“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək

post-img

Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Türkiyənin Kilis 7 Aralık Universiteti və İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə bu il mayın 7–9-da Türkiyənin Kilis şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək.

Bu barədə XQ-yə İlahiyyat İnstitutdan məlumat verilib.

Simpoziumda “Cəmiyyət” mövzusu çərçivəsində İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, onun vacibliyi və bu mədəniyyəti gücləndirən amillər, fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi və bu sahəyə töhfə verən nümunəvi şəxsiyyətlər, birgəyaşayış qarşısında duran maneələr, müsəlman təfəkküründə “cəmiyyət” anlayışı, qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü), incəsənətin ictimai şüurun formalaşmasına təsiri və İndoneziyada birgəyaşayışın əsas dinamikliyi müzakirə olunacaq.

“Təhsil” mövzusu çərçivəsində təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi, təhsil proqramlarının (məktəbəqədər, ibtidai, orta və ali təhsil dövrləri üzrə) birgəyaşayış mədəniyyətinin formalaşdırılmasındakı rolu, təhsildə şagird və müəllim fəallıqları, din təhsilinin və ali dini təhsilin birgəyaşayışa töhfəsi, məktəblərdə din təhsilinin bu prosesdəki rolu, müxtəlif elm sahələrində birgəyaşayış təcrübəsi və İndoneziyada din təhsilinin xüsusiyyətləri təhlil ediləcək.

“İslam” mövzusu çərçivəsində İslamın birləşdirici xüsusiyyətləri və məzhəblər, siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri, fiqh elminin (əhliyyət, məşvərət, əmanət, ədalət və s.) birgəyaşayışa təsiri, İslam tarixində birgəyaşayışa dair nümunələr, kəlam elminin dinin düzgün başa düşülməsində rolu (“qəzavü-qədər”, “Tanrı” və “kainat” anlayışları), xurafat, fanatizm və təkfirin birgəyaşayışa mənfi təsirləri, Quranda birgəyaşayışın əhəmiyyəti, hədis ədəbiyyatında bu mövzunun vurğulanması və İslam ədəbiyyatının (fundamental mətnlər, şairlər, ozanlar) cəmiyyətlərarası inteqrasiyaya təsiri müzakirə olunacaq.

Simpoziuma məqalələrin qəbulu aprelin 30-dək davam edəcək.

Elm