layihələrin həyata keçirilməsini təşkil etmiş, Naxçıvanda yeni elmi nəsillərin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. AMEA Naxçıvan Bölməsinin çap etdirdiyi 3 cildlik “Naxçıvan tarixi”, “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan coğrafiyası”, “Naxçıvan etnoqrafiyası”, habelə, “Naxçıvanın tarixi atlası” albomu, “Naxçıvan Muxtar Respublikasının dövlət qoruqları və yasaqlıqları” kimi sanballı nəşrlər Naxçıvan diyarının elmi pasportu olmaqla bərabər, geniş mənada, Azərbaycan elminə xidmətin əməli nümunəsidir.

Dövlət qayğısı nəticəsində AMEA Naxçıvan Bölməsində illərdən bəri təşkil edilmiş beynəlxalq elmi konfranslar, beynəlxalq elmi ekspedisiyalar, yaradılmış elmi-tədqiqat institutları, laboratoriyalar, muzeylər qədim elm və ictimai fikir mərkəzlərindən biri olmuş Naxçıvanda yenidən müasir tipli elmi mərkəzlərin və məktəblərin formalaşdırılmasına şərait yaradır. Akademik elmi təşkilatın rəhbəri kimi İsmayıl Hacıyevin səyləri ilə yaradılmış AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya Muzeyi Azərbaycan tarixini yaşadıb təbliğ edən mühüm mərkəzlərdən biri kimi tanınır. Son vaxtlarda yenidən qurulmuş və müasir texnologiya ilə təchiz edilmiş Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatı regionda elmi tədqiqatların mühüm nəticələri olan tədqiqiat əsərlərini yüksək poliqrafik səviyyədə geniş ictimaiyyətə çatdırmağa imkan yaradır.

Ümumiyyətlə, Naxçıvan Bölməsinin sədri kimi akademik İsmayıl Hacıyevin təşkilatçılıq bacarığı, elmi səriştəsi və məsuliyyəti bu elmi təşkilatda əldə olunan nailiyyətlərin meydana çıxmasında mühüm faktorlardan biri kimi çıxış edir. Bu gün AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin paytaxtındakı akademik elmi qurumlarla tədqiqat işləri sahəsində sağlam rəqabət apara bilən elmi mərkəzlərdən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqdisati və elmi-mədəni inkişafına da AMEA-nın Naxçıvan Bölməsi öz töhfələrini verməkdə davam edir.

Bütün bunlara görədir ki, akademik İsmayıl Hacıyev müstəqillik dövrü Azərbaycan elminin fəal təşkilatçılarından biri və tarixşünaslığın ön sıralarında təmsil olunan görkəmli alim kimi qəbul olunur. Onun əsərləri yaxın və uzaq xarici ölkələrdə də çap edilir və tarixşünaslıqda istinad edilən mənbələr kimi ciddi maraq doğurur. Akademik İsmayıl Hacıyev Azərbaycan elmini ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yüksək səviyyədə təmsil edir. Onun xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda etdiyi dərinməzmunlu elmi məruzələr ölkəmizdən kənarda Azərbaycan elminin nüfuzunun artmasına xidmət edir.

Ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında da akademik İsmayıl Hacıyev yaxından və fəal iştirak edir. O, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Ali Məclisinin deputatı kimi səmərəli iş aparmış, respublikamızda müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının həyata keçirilməsinə ziyalı borcunu yerinə yetirmək üçün əzmlə çalışmışdır. Ölkəmizin elmi və mədəni mühitində də akademik İsmayıl Hacıyevin özünəməxsus yeri var. O, Respublika Dövlət Mükafatları Komissiyasının və Milli Ensiklopediya Redaksiya Şurasının üzvü kimi də üzərində düşən vəzifələri məsuliyyətlə yerinə yetirir. Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanmaqda olan çoxcildlik “Müstəqillik dövrü Azərbaycan tarixi” kitabının əsas müəlliflərindən biri olaraq, ölkə miqyaslı elmi layihənin həyata keçirilməsi üçün də səy və bacarığını əsirgəmir.

Akademik İsmayıl Hacıyev yeni elmi nəslin hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə indiyədək 9 nəfər elmlər doktoru, 24 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək müvafiq elmi dərəcə almışdır. Akademik İsmayıl Hacıyev Bakıda və Naxçıvanda dissertasiya müdafiə etmiş onlarla elmlər doktorları və fəlsəfə doktorlarının rəsmi opponenti olmuş, çoxsaylı monoqrafiyalara və dissertasiyalara rəy vermişdir. Görkəmli elm xadiminin sədrliyi ilə AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən tarixşünaslıq və arxeologiya üzrə Dissertasiya Şurası da ölkəmizdə yeni nəsil tarixçi tədqiqatçıların formalaşdırılmasına öz töhfələrini verir. Davamçıları və yetirmələri akademik İsmayıl Hacıyevə həm görkəmli alim, həm də xeyirxah və alicənab insan kimi dərin ehtiram bəsləyirlər. İsmayıl Hacıyevin şəxsiyyəti ilə elmi xidmətləri bir-birini üzvi surətdə tamamlayır.

Müstəqil Azərbaycan dövləti tərəfindən görkəmli alim və ictimai xadim İsmayıl Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə akademik İsmayıl Hacıyev 2009-cu ildə Əməkdar elm xadimi fəxri adına və 2021-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. O, eyni zamanda “Heydər Əliyevin 100 illiyi”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. İsmayıl Hacıyevin təltifləri sırasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanları və AMEA-nın döş nişanı da vardır. O, Respublika “Bilik” Cəmiyyətinin Yusif Məmmədəliyev medalını da almışdır. Bundan başqa, akademik İsmayıl Hacıyev Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun, Hüseyn Qazı Vəqfinin diplomları, Amerika Bioqrafiya İnstitutunun l medalı ilə də mükafatlandırılmışdır.

Azərbaycan elminə bundan sonra da geniş miqyasda və professional səviyyədə xidmət etmək missiyasını şərəflə və məsuliyyətlə həyata keçirmək yollarında görkəmli alim və tanınmış ictimai xadim akademik İsmayıl Hacıyevə daha böyük uğurlar arzulayırıq.

75 yaşın mübarək! Təbrik edirik!

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Sosial həyat