Azərbaycan Şimal–Cənub dəhlizinin də qovşaq ölkəsidir

post-img

ABŞ Prezidenti Donald Trampın “İran rüsumu” bu marşruta necə təsir göstərəcək?

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, əsasən, Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Bu marşrutun digər nəqliyyat yolları ilə müqayisədə əsas üstünlüyü tranzit məsafəsini və daşınma müddətini 2–3 dəfə azaltmasıdır.

Yüklərin dəniz yolu ilə Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq və Baltik dənizi vasitəsilə Finlandiyaya çatdırılması 45–60 gün çəkdiyi halda, Şimal–Cənub dəhlizi üzrə daşımalar 20–25 gün ərzində həyata keçirilir. Dəhlizin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci ildə imzalanıb və 2002-ci il mayın 21-dən qüvvəyə minib. Azərbaycanın həm Rusiya, həm də İranla quru sərhədinə malik olması Şimal–Cənub dəhlizini ölkə üçün böyük iqtisadi və geosiyasi əhəmiyyətə çevirib. Beləliklə, Azərbaycan 20 sentyabr 2005-ci il tarixli qanunla bu sazişə qoşulub.

Qeyd edək ki, 2024-cü ildə Şimal–Cənub dəhlizi vasitəsilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb, bu da əvvəlki illə müqayisədə 28 faizdən artıq artım deməkdir. Şimal–Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 kilometrdir. Bu layihə Azərbaycanın da əhəmiyyətli iqtisadi faydalar əldə etməsi üçün geniş imkanlar yaradır. Ölkə artıq uzun müddətdir ki, Şimal-Cənub dəhlizi çərçivəsində regional logistika qovşağına çevrilmək məqsədilə nəqliyyat və logistika infrastrukturuna iri həcmli investisiyalar yatırır. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə isə İran və Azərbaycan dəmir yolu sistemlərinin tam inteqrasiyası üçün hələ çatışmayan 167 kilometrlik Astara–Rəşt dəmir yolunun inşası həyata keçiriləcək.

Ekspertlərin fikrincə, Rəşt–Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiya İranın cənubundakı (Körfəzdəki) dəniz limanları ilə birbaşa nəqliyyat əlaqəsi quracaq və ticarət dövriyyəsi genişlənəcək. Hazırda Rusiya tərəfindən İrana göndərilən tranzit yüklər Xəzər dənizi ilə Ənzəli limanına daxil olur, burada yenidən qatara yüklənərək istiqamətindən asılı olaraq Çabahar və Bəndər-Abbas limanlarına daşınır. Bu limanlarda yüklər bir daha gəmilərə yüklənir və yola salınır.

Beləliklə, yük daşımaları bir neçə mərhələdə həyata keçirilir ki, bu da həm vaxt aparır, həm də nəqliyyat xərclərini artırır. Lakin Rəşt–Astara xətti aktiv olarsa, Rusiyadan yüklər birbaşa qatarla İranın cənub limanlarına çatdırılacaq və gəmilərlə yola salınacaq. Bu dəmir yolu həmçinin İran–Azərbaycan–Rusiya dəmir yollarını birləşdirəcək. Hazırda bu dəmir yolunun Qəzvin–Rəşt hissəsi aktivdir, Rəşt–Astara hissəsində isə tikinti işləri davam edir. Beynəlxalq sanksiyalar və İrandakı qeyri-sabit ictimai-siyasi vəziyyət yolun tam istifadəyə verilməsini ləngidir.

Son günlər Şimal–Cənub dəhlizi ilə bağlı müzakirələr yenidən aktuallıq qazanıb. Bu, əsasən ABŞ Prezidenti Donald Trampın açıqlamaları ilə bağlıdır. O bildirib ki, İranla ticarət aparan ölkələr ABŞ-la ticarətdə 25 faiz həcmində gömrük rüsumu ödəyəcəklər. Belə bir vəziyyətin Şimal–Cənub dəhlizinə müəyyən mənfi təsirləri ola bilər.

Digər tərəfdən, Azərbaycan İranla birbaşa ticarət əlaqələrinə malikdir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 568 milyon dolları ötüb. Bunun 558,7 milyon dolları idxalın, 9,4 milyon dolları ixracın payına düşüb

Bəs, bu qərar Azərbaycan üçün hər hansısa itki yarada bilərmi?

İqtisadçı Eldəniz Əmirov XQ-yə bildirib ki, Donald Trampın İranla əməkdaşlıq edən ölkələrə qarşı 25 faiz rüsum açıqlaması hələlik formal xarakter daşıyır:

– Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranla ticarət və iqtisadi əlaqə quran ölkələrin ABŞ ilə olan ticarətinə əlavə rüsum tətbiqi nəzərdə tutulur. Bu addım ABŞ-ın İrana iqtisadi təzyiqinin artıq yeni mərhələsidir. Amma hazırda ortada bu qərarı detallı izah edən rəsmi sənəd yoxdur. Hansı ölkələrə, hansı mallara və hansı şərtlərlə tətbiq olunacağı aydın deyil. Fikrin qətiliyi səslənsə də, qərarın hüquqi mexanizmi formalaşmayıb və rəsmi Vaşinqton icra qaydaları ilə bağlı konkret mövqe ortaya qoymayıb. Hətta ABŞ daxilində belə bu məsələ ətrafında narahatlıqlar var.

Ekspert əlavə edib ki, qərarın Azərbaycana birbaşa təsir edəcəyini söyləmək düz olmaz:

– Dünyanın demək olar bütün ölkələri bu və ya digər formada İranla ticarət əlaqələrinə malikdir. Hamıya eyni anda 25 faiz rüsum tətbiqi real mexanizm deyil və bu yanaşma ABŞ-ın özü üçün də ciddi iqtisadi risklər yarada bilər.

Şimal–Cənub Dəhlizi uzun illərdir ki, Qərb və ABŞ-ın diqqət mərkəzindədir. ABŞ-ın keçmiş prezidenti Co Bayden bu dəhlizə alternativ marşrutlar təklif etmişdi. Bu Yaxın Şərq və Avropa istiqamətindən keçən dəhliz layihələri idi. Bütün bunlar göstərir ki, Şimal–Cənub Dəhlizi Qərbin strateji hədəfidir. Nə qədər ki, İrana və Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmayıb və bu ölkələrin Qərblə münasibətləri tam normallaşmayıb, dəhlizin tam uğurla işləyəcəyini gözləmək çətin olacaq.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat