Son günlər Ermənistan bölgədə təxribatları davam etdirir, işğaldan azad olunmuş ərazilərimizi atəşə tutur, sülh müqaviləsinin imzalanmasını bilərəkdən ləngidir. Həqiqətən, diqqət çəkən məqamlardan biri də budur ki, bu təxribatlar, əsasən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə həyata keçirilir. O zaman belə qənaətə gəlmək olar ki, separatçıların törətdikləri təxribatların arxasında, eyni zamanda, sülhməramlıların da əli var. Bu və ya digər məsələlərlə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət etdik.
Komitə sədri təəssüf hissi ilə bildirdi ki, istər Ermənistanla olan şərti sərhədlərimizdə, istərsə də Qarabağda təxribatlar davam edir. Sülhməramlı qüvvələrin məsuliyyət zonasında daha çox baş verən təxribatların qarşısının alınmaması bizi təəccübləndirməklə yanaşı, həm də hiddətləndirir. Separatçıların törətdikləri təxribatların qarşısı nəinki alınmır, əksinə, miqyası getdikcə genişlənir. Görünən budur ki, ermənilər yenidən “dəmir yumruğ”un dadını hissi etməyənə qədər təxribatlarını davam etdirəcəklər.
Z.Əsgərov dedi ki, 2020-ci il 10 noyabr tarixli Bəyanatın maddələri kobud şəkildə pozulur. Həmin bəyanatın 4-cü bəndində qeyd edilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Buna baxmayaraq, 3 ilə yaxındır ki, qanunsuz silahlı birləşmələr hələ də Qarabağdan çıxarılmayıb. Əksinə, onların sayı daha da artırılıb. Təəccüblüdür ki, sülhməramlı qüvvələr həmin əraziyə yerləşdirildikdən sonra qanunsuz silahlı birləşmələrin sayı da artırılıb. Bizdə olan məlumata görə, hazırda həmin ərazidə 10 minə yaxın qanunsuz silahlı birləşmələr, terrorçular və quldurlar yerləşdirilib.
Ermənilər və onların havadarları iddia edirlər ki, ərzaq yalnız Laçın–Xankəndi yolundan aparılmalıdır. Həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də parlamentin sədri Alen Simonyan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdıqlarını bəyan ediblər. Parlamentin sədri bu bəyanatı bir neçə gün əvvəl də səsləndirib. Bir halda ki, siz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyırısınızsa, həmin ərazilərə özbaşına necə girə bilərsiniz? Deməli, bu ərzaq məsələsi yox, siyasi oyunbazlıqdır. Bəs 10 min qanunsuz silahlı birləşmə nə yeyib-içir? Onları kim qidalandırır? Halbuki, üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunub ki, qanunsuz silahlı birləşmələr Qarabağdan çıxarılsın. Deməli, əsas məqsədləri bölgədə gərginlik yaratmaq, təxribatlar aparmaq, atəşkəsi pozmaqdır.
Komitə sədri bu məsələrdə beynəlxalq təşkilatların və özünü demokratiyanın, haqq-ədalətin carçısı kimi tanıdan bəzi dövlətlərin, xüsusilə, Fransanın ermənipərəst mövqeyini, ikili yanaşmasını da tənqid etdi: “Fransa Paris və Strasburq merlərinin müşayiəti ilə Xankəndiyə “humanitar yüklə” dolu avtomobillər göndərməklə Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, təxribata əl atıb. Paris meri Ann İdalqonun humanitar yardım karvanının qarşısında durub şəkil çəkdirməsi ilə özünü gülünc vəziyyətə salıb.
Bu, Ermənistanın terrorçu dövlət kimi müdafiəsindən başqa bir şey deyil. Halbuki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılması barədə qəbul etdiyi dörd qətnaməyə Fransa da səs verib. İndi isə Qarabağa humanitar yardım gətirirlər. Təbii ki, bütün bunlar siyasi hoqqabazlıqdır. Fransalı merlər qarşıdan gələn seçkilərdə səs toplamaq üçün erməni lobbisini bu yolla ələ almaq istəyir. Əslində, bu yollarla erməni lobbisinin əlində alətə çevrilirlər. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Azərbaycan Xankəndidə yaşayan erməni əsilli sakinləri ərzaqla təmin etmək gücündədir”.
XQ

