Dini konfessiyaların Xocalı bəyanatı

post-img

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri  -  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir.
“Biz uzun illər ərzində bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənlərin mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırmışıq. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması, Xocalı cinayətkarlarının layiqli cəza almaları Azərbaycan xalqının haqlı tələbidir. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ümumbəşəri ədalətin təntənəsidir və beynəlxalq ictimaiyyət bu prosesə dəstək nümayiş etdirməlidir.
Xocalı faciəsinin 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu gün Xocalı şəhəri yenidən inşa olunur, mənəvi abidələrimiz yenidən qurulur, Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar. Lakin Xatın, Gernika, Sonqmi və buna bənzər insanlıq faciələrinin günahsız qurbanları kimi Xocalı qurbanlarının da ah-naləsi qəlblərimizdən silinmir, günahsız uşaq, qadın, qocaların qırılmış taleləri unudulmur. Dünya bir daha belə faciələri yaşamasın deyə bu faciələr unudulmamalı, beynəlxalq səviyyədə qınanılmalı və günahkarlar layiqli şəkildə cəzalandırılmalıdırlar.
Azərbaycan və Ermənistan rəhbərliklərinin sülh istiqamətində real addımlar atdıqları bir zamanda dünya ictimaiyyəti Ermənistanın bəzi siyasi və dini dairələrinin erməni xalqını yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına göz yummamalıdır.
Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edirlər. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə dəvət edirik.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”, – deyə bəyanatda bildirilir. 

XQ

Sosial həyat