Aprelin 25-də Memarlar İttifaqının binasında keçmiş “Dostluq” kinoteatrının binasının yenidənqurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, mərasimdə tanınmış memarlar, şəhərsalma üzrə mütəxəssislər, müsabiqəyə təqdim olunmuş layihələrin müəllifləri və binanın mülkiyyətçinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində təqdim olunan layihələr nümayiş etdirilib, onların memarlıq dəyəri və şəhər mühitinə təsiri barədə təqdimatlar keçirilib.
Tədbiri giriş sözü ilə açan və qonaqları salamlayan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilk növbədə bu müsabiqənin keçirilməsi barədə ideya ilə Memarlar İttifaqına etdiyi müraciətinə görə binanın sahibkarına minnətdarlığını bildirib. O, sonra qalibləri təbrik edib, onlara gələcək uğurlar arzulayıb.
Münsiflər heyəti layihələri funksionallıq, estetik baxım, şəhər kontekstinə uyğunluq və ictimai əhəmiyyət baxımından qiymətləndirib. Seçilmiş layihələrin müəliflərinə diplom və mükafatlar aparıcı memarlar və münsiflər heyətinin üzvləri tərəfindən təqdim olunub.
Müsabiqənin bütün iştirakçılarına isə Azərbaycan Memarlar İttifaqı tərəfindən İştirak barədə Sertifikat təqdim olunub.