Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi ölkəmizin iqtisadi qüdrətini göstərir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin sözləri ilə desək, “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir”.

Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də bütünlüklə həyat mənbəyi hesab edirdi. Ümummilli liderin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.Yaxın keçmişimizi xatırlasaq, təsdiq edərik ki, bu gün üzərində rahatlıqla, xoş əhval-ruhiyyə ilə səfər etdiyimiz rahat yollar o vaxt heç də ürəkaçan deyildi. Kəndlərdən şəhərə gəlmək üçün çox əziyyətli bir yol qət etməli olurduq.

Son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə də bölgələrdə kənd və qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə müasir yollar çəkilir. Yolların inkişafı bir tərəfdən iqtisadiyyatımıza səmərə gətirir, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir, digər tərəfdən də, vətəndaşlarımızın, o cümlədən Azərbaycana gələn qonaqların, turistlərin rahatlığını təmin edir.

Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.

Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.

Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. 

Bu gün yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosialyönümlü tədbirlərin icrasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi uğurla yerinə yetirir. Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yol infrastrukturu sahəsində mühüm irəliləyişlər əldə edilib. Dövlət başçısının rəhbərliyi dövründə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar və həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan MDB ölkələri arasında yol infrastrukturunun keyfiyyəti reytinqində 1-ci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.

Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin görkəmini başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hara yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, həyat sözün əsl mənasında canlanır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də həyatın başlanğıcıdır.                                               

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizm potensialının artırılması, daxili yol şəbəkəsinin şaxələndirilməsi və strateji ərazilər arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədilə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu inşa olunub. Mövcud Zəfər yoluna alternativ olaraq tikilən bu avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsinin tərkibinə daxil olmaqla xüsusi strateji əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, bu günlərdə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli statusu alıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yol mövcud olduqda, vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli yol istifadəyə verilə bilər. Bu istiqamətdə Zəfər Yolu ödənişsiz alternativ yol hesab olunur. Yeni yol alternativ marşrutla müqayisədə 19,7 kilometr daha qısadır və burada icazə verilən sürət həddi daha yüksəkdir. Bu isə sürücülərə həm vaxta, həm də yanacaq sərfiyyatına qənaət etmək imkanı yaradır. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd magistral avtomobil yolundan başlayaraq Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Tarif (qiymət) Şurasına müraciəti əsasında yeni yaradılmış avtomobil yolunun 81,3 kilometrlik hissəsi üzrə gediş tarifləri müəyyən edilib. Müəyyən edilmiş tariflərə əsasən, 1 kilometr üçün ödəniş məbləğləri ƏDV daxil olmaqla minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üçün 8,6 qəpik (bütün marşrut üzrə 6 manat 99 qəpik), kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri və digər maşın-mexanizmlər üçün 10,6 qəpik (bütün marşrut üzrə təxminən 8 manat 62 qəpik); avtobuslar üçün-7,1 qəpik (bütün marşrut üzrə 5 manat 77 qəpik), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün – 17,7 qəpik (bütün marşrut üzrə 14 manat 39 qəpik). Bundan əlavə, motosikletlər üçün 1 kilometr üzrə gediş haqqı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda isə 5 qəpik olaraq müəyyənləşdirilib. Qeyd edək ki, yeni tariflərə dair qərar 2 iyun 2026-cı il tarixindən qüvvəyə minib.

Nəqliyyat üzrə ekspert Aqil Əsədov mövzu ilə bağlı XQ-yə bildirdi ki, Əhmədbəyli-Şuşa yolunun müəyyən bir kilometrajı var ki, orada artıq yol hərəkəti iştirakçıları üçün hər hansı bir ödənişin edilməsi və gələcəkdə həmin pulların müəyyən məsələlərə bir təkan olacağı proqnozlaşdırılıb və hesaba alınıb. Onun üçün də bu kimi amillərdən yararlanmaq, necə deyərlər, yaxşı bir nəticə varsa, niyə də bəhrələnməyək?! Digər bir məsələ isə nəqliyyat vasitələrinin bu və digər rentabelliyinə şəraitin yaradılmasını və onların alqoritminin təyin edilməsinə dəlalət edə bilər. Bu nə deməkdir? Yəni, nəqliyyat vasitələri ümumi hərəkətdə olarkən həmin yolun perspektivi və yaxud müddəti,  digər yollardan daha fərqli xüsusiyyətlərə malik olması, onun cəlbedici və yaxud müəyyən bir məbləğdən keçməsinə dəlalət edir. Düşünürəm ki, ümumi yolun uzunluğuna görə təxminən 3 manat, 6-7 manat civarında olan bir məbləğdir. Bu hal-hazırkı dövrdə sırf turistik baxımdan böyük bir məbləğ deyil. Düşünürəm ki, bu, bir neçə litr yanacağın –5 litr dizel, 5 litr 92 növ benzinin və yaxud 3 litr super benzinin  sərfiyyatına bərabər olacaq. 

Müşfiq MİRZƏ
XQ



Sosial həyat