Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Böyük Britaniyanın müdafiə naziri Con Healey İstanbulda Türkiyənin “Eurofighter Typhoon” çoxməqsədli qırıcısının potensial istifadəçisi kimi tanınması ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, imzalanma mərasimi İstanbul Sərgi Mərkəzində keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində baş tutub. Məlumatı “Anadolu” verib.
Rəsmi açıqlamada tərəflərin Türkiyə-Britaniya tərəfdaşlığının möhkəmliyini bir daha təsdiqlədiklərini, müdafiə və təhlükəsizlik sahəsində, o cümlədən NATO çərçivəsində uzunmüddətli əməkdaşlığın vacibliyini vurğuladığı və alyansın kollektiv çəkindirmə gücünü gücləndirmək üçün strateji əlaqələrin dərinləşdirilməsi ilə bağlı istəklərini ifadə etdikləri qeyd edilib.
Sənəddə vurğulanır ki, “Türkiyənin Eurofighter Typhoon istifadəçiləri dairəsinə daxil edilməsi Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addım olacaq və iki ölkə arasında çoxillik müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək”. Həmçinin qeyd edilir ki, bu tədbir qabaqcıl texnologiyaların mübadiləsi yolu ilə müdafiə sənayesinin imkanlarının birgə inkişafı və qarşılıqlı dəstək üzrə ikitərəfli əməkdaşlıqda yeni mərhələnin başlanğıcını göstərir.
“Bu gün imzalanan memorandum ikitərəfli niyyətləri rəsmiləşdirir və tərəfləri “Tayfun”la bağlı hərtərəfli razılaşmaya yaxınlaşdırır. Hər iki tərəf bunu Türkiyənin “Eurofighter” istifadəçiləri cəmiyyətinə qoşulması istiqamətində müsbət addım kimi qiymətləndirir və bütün lazımi prosedurları mümkün qədər tez başa çatdırmağa sadiqdir", - Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
P.ƏMİRCANOV
XQ