Yupiterin qütblərində yeni tip plazma dalğası aşkar edilib

post-img

NASA-nın "Juno" aparatı qaz nəhənginin maqnit sirlərini açır

Astrofiziklər Yupiterin maqnit qütbləri yaxınlığında əvvəllər elmdə məlum olmayan yeni tip plazma dalğası qeydə alıblar. Bu kəşf NASA-nın “Juno” kosmik aparatı tərəfindən toplanmış məlumatların təhlili nəticəsində mümkün olub.

Yupiter — Günəş sistemində ən böyük planetdir. Onun nəhəng maqnit sahəsi Yer kürəsinin maqnit sahəsindən dəfələrlə güclüdür və planet ətrafında güclü radiasiya kəmərləri formalaşdırır. Bu sahə ionlaşmış hissəciklərlə doludur və planetin qütb bölgələrində daimi olaraq ultrabənövşəyi və rentgen diapazonunda qütb parıltıları yaranır.

Yeni fiziki mexanizm aşkarlandı

Minnesota Universitetindən amerikalı astrofizik Robert Lysakın rəhbərlik etdiyi tədqiqat qrupu bu bölgədə əvvəllər elmə məlum olmayan plazma dalğalarının mövcudluğunu aşkar edib. Alimlərin “fiziki hibrid” adlandırdığı bu dalğalar, klassik olaraq ayrılıqda müşahidə edilən iki dalğa növünü — Alfven və Lenqmyur dalğalarını — birləşdirir.

Ənənəvi olaraq Alfven dalğaları ionların maqnit sahəsindəki rəqsləri, Lenqmyur dalğaları isə daha yüngül elektronların hərəkəti ilə bağlı olur. Lakin Yupiterin qütb bölgəsindəki ekstremal şəraitdə — yəni çox seyrək plazma və güclü maqnit təsiri altında — bu iki fərqli dalğa sinxron şəkildə birləşərək yeni bir tip əmələ gətirir. Bu, astrofiziklər üçün tamamilə yeni fiziki fenomen sayılır.

Ekzoplanetlərin tədqiqinə yeni imkan

Yeni aşkar edilmiş dalğa tipi yalnız Yupiterin unikallığı ilə izah oluna bilməz. Alimlər hesab edirlər ki, bu kəşf uzaq ekzoplanetlərin maqnit sahələrinin və plazma mühitlərinin araşdırılmasında mühüm rol oynaya bilər. Bu isə həmin planetlərin abiotik və ya biotik potensialı ilə bağlı daha dərin nəticələr çıxarmağa imkan verəcək.

“Juno” missiyası təhlükədə

Xatırladaq ki, 2016-cı ildən bəri Yupiter orbitində fəaliyyət göstərən “Juno” aparatı qaz nəhəngi barədə bir sıra mühüm elmi məlumatlar toplayıb. Lakin son aylarda ABŞ-da tətbiq edilən büdcə ixtisarları səbəbindən bu proqramın da ləğv ediləcəyi ehtimal olunur. Prezident Donald Tramp administrasiyası NASA-nın bir neçə elmi missiyasını, o cümlədən “Juno”nu dayandırmağı təklif edib.

Elm ictimaiyyəti isə bu cür proqramların davam etməsini vacib hesab edir. Çünki “Juno”nun göstərdiyi kimi, Yupiter yalnız Günəş sisteminin nəhəngi deyil, həm də kosmosun hələ tam dərk olunmamış qanunlarının laboratoriyasıdır.

S.ELAY

XQ

Maraqlı