Brüsseldə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sədrliyi ilə Qazaxıstan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 22-ci iclası keçirilib.
Məlumatı “Anadolu” verib.
Qazaxıstan XİN mətbuat xidmətinin məlumatına görə, tədbir Qazaxıstanla Avropa İttifaqı və ona üzv dövlətlər arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (EPCA) imzalanmasının 10-cu ildönümü ərəfəsində keçirilir. Tərəflər Astana ilə Brüssel arasında on illik strateji tərəfdaşlığa nəzər salıb və onun gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar bir daha təsdiq ediblər ki, iqtisadi əlaqələr əməkdaşlığın əsas sütunu olaraq qalır və Aİ Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşı statusunu qoruyub saxlayır.
2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 50 milyard dollara yaxın, Avropa investisiyalarının ümumi axını isə 200 milyard dollara çatıb. Ölkədə Avropanın iştirakı ilə 4000-dən çox şirkət fəaliyyət göstərir. Qazaxıstan tərəfi yerli kənd təsərrüfatı məhsullarının Aİ bazarına çıxışının genişləndirilməsinin vacibliyini vurğulayaraq, ticarəti daha da şaxələndirməyə hazır olduğunu bildirib.
P.ƏMİRCANOV
XQ

