ADA Universitetində sosial məsuliyyət ruhunu təcəssüm etdirən Hacı Zeynalabdin Tağıyev Mükafatının təqdimat mərasimi keçirilib.
Sosial Məsuliyyət Gününə həsr edilmiş məclis universitetin dəyərlərini və gənclərin təşəbbüskar ruhunu əks etdirib. Tələbələrin sərgisində onların il ərzində ərsəyə gətirdikləri sosial təşəbbüslər təqdim edilib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev mərasimdə bildirib: “Biz ADA Universitetində təkcə savadlı deyil, dəyərlərə bağlı, məsuliyyətli vətəndaşlar yetişdiririk. Bu işdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin irsi bizə bələdçilik edir, yol göstərir. Tələbələrimizin də bu irsi yaşadaraq bunu gələcəyə daşımağa çalışması nailiyyətlərimizdən biridir”.
Universitetinin prorektoru Günay Ziyadova bu təşəbbüsün 10 ildən bəri ADA-nın əsas ənənələrindən birinə çevrildiyini vurğulayıb.
Məclisdə Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları da iştirak ediblər. Sonda münsiflər heyətinin üzvləri qalib komandaları elan edib. Birinci yerə sahib olan “Benjamin Buttons” komandası 2500 manat, ikinci yeri qazanan “Tech4Equity” komandası 1500 manat, üçüncü yerə çıxan “Empower Disability” və “She Leads” komandaları 1000 manat məbləğində mükafat qazanıblar.
XQ