Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürən yolun ümumi uzunluğu 33,6 kilometrdir. Yolun ilk 11,7 kilometrlik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 kilometrlik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edən yolun hərəkət hissəsi 2 və 4 zolaqdan ibarətdir. Hər bir istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir.
Hazırda layihə çərçivəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. Yol yatağı və yol əsası hazır olan hissələr asfaltlanır. Artıq 3,6 kilometr hissədə 2 lay asfalt-beton örtük döşənilib.
Bundan əlavə, yol boyu 148 ədəd müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 4397 metr hissəsinin inşası isə artıq başa çatdırılıb
Hazırda həmin işlərlə yanaşı, 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1,6, 4,4, 7,2, 9,6 və 14-cü kilometrlik hissələrində inşa edilir. Bütövlükdə, layihə üzrə işlərin 72-i tamamlanıb.
Xatırladaq ki, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.