Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda X Respublika Elmi-Praktik Konfrans keçirilib. İdarəetmədə yeni istiqamətlərin formalaşdırılması və mövcud tədqiqatların müzakirəsi baxımından dəyərləndirilən elmi platforma ölkənin müxtəlif ali təhsil müəssisələrindən, elmi-tədqiqat mərkəzlərindən və dövlət qurumlarından geniş iştirakçı auditoriyasını bir araya gətirməklə, aktual problemlərin müzakirəsinə təkan verib.
Konfransın plenar iclasını universitetin rektoru İlham Mədətov açıb. O, müasir dünyada idarəetmə proseslərinə tələblər, sosial-iqtisadi reallıqlar və yeni çağırışlar fonunda rəqəmsallaşma istiqamətində elmi yanaşmanın əhəmiyyətindən bəhs edib. Effektiv idarəetməni ənənəvi idarəçilik mexanizmləri deyil, innovativ düşüncə tərzi, çevik qərarvermə prosesləri və texnoloji yeniliklərin idarəetməyə inteqrasiyası kimi dəyərləndirib. Rektor ATMU-da elmi tədqiqatların prioritet istiqamətlərdən biri, adçəkilən konfransın isə bu baxımdan mühüm elmi diskussiya meydanı olduğunu deyib.
Plenar iclas çərçivəsində universitetin Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirli “Müasir Azərbaycanda turizmin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi tərəfindən ölkənin turizm sektorunun mövcud inkişaf tendensiyaları, yeni iqtisadi və sosial çağırışlar, həmçinin rəqabətqabiliyyətli turizm mühiti formalaşdırmaq üçün strateji hədəflər elmi mülahizələr əsasında təhlil olunub.
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Sosial bərabərlik ideyasının anti-humanist mahiyyəti” adlı məruzəsində sosial bərabərlik konsepsiyasının tarixi-fəlsəfi kökləri,onun müasir cəmiyyətlərdə təzahür formaları və sosial münasibətlər sisteminə təsirindən danışıb.
“Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda keçirilən konfrans plenar iclasdan sonra öz işini tematik bölmələrdə davam etdirib. Tədbirdə təhsil və mədəniyyət sahələrində idarəetmə və hüquqi məsələlər, beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlərin rolu, sosial və xidmət sahələrinin idarə edilməsi, turizmdə qidalanma və mütəxəssis hazırlığı, eləcə də dil problemləri kimi aktual mövzular ətrafında elmi müzakirələr aparılıb. Bölmə iclaslarına 100-dən artıq məruzə təqdim olunub, müasir idarəetmə model və yanaşmalarına, eləcə də sosial-iqtisadi proseslərin təkmilləşdirilməsinə dair praktiki əhəmiyyətli təkliflər irəli sürülüb.
Z.HÜSEYNOVA
XQ



