Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan milli komandası uğurlu çıxışla yadda qalıb. Yarışları 3 medalla başa vuran yığmamız bu nəticə ilə İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açdı.
Milli komandamızın üzvləri – Ramil Vəlizadə 200 metr kəpənək üsulu üzməkdə gümüş medal, Süleyman İsmayılzadə 1500 metr sərbəst üsula üzməkdə bürünc medal, qadınların estafet komandası 4×200 metr sərbəst üsula üzməkdə bürünc medal qazanıblar.
İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, üzgüçülük üzrə milli komandamız bütün medalları azərbaycanlı idmançılar hesabına qazanır. Bu nəticə milli komandanın inkişafında mühüm mərhələ və yeni nəsil üzgüçülərimizin beynəlxalq arenada yüksəlişinin göstəricisidir.
Bundan əlavə, komandamızın üzvləri tərəfindən bir neçə şəxsi və ölkə rekordları da yenilənib.
Qabil YUSİFOĞLU
XQ

