Macarıstanın Baş naziri Viktor Orban mətbuat konfransı ərəfəsində “Facebook” səhifəsində açıqlama ilə çıxış edərək siyasi mövsümü açıq elan edib və jurnalistlərin suallarını şəxsən cavablandıracağına söz verib. O, qarşıdakı görüşü beynəlxalq mətbuat nümayəndələri ilə “dostcasına söhbət” adlandırıb və müzakirə üçün mövzuların kifayət qədər çox olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Orbanın sözlərinə görə, ilin ilk günləri liberal dünya nizamının dağılma mərhələsində olduğunu bir daha xatırladıb.
Siyasətçi Donald Trampın ABŞ Prezidenti seçilməsini özü üçün “əsas xəbər” adlandırıb, yeni dünya nizamının hələ formalaşma mərhələsində olduğunu və daha qeyri-sabit, proqnozlaşdırılması çətin və təhlükəli olacağını vurğulayıb. Baş nazirin qeyd etdiyinə görə, belə bir şəraitdə aprel ayında keçiriləcək seçkilərdə macar xalqını mühüm seçim gözləyir.
Orban “Brüssel dalanına aparan yolu” tənqid edib və buna qarşı olaraq sülh və təhlükəsizlik kursunu irəli sürüb. O, hökumətin ölkəni müharibəyə cəlb etmək, iqtisadiyyatı dağıtmaq və macar gənclərini cəbhəyə göndərmək niyyətində olmadığını xüsusi olaraq qeyd edib.
Baş nazir bildirib ki, Macarıstanı qarşıdakı tarixi dövrün qalibinə çevirməli olan aydın və konkret plan mövcuddur və vətəndaşları 2026-cı ildə keçiriləcək parlament seçkilərində bu kursu dəstəkləməyə çağırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

