Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri zamanı dövlətimizin başçısının Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Dövlət başçıları arasında keçirilən bu görüş regional və qlobal proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqaz, Yaxın Şərq və Avrasiya məkanında baş verən transformasiyalar şəraitində Azərbaycan – BƏƏ əməkdaşlığı sabitlik və qarşılıqlı maraqlara əsaslanan uğurlu tərəfdaşlıq modeli kimi çıxış edir.
Münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan – BƏƏ əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsi uzunmüddətli və məqsədyönlü diplomatik fəaliyyətin nəticəsidir. Son illərdə tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində münasibətlər ardıcıl şəkildə inkişaf etdirilərək yüksək səviyyəyə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alğı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Eyni zamanda, hər iki ölkənin müdafiə nazirlikləri arasında müdafiə əməkdaşlığına dair niyyət məktubu da imzalanıb. Bu sənədlər enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.
Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə keçirilmiş görüşdür. Görüşün neytral və eyni zamanda, nüfuzlu məkanda reallaşması Azərbaycanın dialoq prosesinə və sülh quruculuğuna verdiyi önəmin göstəricisi olmaqla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Ermənistanla keçirilən görüşlərin artıq yalnız siyasi normallaşma çərçivəsindən çıxaraq iqtisadi münasibətlərin formalaşdırılması mərhələsinə keçməsi regional əməkdaşlıq üçün yeni perspektivlər açır.
Azərbaycanın ikitərəfli ticarətə dair əldə olunmuş razılaşmalar çərçivəsində Ermənistana neft məhsulları ixrac etməsi, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların daşınmasında ölkə ərazisindən tranzit kimi istifadə edilməsinə şərait yaratması əməkdaşlığın növbəti mərhələsi üçün mühüm siyasi və iqtisadi zəmin formalaşdırır. Tərəflərin iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəlməsi isə sülhün möhkəmləndirilməsi yolu ilə iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
İqtisadi əməkdaşlıq Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, əlavə gəlir mənbələrinin formalaşmasına da töhfə verəcək. Enerji məhsullarının ixracı postmünaqişə dövründə iqtisadi təsir aləti kimi ön plana çıxır ki, bu da Azərbaycanın regional və beynəlxalq bazarlara çıxış strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, siyasi sabitliyin təmin olunması regionun investisiya cəlbediciliyini artırır və Azərbaycanın iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirir.
Səfərin diqqətçəkən məqamlarından biri də Şeyx Zayed Fondunun təsis etdiyi və qlobal miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Prezidentinə təqdim olunmasıdır. Mükafatın Qafqazda davam edən münaqişəyə son qoyulması istiqamətində göstərilən səylərə, dialoq və birgəyaşayış mədəniyyətinin təşviqinə görə verilməsi respublikamızın regional sülh prosesindəki rolunu bir daha təsdiqləyir. Mükafat komitəsi Prezident İlham Əliyevin regional və qlobal sülhün təmin olunmasına verdiyi töhfəni xüsusi vurğulayır. Keçmiş laureatlar sırasında Roma Papası və BMT-nin Baş katibi kimi nüfuzlu şəxslərin yer alması Prezident İlham Əliyevin beynəlxalq sülh və əməkdaşlıq müstəvisindəki nüfuzlu mövqeyini ön plana çıxarır.
Ümumilikdə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri Azərbaycan – BƏƏ münasibətlərinin yeni, strateji mərhələyə yüksəlməsindən xəbər verir. Səfər siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə, həmçinin ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə güclü zəmin yaradıb.
Vilayət İSMAYILOV,
iqtisad elmləri doktoru, professor

