Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın 2023-cü il sentyabrın 11-19-da Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq gənclərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan–Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını vurğulayan Tahir Budaqov qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait və etibarlı zəmin mövcuddur. Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin liderləri – Prezident, partiyamızın Sədri İlham Əliyev ilə ÇXR-in və Çin Kommunist Partiyasının Sədri Si Cinpinin siyasi iradələri sayəsində dinamik inkişafa malik olduğunu diqqətə çatdıran YAP Sədrinin müavini ölkələrimizin ikitərəfli və beynəlxalq platformalar çərçivəsində münasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını vurğulayıb.
Tahir Budaqov YAP nümayəndə heyətinin ÇXR-ə səfər proqramının zəngin olduğunu diqqətə çatdırıb. O, səfərin iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın, davamlı ünsiyyətin təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması və işbirliyinə dair yol xəritəsinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin müavini nümayəndə heyətinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
XQ

