Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türkiyə, Rusiya və Ukrayna üçtərəfli görüşündən danışıb: “Konstruktiv şəraitdə keçən danışıqlarda tərəflər ilk görüşdə razılaşdırılmış məsələlərin həllində bir addım irəlilədilər”.
Məlumatı “Anadolu” verib.
Nazir Fidan X sosial şəbəkəsində Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi ilə Türkiyənin İstanbulda keçirdiyi üçtərəfli görüşlə bağlı mesaj yayıb: “Tərəflər humanitar mübadilə çərçivəsində yeni kateqoriyalar və daha çox sayda mübadilələr barədə razılığa gəliblər”.
Türkiyənin xarici işlər naziri əlavə edib ki, tərəflər atəşkəs və sülhə dair fikirlərini əks etdirən memorandumlar mübadiləsi aparıb və yaxın günlərdə bu mətnlər üzərində texniki səviyyədə işə başlamağı məqsədəuyğun hesab edib.
Ukrayna və Rusiya nümayəndə heyətləri görüşə hazırlığı liderlər səviyyəsində davam etdirmək barədə razılığa gəliblər: “Liderlərimizin ümumi iradəsinə uyğun olaraq formalaşan danışıqlarda tərəflərin müharibənin verdiyi itkilərə son qoymaq üçün nümayiş etdirdikləri nəticəyönümlü yanaşma ümidvericidir. Bu tarixi prosesdə Türkiyəyə göstərdikləri etimada görə hər iki ölkəyə təşəkkür etmək istərdim”.
P.ƏMİRCANOV
XQ