Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək şirkət bəlli olub

post-img

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə keçirilən beynəlxalq tenderin qalibi İtaliyanın “CESI S.p.A.” şirkəti olub.

Energetika Nazirliyindən AZƏRAC-a verilən məlumata görə, layihənin texniki-iqtisadi əsaslandırmasının birinci mərhələsini icra edəcək “CESI S.p.A.” şirkəti “Yaşıl Dəhliz Alyansı” MMC üçün məsləhətçi qismində fəaliyyət göstərəcək.

“CESI S.p.A.” energetika sektorunda texniki konsaltinq və mühəndislik sahəsində 70 ilə yaxın təcrübəyə malik qlobal şirkətdir. 1956-cı ildə təsis olunan və Milanda yerləşən şirkət dünyanın dörd qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir və enerji sistemlərinin araşdırılması, bərpaolunan enerji mənbələrinin inteqrasiyası, enerji aktivlərinin idarə edilməsi və enerji sistemləri arasında elektrik birləşmələrinin layihələndirilməsi üzrə ixtisaslaşıb. “CESI S.p.A.”-nın əsas müştəriləri arasında ən iri energetika şirkətləri, elektrik ötürmə sistemi operatorları və beynəlxalq maliyyə institutları yer alır. Şirkət “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin də texniki-iqtisadi əsaslandırmasını həyata keçirir.

Xatırladaq ki, ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. Sazişin icrası məqsədilə “Yaşıl Dəhliz Alyansı” MMC yaradılıb.

İqtisadiyyat