Bakı Dövlət Universitetində “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində gördüyü işlər, verdiyi töhfələrlə bağlı videoçarx nümayiş etdirilib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq olunub: “Bu uğurlu və məqsədyönlü dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir: “Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb”.
Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov deyib ki, müasir media mühitində Azərbaycan dilinin saflığına təsir edən ən böyük problemlərdən biri xarici dillərdən heç bir ehtiyac olmadan dilimizə keçən və geniş şəkildə istifadə edilən sözlərdir. Bu cür halların qarşısının alınması məqsədilə Audiovizual Şura ötən ildən televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qeyd edib ki, media cəmiyyətin güzgüsüdür. Dil normalarına riayət olunması, ədəbi dilin qorunması və düzgün təqdim edilməsi cəmiyyətə birbaşa təsir göstərir.
“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev qeyd edib ki, Azərbaycan dilinin qorunması məsələsinə hərtərəfli yanaşmaq lazımdır. Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın şəkildə göstərir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli qeyd edib ki, dil, ilk növbədə, öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Kənar sözlərə ehtiyac minimuma endirilməlidir. Dilin daim inkişaf etdiyinə, yeni sözlərin yarandığına və dilə daxil olduğuna diqqət çəkən professor N.Məmmədli sonda əlavə edib ki, bu proseslərin fonunda normativ baza da mütəmadi olaraq təkmilləşdirilməlidir.
“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov isə bildirib ki, televiziya efirində rast gəlinən əsas problemlər daha çox tələffüz və vurğu ilə bağlıdır.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb.


