İyunun 21-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
Parlamentin sədri Sahibə Qafarova iclasda 16 məsələnin müzakirə ediləcəyini, gündəliyin ilk 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihələri ayrı-ayrılıqda müzakirə olunduqdan sonra üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri gündəliyin növbəti 2 məsələsinin bir oxunuşda qəbul ediləcək qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu məsələ barədə məlumat verib. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı nəzərə çatdırıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
S.Qafarova gündəliyin digər 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. O, növbəti məsələnin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş) olduğunu bildirib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini təqdim edib.
Komitə sədri bildirib ki, Konstitusiya Qanunu layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Layihəyə əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə ölkə Prezidenti tərəfindən buraxılması qeyd olunur.
Diqqətə çatdırılıb ki, sənəddə nəzərdə tutulan dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır. Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək. Layihədə, habelə Azərbaycan Prezidentinin və ya Milli Məclisin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Ali Məclisin deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək. Habelə Ali Məclisin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.
Qeyd edilib ki, digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi ilə bağlıdır. Həmçinin layihəyə əsasən, Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Sənədə əsasən, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının qərar deyil, sərəncam adlandırılması təklif olunur. Habelə Muxtar Respublikanın Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək. Layihədə, həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.
Məsələ ilə bağlı müzakirələrdə deputatlar öz fikir və qeydlərini açıqlayıblar. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa müvafiq dəyişikliyin edilməsi təklif olunur. Burada məqsəd Naxçıvan Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
“Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Komitə sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
"Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin 13-cü məsələsini - Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
O bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan layihədə bir çox qanunlarda və məcəllələrdə dəyişikliklər nəzərdə tutulub.
VI çağırış Milli Məclisin fəaliyyəti dövründə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanun qəbul edildiyini deyən komitə sədri bu qanunla süni torpaq sahələrinə xüsusi status verildiyini, bu sahədə həm hüquqi bazanın gücləndirildiyini, həm də hüquqi boşluqların aradan qaldırıldığını bildirib. Qanunun qəbulundan sonra yaradılan süni torpaq sahələrində və ona bitişik sahilboyu zolaqda, yeni infrastruktur layihələrinin icra olunduğu deyən komitə sədri süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunun qəbulunun bütövlükdə ölkəmiz üçün pozitiv nəticələrini və iqtisadi səmərəliliyini vurğulayıb.
Əli Hüseynli diqqətə çatdırıb ki, təqdim olunmuş qanun layihəsində “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna yeni 3-1-ci fəslin (“Süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti” adlı) əlavə olunması təklif edilib. Bu qanunun məqsədi konseptual baxımdan başlıca olaraq süni torpaq sahələrində sahibkarlığın və investisiya fəaliyyətinin həyata keçirilməsinin təşviq olunmasıdır.
Layihənin 8-1-ci maddəsi süni torpaq sahələrində bütövlükdə sahibkarlığın inkişafına şərait yaradılmasını ehtiva edir, 8-2-ci maddəsində isə kazino oyunlarının yalnız süni torpaq sahələrində, qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşkil edilməsinə icazə verilir. Komitə sədri vurğulayıb ki, qanun layihəsi mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir. Bu qeyd olunan məsələlərin tənzimlənməsi məqsədilə layihədə digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər təklif edilir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə çıxış edib. O bildirib ki, təqdim edilən layihəyə görə, süni torpaq sahələrində qanunla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. Qeyd olunub ki, süni torpaq sahəsi dedikdə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan torpaq sahəsi başa düşülür. Bu sahədə isə ən perspektivli fəaliyyət istiqaməti məhz premium və elit turizmin inkişaf etdirilməsi ilə bağlıdır. Ölkəmizdə premium seqmentli turizmin inkişafı və müvafiq infrastrukturun qurulması üzrə təşəbbüslər və perspektivlər var. Turizmin bu seqmenti yüksək keyfiyyət standartları, müasir infrastruktur, komfort istirahət şəraiti ilə yanaşı, əyləncə xarakterli tamamlayıcı elementlərin olmasını da tələb edir. Təqdim edilən layihə süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinə hərtərəfli şərait yaratmaqla yanaşı, premium turizmin bir komponenti olaraq “oyun turizmi”nin təşkili üçün də hüquqi əsaslar yaradır. Belə bir hüquqi bazanın yaradılması təşəbbüsü heç də ölkə ərazisində “oyun biznesi”nin təşviqi və ya təbliği anlamına gəlmir. Komitə sədri vurğulayıb ki, layihədə 9 normativ-hüquqi akta edilən dəyişikliklərin heç biri bu cür oyunların keçirilməsini təşviq etmir. Əksinə, xüsusi reqlamentləşmə və məhdudiyyətlərin tətbiqi gözlənilir. Bir çox ölkələrdə “oyun biznesi” üçün liberal iqtisadi və hüquqi rejim formalaşdırıldığı halda, layihəyə görə ölkəmizdə bu sahə üzrə ciddi nəzarət və tənzimləmə nəzərdə tutulur. Eyni zamanda, 21 yaşadək şəxslərin uduşlu oyunlara buraxılmasına yol verilmir. Bütün bunlar onu göstərir ki, layihədə bu məsələyə liberal deyil, mühafizəkar yanaşma var. Belə bir mövqe həm də həssas vətəndaş kateqoriyalarını qorumaq niyyətindən irəli gəlir.
İkincisi, layihəyə əsasən bu cür oyunlar xüsusi və məhdud bir ərazidə - yalnız və yalnız süni yaradılmış torpaq sahələrində təşkil edilə bilər. Bu artıq coğrafi məhdudiyyətin tətbiq edilməsi deməkdir.
Üçüncüsü, ölkəmizin quru ərazisində, başqa sözlə, materik hissəsində “oyun biznesi”nin təşkili və keçirilməsi qadağan edilib. “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli Prezident Sərəncamı bu gün də qüvvədədir. Həmin Sərəncam ölkə ərazisində pul uduşlu oyunların keçirilməsinə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı tapşırıqlardan ibarətdir. Buna görə də, layihə heç də qeyri-qanuni fəaliyyət göstərən ənənəvi və ya virtual kazinoların leqallaşdırılmasını nəzərdə tutmur. Hər bir halda bu leqallaşma deyil. Əksinə, təqdim edilmiş layihənin qəbul edilməsi qeyri-qanuni pullu oyunların təşkilinə qarşı mübarizəni həm aktuallaşdıracaq, həm də sərtləşdirəcək.
Dördüncüsü, pul uduşlu oyunların keçirildiyi əyləncə yerləri sərt lisenziyalaşma əsasında fəaliyyət göstərəcəklər. Bu “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklərdə əksini tapır. Lisenziyaların alınmasına görə yüksək məbləğdə dövlət rüsumunun müəyyən edilməsi də bu sahədə məhdudiyyətin bir göstəricisidir. Belə ki, rüsumun təklif edilən məbləği hər il təkrar ödənilmək şərti ilə 340 min manat təşkil edir. Bu məqsədlə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər təklif olunur. İcazə və lisenziya tələb olunan fəaliyyət sahələrindən heç biri bu məbləğdə dövlət rüsumuna cəlb edilmir.
Komitə sədri bildirib ki, reallıqda əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir. Bununla belə, müzakirə etdiyimiz layihə qətiyyən ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. Əgər belə təsəvvürlər varsa, tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən dolayı təsirləri olsa da, o Azərbaycanda nə sahibkarlıq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa, Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən, fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkarlardır. Bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır. Lakin təqdim edilən layihənin müddəalarına əsasən, “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adıçəkilən qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin son 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. O, növbəti 2 məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı təqdim edib. Komitə sədri Azər Əmiraslanov "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.
Sonra Sadiq Qurbanov "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.