Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub.
Ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.
Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.
Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, heykəltaraşlıq fakültəsinə dəvət edib.
Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Zeynəb Babayevanı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib.
Sonda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.
XQ