Yeni nəşrlər
Akademik Nizami Cəfərovun tarixi zamanın geniş arealında Azərbaycanda milli dövlətçilik təfəkkürünün, türk dünyasında isə türkçülük düşüncəsinin formalaşmasına, eyni zamanda, bu iki xəttin paralelləşərək –vəhdətlənməsinə dair irəli sürdüyü qənaətlər, gəldiyi nəticələr elmi-nəzəri ümumiləşdirmə tutarı ilə birgə, mühüm ideoloji-siyasi əhəmiyyət daşıyır .
Görkəmli azərbaycanşünas-türkoloqun min səhifəlik “Azərbaycanşünaslıqdan türkşünaslığa” adlı son monumental kitabında “hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir – bu və ya digər dərəcədə müstəqil dövləti (və milli dövlətçilik təfəkkürü!) olmayan xalq özünü – yaradıcılıq potensialını tam gücü ilə, bilavasitə ifadə etmək imkanlarından məhrumdur” – başlıca tezisi ilə Azərbaycanda etnokulturoloji özünüdərkdən milli-siyasi özünütəsdiqə – yəni dövlət yaratmağa doğru gedən tarixi prosesləri araşdırır.
Ötən əsrin səksəninci illərindən bir gənc alim filologiyadakı mühafizəkarlığı yara-yara gəlirdi. Onun polemik məntiqi qüvvətləndikcə, ətrafına sirayət edib inandırdıqca, bu gəlişin təsadüfi olmadığı bəlli olurdu. Azərbaycanda gedən milli özünüdərketmə proseslərinə adekvat olaraq ictimai-elmi düşüncəni də köklü şəkildə yeniləşdirmək zərurətini sinirləri ilə hiss edən vətənpərvər intellektuallar cinahındakı bu gənc bir sıra adlı-sanlı professorlarla döş-döşə gələ-gələ, həmin mühafizəkarlığın çidarladığı filologiyada sırf milli metodoloji kompleksi yaradan ən avanqard cinahdaş oldu.
Bu gəncin möhkəmlənməkdə olan özünütəsdiqi elə müstəqilləşməkdə olan Azərbaycanın özünütəsdiqinə bənzəyirdi və yəqin ki, elə ondan enerji alırdı. Bu gənc alim – Nizami Cəfərov idi. 30 ildən çox bərəkətli bir zamanda çoxsaylı monoqrafiya, kitab, dərslik, mühazirə və müsahibələrində, xüsusilə son illər mətbuatımızda dərc olunan məqalələrində irəli sürdüyü tezisləri sistemləşdirməklə azərbaycanşünaslıq elminin yeni nəzəri əsaslarını yaradan Nizami Cəfərov.
Azərbaycanın, eləcə də türk dünyasının sayılan bilgini Nizami Cəfərov yüksək səviyyəli elmi araşdırmalar aparılmasının bacarıqlı təşkilatçısı olmaqla yanaşı, humanitar elmlərin ortaq metodoloji kompleksini yarada bilən və daha çox bu müstəvidə tədqiqatlar aparan ensiklopedik qabiliyyətə malik bir alim kimi də həm Azərbaycan, həm Türkiyə, həm də digər türk respublikalarında nüfuza, mötəbər sayğıya malikdir.
Nizami Cəfərovun elmi yaradıcılığı ədəbi-tənqidi araşdırmalardan akademik araşdırmalara qədər geniş bir kontekstə malikdir. Alimin dil və dilçiliyə, ədəbiyyat və ədəbiyyatşünaslığa, mədəniyyət və mədəniyyətşünaslığa, Azərbaycana və azərbaycanşünaslığa, türkçülük və türkologiyaya dair yazdığı əsərləri bir-birini tamamlaması və konseptuallığı ilə, ənənəvi tədqiqat üsullarına sayğısı və problemlərə həmişə orijinal yanaşma texnologiyası ilə seçilir ki, bu konvengert yanaşmanı alimin son kitabında bütün parlaqlığı və üstün cəhətləri ilə görürük.
Akademikin buradakı spesifik tədqiqat metodologiyasının əsas xüsusiyyətlərini biz belə səciyyələndirə bilərik: Tədqiqat predmetinin mahiyyətinə ən müxtəlif səviyyə və parametrlərdən yanaşıla bilir. İnduktiv və deduktiv metodlarla yanaşma bir-birini üzvi şəkildə tamamlayır. Burada tarixi-müqayisəli metodun dil, tarix və cəmiyyət hadisələrinə ən effektiv tətbiq formalarına şahid oluruq. Faktların mahiyyəti özünəməxsus keyfiyyətləri, çevrəsi və analogiyaları ilə açılır, dəyərləndirilir.
Təhlil edilən hadisə, fakt, proses həm gerçəkliyi, həm də virtuallığı ilə göz önünə gətirilir. Analizin bütün detallarında kifayət qədər dərinliyə varılır və burada atomik effekt əldə edilir, yəni dərinliyə varıldıqca genişliyə çıxılır. Ümumiləşdirmənin çevrəsi böyüdükcə, bu sferaya daxil olan elementlərin sahmanı, düzəni, şəbəkələnməsi daha aydın cizgiləri ilə görünür. Analitika dərinləşdikcə faktın ümumiləşdirmə miqyası böyüyür, onun üzərində elmi düşüncə qloballaşır. Elmi təhlilin məntiqi o qədər cazibədardır ki, o ən paradoksal təzahürlərində belə tamamilə qəbuledilməz olmur və opponentini güclü polemikaya çəkə bilir, ortaya əsaslı əks arqumentasiya qoymağı tələb edir.
Nizami Cəfərovun həyat və düşüncə ritmikasının öz dramaturgiyası var. O, adajio ləngərində qalmağı da xoşlar. Ancaq onun düşüncə həyatının əsas məkanı və zamanı maestozo və skertso kükrəyişləri, coşquları, burulğalanmaları üzərində köklənib. Bu düşüncə həyatının milli ruhun əski çağlardan qaynayan gur enerjisinə qoşulub onun harmoniyasında dalğalanmaq şövqü və ərdəmliyi var. Fəqət bütün moduslarında Nizaminin improvizasiyaları həmişə güclü məntiqə, rasional təmələ söykənir.
Ümumiyyətlə, Nizami Cəfərovun elmi yaradıcılığı analitik olduğu qədər polemik keyfiyyətlərə malikdir. Yəqin daha çox buna görə onun yaradıcılığı elmi dairələrdə maraqla qarşılanır və diskussiyaya səbəb olur. Bu araşdırmalarda xüsusilə tarixi hadisələrin dinamikasına fikir verilir, proseslərin stadiallığı, mərhələliyi üzə çıxarılır. Dönüş nöqtələrinin, inkişaf məqamlarının nədən ibarət olmasına diqqət yönəldilir. Bu zaman Nizami Cəfərovun interpretasiyasında tarix – hərəkət yox, hərəkat olur. Tarixi proseslərin sivilizasiya dəyərliliyi, kulturoloji spesifikası müəyyənləşdirilir. Fakt və hadisələr statikasında kodlaşdırılır, dinamikasında isə açılır.
Buna görə də akademik sanki “nədən nəyə?”, “kimdən kimə?”, “haradan haraya?”, “hansından hansına?”, “necədən necəyə?” sual-qoyuluşları ilə özünəməxsus bir şəkildə olay və ümumi proseslərin hansı şəkildə səmtlənib tendensiyalanmasını, axarlanmasını, harda batıb harda üzə çıxmasını, şaxələnib budaqlanmasını müəyyən etməyə çalışır – təqribən bu struktur-modellerdə: “genezisden tipologiyaya”, “eposdan kitaba”, “xaosdan kosmosa”, “tanrıçılıqdan islama”, “qədim dövrlərdən orta əsrlərə”, “orta əsrlərdən yeni dövrə”, “yeni dövrdən ən yeni dövrə”, “etnocoğrafi diferensiasiyadan sosial-siyasi inteqrasiyaya”, “Nizamidən Füzuliyə”, “Füzulidən Vaqifə”, “klassiklərdən müasirlərə”, “etnokulturoloji özünüdərkdən milli-siyasi özünütəsdiqə”…
Mədəniyyətin dil nüvəsindən onun bütün qatlarına çıxmaq, sosial bazasını modelləşdirmək, düşüncə məkanında genişlənmək və dərinləşmək, bütün arsenalları hərəkətə gətirmək və bununla da təbii olaraq, siyasət və diplomatiya arenasına yüksəlmək, burada öz sözünü fərdin yox, toplumun məntiqincə demək və dinlətmək mümkündür. Bütövlükdə dil, tarix və mədəniyyət məsələlərinə kompleks şəklində yanaşma alimin elmi araşdırmalarının ən spesifik xüsusiyyətlərindəndir ki, məhz onun tətbiqi sayəsində Azərbaycan tarixi mədəniyyət düşüncəsini orqanikası və yaşarılığında hiss etmək olur.
Nizami Cəfərov Azərbaycan dilinin tarixini hansı səviyyədə tədqiq edibsə, eyni elmi-nəzəri mükəmməllikdə də Azərbaycan ədəbiyyatı tarixini araşdırıb. Onun bu sahə üzrə apardığı fundamental araşdırmaları, məqalə, esse, oçerk, məruzə, çıxış və müsahibələri Azərbaycan ədəbiyyatına onun dünəni, bugünü və gələcəyinin vəhdətində baxan, klassik dəyərlər meyarından poetik sənətə yanaşan bir nəzəriyyəçi-ədəbiyyatşünasın, tənqidçi-alimin və publisistin mövqeyini tam dolğunluğu ilə əks etdirir.
Bu əsərlər Azərbaycan ədəbiyyatının, milli bədii-estetik düşüncəmizin təkamülünü, epos təfəkkürünün əski çağlardan günümüzədək ədəbiyyatın orqanizminə necə sintez olmasını, onun qaynaq və gələnəklərini, təcrübə və yaddaşını, qonşu xalqların ədəbiyyatlarından seçilmə xüsusiyyətlərini, bəşər mədəniyyətinə hansı özəllikləri ilə qovuşmasını, öz kökü üzərində göyərə bilən sağlam təməlli modern ədəbiyyatın yaradılma zərurətini, milli ədəbiyyatımızın diferensiasiyası prosesində onun poetik zənginləşməsi, janr, üslub rəngarəngliyinə çatması imkanlarını, fərdi poetik yaradıcılıqlarla onun dürləşməsi, variasiyalaşmasını, Azərbaycan tənqidinin müasir ədəbiyyatımıza sağlam münasibətinin formalaşması gərəyini, ədəbi nəsillər nizamını, çağdaş ədəbi prosesin narahat dialektikasını, azərbaycançılıq ideologiyasının, milli dövlətçilik təfəkkürünün, siyasi məfkurənin sovet dövründən fərqli olaraq çağımızda ədəbi-bədii yaradıcılıqda necə özülləşməsini, hər bir istedadlı yazıçıya, hər bir seçkin bədii əsərə Azərbaycan ruhunun, mənəviyyatının yetirməsi, barı kimi baxmaq əxlaqını yetərincə orijinal mülahizələr və əsaslı arqumentlə araşdırır, dəyərləndirir.
Azərbaycanşünaslıq çağdaş elmimizin ana xətti kimi, təbii ki, belə bir alicənab türkün geniş qəlbindən dərilə bilərdi – akademik Nizami Cəfərovun. “Azərbaycanşünaslıqdan türkşünaslığa” – alimin “epik” fəaliyyətinin ən fundamental bəhrəsi, onun çoxillik gərgin elmi yaradıcılıq axtarışlarının, mənim fikrimcə, birinci mərhələsinin yekun əsəridir. Azərbaycanşünaslıq – bu əsərlə dünya miqyasına tam rasional dəyərində, ölkəmizin simasını tanıdan, onun tarixini və perspektivlərini gerçək anladan ən etibarlı qaynaq statusunda çıxmaq imkanı qazanır.
Akademik azərbaycanşünaslığın konseptual ideyasını belə müəyyən edir: “Azərbaycanşünaslıq yalnız elmi-nəzəri, yaxud akademik bir sistem deyil, həm də get-gedə daha geniş yayılmaqda, Azərbaycan Respublikasının dövlət siyasətinə, dünyanın müxtəlif ölkələrində, təxminən 500 min kv. km.-lik ərazisi olan tarixi Azərbaycanda məskunlaşmış azərbaycanlıların dünyagörüşünə çevrilməkdə olan azərbaycançılıq ideologiyasının elmi-metodoloji əsasıdır”. Nizami Cəfərovun azərbaycanşünaslığında Azərbaycan humanitariyasının fakt, nəticə və müddəaları təbii orqanikasında, bu elmin özünün fakt, nəticə və müddəalarının, onların ümumiləşdirilməsinin özülü şəklində meydana çıxır.
Nizami Cəfərov məhz çağdaş azərbaycanşünaslıqda mümkün və effektli olan milli etnokulturoloji metodologiyanın yaradıcısıdır. Tarix, etnoqrafiya, etnopsixologiya, etnocoğrafiya, türkşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq (bütövlükdə filologiya), estetika, fəlsəfə və kulturologiyanın və hətta onların konkret sahələrinin nəticəli müddəaları və müvafiq metodoloji xətləri Nizami Cəfərovun etnokulturoloji metodologiyasında üzvi şəkildə, yeni törəyişində – azərbaycanşünaslıq elminin əsasını təşkil edəcək bir biçimdə tutaşır, hörgülənir, hər birinin də öz lifi gətirdiyi məzmun, çalar və aspekti ilə bu ümumi dəstdə – metodoloji harmoniyada zərifcə bilinir.
Bu bütövlükdə Azərbaycan mədəniyyətinin substansiyası üzərində ayrı-ayrı humanitar elmləri fokuslaşdırmaqla onların güclü enerjisini alaraq, onun dərin, çoxqatlı mahiyyətini məhz azərbaycanşünaslığın milli etnokulturoloji metodologiyası ilə bütün parametrləri üzrə, tarixi-müqayisəli, diaxronik və sinxronik planda öyrənməyin bu gün üçün zərurətindən doğur. O, Azərbaycanın mədəniyyət tarixinə öz doğma ata evinə girirmiş kimi daxil oldu, onun taxçalarını ehmallıca yoxlayırmış, əntiq əşyalarının tozunu alırmış kimi, ələk-vələk edilmiş bu əşyaları yenidən öz sahmanınca düzürmüş kimi işlədi… Nəticədə, azərbaycançılıq milli ideologiyasının təməlində dayanan əsərlərdən birini ortaya qoydu.
Nizami Cəfərovun ““Azərbaycanşünaslıqdan türkşünaslığa” adlı kitabı “Etnos”, “Dil”, “Epos”, “Din”, “Ədəbiyyat” kimi bir-birini tamamlayan və ümumtürk-Azərbaycan mədəniyyətinin, demək olar ki, bütün inkişaf tarixini onun ən aktual problemlərini qaldırmaqla təhlildən keçirən beş böyük bölümdən ibarətdir: Kitabda həm qədim, həm də müasir türklərin, eyni zamanda, Azərbaycan türklərinin etnogenezisindən onların yaratdığı mədəniyyətin tipologiyasına qədər zəngin fenomenal hadisələr və ona dürlü yanaşmalar elmi analizdən keçirilir, Azərbaycan ədəbiyyatı tarixinin, Azərbaycan mədəniyyətinin diferensiasiyası və inteqrasiya problemlərinə, milli-tarixi özünüdərketmənin məntiqinə yeni baxış təqdim edilir; qədim dövrdən orta əsrlərədək olan bir dövrdə türk dünyasının diferensiasiyası, Azərbaycanın etnokulturoloji coğrafiyasının müəyyənləşməsi – Azərbaycanın türkləşməsi, Azərbaycan xalqının təşəkkülü, Azərbaycan türkcəsinin formalaşması, ümumtürk ədəbi dilinin təşəkkülü, təkamülü və tənəzzülü, qədim (ümumtürk) eposundan orta əsrlər türk-oğuz eposuna, Tanrıçılıqdan İslama keçid mərhələləri, Dədə Qorquddan Nizamiyə, Nizamidən Nəsimi və Füzuliyə doğru ədəbi-bədii, fəlsəfi-estetik düşüncənin gəlişməsi araşdırılır; orta əsrlərdən yeni dövrə qədərki çağda Azərbaycan intibahının meydana çıxması, bu prosesdə müştərək Azərbaycan superetnosunun təşəkkülü, türk-oğuz eposundan Azərbaycan eposuna keçidin tipologiyası, Azərbaycan türkcəsinin milliləşməsi, Azərbaycan ədəbi dilində funksional üslubların təşəkkülü sürəcləri tədqiq edilir; yeni dövrdən ən yeni dövrə qədərki bir mərhələdə milli mədəniyyətimizin müasirləşməsi, Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması və onun ideoloji əsasları, çağdaş Azərbaycan mədəniyyətindəki tendensiyalar və onların perspektivləri, Quzey və Güney Azərbaycanda ədəbi, bədii dilin funksional mahiyyəti, milli düşüncə hərəkatı incələnir. Bütün tədqiqat boyu aparılan analitik araşdırmalar bütövlükdə tarixi varlığımızın, milli düşüncə və mədəniyyətimizin qanunauyğunluqlarını təsbit edib sistemləşdirən ümumiləşdirmələrlə yekunlaşır.
Qədim türk kökündən müasir Azərbaycana gəlincə, Vətənimizi tarixi-kulturoloji tamlığında duymaq və dərk etmək, Vətənimizin tarixi həyatının inkişaf dialektikasını duymaq və dərk etmək mümkün olur. Türkologiyada, mədəniyyətşünaslıqda və digər müvafiq humanitar elmlərdə çoxlu dəyərli səylər olsa da, müəyyən elmi nəticələr əldə edilsə də, tam səmimiyyətlə demək olar ki, türk (Azərbaycan) tarixi-etnokulturoloji prosesləri indiyədək bu qədər mükəmməl elmi əsaslarda və təmiz türk qəlbi, türk zəkası ilə araşdırılmayıb, sistemləşdirilməyib, konseptual şəkildə nəticələndirilməyib.
Xüsusilə Azərbaycandakı etnogenetik və etnokulturoloji proseslərin, Azərbaycanın etnocoğrafiyasının genəlib daralmasının, tarixi Azərbaycanda dövlətlərin mənşəyinin şərh edilməsində iki zidd ifrat meyl bu kardinal problemlərin düzgün elmi əsaslarla öyrənilməsinə mane olub ki, həmin ifrat meyllərin tənqid edilməsi və problemin düzgün qoyuluşu Nizami Cəfərovun metodoloji konsepsiyasında mühüm yer tutur.
Bu ifrat meyllərdən biri – müəyyən tarixi-ideoloji bünövrəsi olan anti-türklük, o biri milli hərəkatın selində köpüklənən, körüklənən romantik-bəlağətli türkçülükdür. Nizami Cəfərov həm “bütöv bir ideoloji kompleksin tərkib hissəsi olan”, “məqsədi isə Azərbaycanı türk dünyasından ayırmaqdan, Azərbaycan xalqının etnik tərkibində türklüyün yerini minimuma, köçəri gəlmələrin qeyri-türk mənşəli aborigenlərə sistemsiz təsiri səviyyəsinə endirməkdən” ibarət olan azdırıcı anti-türklük konsepsiyasına – yanlış tarix nəzəriyyəsinə, həm də real tarixi saxtalaşdıran çaşdırıcı ifrat “türkpərəstliyin” qeyri-elmi tendensiyalarına qarşı davamlı opponenentlikdə öz mövqeyini irəli sürür.
O, bütün cinahlarda – tarixçi ilə tarixçi kimi, filoloqla filoloq kimi, publisistlə publisist kimi, fəlsəfəşünasla fəlsəfəşünas kimi və onların hamısı ilə birlikdə Azərbaycanşünas kimi inadlı, inamlı polemika aparır. Tariximizə boş heyranlıq yox, ciddi elmi-analitik münasibət hissini yaradır. Tarixi gerçəkliyə məhz belə düzgün metodoloji münasibət onun faktlarını da yanılmadan şərh etmək üçün meydan açır.
Türk dünyasının humanist xarakterinin dünya üçün nə demək olduğunu tədqiqatında yeri gəldikcə qabardan Nizami Cəfərov ümumtürk tarixini, bu tarix içrə Azərbaycan tarixini ənənəvi olaraq müharibələr, dinastiyalar və onların “mexaniki” əvəzlənmələri tarixi kimi yox, mədəniyyət tarixi, canlı dilə söykənən mənəviyyat tarixi, düşüncə, yaşantı və ruhu ilə birlikdə soy tarixi kimi araşdırır. Türk ruhunun tükənməz potensiyasını çağ-çağ zühur etdirən söykək təməllərə – türk abidələrinə (zərif və möhtəşəm, döyüşkən və sülhsevər, müdrik və körpə kimi saf!) istinad edir. Azərbaycan və onun ətrafında gedən mürəkkəb tarixi prosesləri, mədəniyyət hərəkatlarını, ideologiya və dünyagörüşü dəyişmələrini – Azərbaycanın öz etnik-tarixi coğrafiyası konsepsiyasından çıxış edərək hərtərəfli araşdırmaya çəkir…
Ümumiyyətlə, akademikin çoxspektrli tədqiqat metodologiyasının əsas tədqiqat obyekti tarixi düşüncə və tarixi yaddaşın təməl daşı – dil və eposdur. Özü də alim həndəvəri ilə Azərbaycan tarixinin keçdiyi yolu həm tarixin öz məntiqi, həm də bu günün məntiqi ilə açıqlayır. Bu harmoniyadan da fakt çoxtərəfli sınanışlarında açılır. İdeolojiləşdirilmiş sovet tarixşünaslığında isə məhz bu çatmırdı.
Tarixin məntiqi bu günün (bizim üçün artıq dünənin!) birtərəfli, dar, qəliblənmiş ideoloji məntiqinə sığdırılırdı. Nizami Cəfərov bu daşlaşmış konstruksiyanı tutarlı dəlil zərbələri ilə dağıdır. Onun bu geniş polemika meydanında “tarix korifeyləri” ilə savaşının nəticəsi – güclü arqumentləri ilə qələbəsi tamamilə məntiqidir.
Bu, əslində, Azərbaycanın tarixi taleyinə düzgün yanaşmağın – həqiqətin qələbəsidir! Azərbaycan tarixşünaslığına zorla geydirilmiş həmin saxta, qondarma konstruksiyanı indi, şayəd, bir kimsə yenidən diriltmək istəsə, onun üstündə təkid etsə, Nizami Cəfərovun arqumentləri qarşısında çox sadəlövh, yöndəmsiz, lax görünər...
Nizami Cəfərovun azərbaycanşünaslıq tədqiqlərinin etnokulturoloji təqdimatında tarixin gerçəyi ümumtarixi proseslərin dörd əsas xəttində – etnik, linqvistik, mədəniyyət və dövlətçilik istiqamətlərində gəlişməsi belədir:
Azərbaycanda (və həmhüdud regionlarda) ilk sosial-siyasi birliklər təqribən e.ə. V minillikdə formalaşıb. E. ə. V-III minilliklərdə adları və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları nəzərə almasaq, ölkənin e.ə. III- II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur… E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərindən etibarən Azərbaycan ərazisində İran etnosları məskunlaşmağa başlayıblar. Və həmin proses yalnız Azərbaycanın deyil, ümumən Ön Asiyanın etnik mənzərəsini əsaslı şəkildə dəyişdirib. Həmin dövrdə Qafqaz etnosları getdikcə daha ardıcıl şəkildə Şimala doğru sıxışdırılıb...
Azərbaycanın Şimalına (oradan da sonralar Şimali Qafqaza) sıxışdırılmış Qafqaz etnosları Alban dövlətini yaradıblar. Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Azərbaycanın Şimalında əsasən uti, girdman, qarqaz tayfaları – tarixi mənbələrdə ümumi şəkildə “albanlar” (ağvanlar) adlandırılanlar yaşayıblar… E. ə. I minilliyin əvvəllərindən başlayaraq Azərbaycana (və həmhüdud regionlara) müxtəlif mənşəli etnoslardan ibarət sosial-siyasi birliklər – tayfa ittifaqları (kimmerlər, saklar, işkuzlar və s.) gələrək buradakı etnosiyasi mürəkkəbliyi bir qədər də artırıblar...
Birinci minilliyin ortalarından Azərbaycanda türk dövlətçiliyinin təməli qoyulur. İkinci minilliyin ortalarınadək Azərbaycanda bilavasitə biri digərinin varisi olan türk dövlətçilik mədəniyyətləri təşəkkül tapır:
1. Qədim (ümum) türk (hun-qıpçaq) dövlətçilik mədəniyyəti.
2. Türk-müsəlman (oğuz-səlcuq) dövlətçilik mədəniyyəti.
Məhz bu özül əsasında Azərbaycan coğrafiyasında genetik varisliklə Azərbaycan türk dövlətləri – Atabəylər və Səfəvilər dövlətindən tutmuş çağdaş müstəqil milli dövlətimizə qədər – yaranmış və xalqımızın ictimai- siyasi bütövlüyünün şərti olmuşdur.
Nizami Cəfərov universal türk təfəkkürünün (onun onurğa sütunu kimi dövlətçilik təfəkkürünün) tarixi təkamülünü izləyə-izləyə onun Azərbaycanda çevrələnib-lokallaşdığı vaxtdan bəri qazandığı unifikasiya keyfiyyətlərini, milli idrak kompleksini, mən deyərdim ki, bütün əsas spesifik təzahür xüsusiyyətləri ilə araşdırıb üzə çıxarmağa nail olub. Bu ümumi fonda Azərbaycan – tarixdə olduğu kimi, itirdikləri və qazandıqları ilə birlikdə bütöv görünür.
Akademik Nizami Cəfərov Azərbaycan xalqının formalaşması prosesi başlayana qədərki Azərbaycanın etnik tarixini belə dövrləşdirir: 1. E. ə. V minillikdən e. ə. III minilliyin ortalarına qədər – etnik “qeyri-müəyyənlik” dövrü; 2. E. ə. III minilliyin ortalarından e. ə. II minilliyin sonu I minilliyin əvvəllərinə qədər – Qafqaz etnoslarının yayıldığı dövr; 3. E. ə. II minilliyin sonu I minilliyin əvvəllərindən eramızın I minilliyiyinin ortalarına qədər – İran etnoslarının yayıldığı dövr. Eramızdan əvvəl II-I minilliklərdə türklər, yaxud prototürklər Mərkəzi Asiyanın, sonralar Türküstan adlanan geniş çöllərində məskunlaşmışdılar. Türklərin Qərbə yürüşləri, Avrasiya boyunca yayılmaları eramızın ilk əsrlərində başladı ki, Azərbaycanda da türkləşmənin əsası məhz bu dövrdə qoyuldu.
Azərbaycanın türkləşməsi aşağıdakı mərhələlərdə getmişdir: I mərhələ – Azərbaycanda hun-qıpçaq türklərinin Şimal istiqamətindən yayılması (I minillik); II mərhələ – Azərbaycanda oğuz türklərinin Cənub istiqamətindən yayılması (II minilliyin birinci yarısı). Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin, əsasən (savirlər, bulqarlar, xəzərlər) eramızın ilk əsrlərindən Azərbaycanda məskunlaşması təşkil edir. Bu mərhələdə, yəni eramızın I minilliyində ardıcıl hun-qıpçaq yürüşləri nəticəsində Azərbaycanın Şimalı tədricən türkləşdi. İkinci mərhələdə – XI əsrin əvvəllərində oğuz türklərinin Azərbaycana axını başladı. Onlar bütövlükdə Azərbaycanı türkləşdirdilər, daha doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın türkləşməsi!) II minilliyin ilk əsrlərində min ildən sonra keyfiyyətcə başa çatdı...
Nizami Cəfərov elə buradaca paniranizm ideologiyasının Azərbaycan tarixşünaslığındakı ən populyar, inadlı və davamlı təzahürünü – “Türklər yerli xalqları assimilyasiya etmişlər”, “Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin mənşəyi – Mada xalqı, Atropatena ilə bağlıdır” (akademik İqrar Əliyev) qənaətini belə bir təkzibolunmaz sübutla alt-üst edir ki, Azərbaycanın müxtəlif regionlarında təcrid olunmuş İran (eləcə də Qafqaz) mənşəli etnoslar bu günə qədər mövcuddurlarsa və mütləq əksəriyyətini türklər təşkil edən Azərbaycan superetnosunun tərkibində də iştirak edirlərsə, onda türklər kimi (və nə zaman) assimilyasiya etmişlər?..
Əslində, İqrar Əliyevlə Nizami Cəfərovun Azərbaycan xalqının etnik tarixi problemi ətrafındakı polemikası – özünə yeni danılmaz arqumentasiyalar qazanan türkçülük və köhnədən dediklərini yenə də nəyin bahasına olursa-olsun sübut etməyə çalışan, lakin buna müvəffəq olmayan irançılıq (geniş mənada, türk etnogenezisinə birtərəfli, bəzən tamamilə yanlış yanaşan hind-avropaçılıq) konsepsiyalarının mövqe təzahürüdür. Elmi azərbaycanşünaslıq birinci konsepsiyanı daha da inkişaf etdirməli, ikinci konsepsiyanınsa bizim xalqımızın tarixini bu qədər təhrif etməsinə baxmayaraq, yenə də özünü meydanda saxlamasının səbəblərini, bu nəzəriyyənin tarixi həqiqətlərə nə dərəcədə adekvat olmasını birdəfəlik aydınlaşdırmalıdır.
XII əsrin 30-cu illərində Azərbaycanda oğuz türkləri Atabəylər dövlətini yaradır. Bundan sonra Azərbaycanda qurulan dövlətlər mənşəyi etibarilə məhz türksoylu dövlətlər olur. XI əsrin əvvəllərindən XV əsrin sonu XVI əsrin əvvəllərinə qədərki mərhələdə – yəni Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində Azərbaycana gələn oğuz türkləri farsları daha da cənuba, Qafqaz etnoslarını isə daha da şimala sıxışdırırlar...
XI – XIII, eləcə də XIV – XV əsrlərdə oğuz fatehliyi geniş bir coğrafiyanı bürüdüyündən Azərbaycanın etnik-etnoqrafik sərhədlərini müəyyənləşdirmək çox çətindir. Həmin dövrdə Azərbaycan hər tərəfdən oğuz-türk mühiti ilə əhatə olunmuşdu. Bu mühit onun etnokulturoloji yüksəlişində həlledici rol oynayırdı. Azərbaycan xalqının formalaşması tarixində üçüncü – sonuncu (həlledici) mərhələ XV əsrin sonu XVI əsrin əvvəllərindən – I Şah İsmayılın bünövrəsini qoyduğu Azərbaycan Səfəvi dövlətinin yaranması dövründən başlayır...
Türk Fatehliyi epoxasında Azərbaycan türkçəsinin – ümumxalq Azərbaycan dilinin formalaşdığı çağın sonlarına doğru Azərbaycanda (və həmhüdud regionlarda) yazı dili olaraq türki fəaliyyət göstərir. Ümumtürk ədəbi (yazı) dilindən milli türk dillərinə doğru inkişaf bu mərhələlərdən keçir: I. Qədim (ümum) türk ədəbi (epos) dili (e.ə. I minilliyin ortalarından – b.e. I minilliyin ortalarınadək); II. Türki (IX-XVIII əsrlər); III. Milli türk dilləri (XVII-XVIII əsrlərdən müasir dövrədək). Dilçi-alim Azərbaycan türk ədəbi dilinin demokratikləşmə (və milliləşmə) istiqamətindəki inkişafının funksional-tipoloji mərhələlərini belə müəyyən edir: I mərhələ – XVI əsrin əvvəllərindən sonlarına qədər; II mərhələ – XVI əsrin sonu XVII əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər; III mərhələ – XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər. Bu mərhələlərin hər birində Azərbaycan dilinin qazandığı yeni keyfiyyətləri diqqətlə araşdıran alim həmin mərhələlərin sonunda artıq funksional üslubların da Azərbaycan ədəbi dilində tam yetkinləşdiyini sübut edir. Eyni zamanda, o, türk (Azərbaycan) cümləsinin struktur-semantik təkamülünü yazılı abidələrimizin zəngin dil materialı əsasında tədqiq edir. Burada dil təfəkkürünün də dialektik inkişaf prosesini göz önünə gətirir.
Nizami Cəfərov Azərbaycan mədəniyyətinin inkişaf qanunauyğunluqlarını türk (Azərbaycan) mənəviyyatı və dünyagörüşünün təkamülündən doğan davamlı proses olaraq, həmin mədəniyyəti bütün aspektlərinin vəhdətində epos nüvəsi ilə təhlilə çəkir. O, türk epos mədəniyyətini dünya epos mədəniyyətinin yaradıcı komponenti kimi görür. Azərbaycan xalqını isə biri digərinin bilavasitə (genetik) davamı olan bu eposların varisi sayır: 1. Qədim türk eposu; 2. Orta əsrlər türk-oğuz eposu; 3. Yeni dövr türk-oğuz-Azərbaycan eposu. Həmin eposların da hər birinin öz kitab ekvivalentini təqdim edir: 1. Qədim türk (əsasən run) yazılı abidələri; 2. “Kitabi-Dədə Qorqud”; 3. Azərbaycan xalq kitabları.
Akademik Nizami Cəfərov burada türk epik mədəniyyətinin mahiyyətini bütün dərinliyi, impulsivliyi ilə açaraq, özünəməxsus çoxqatlı mizanında yazır: “Qədim türk eposunun zənginliyi, ideya-estetik mükəmməlliyi tanrıçılığın fəlsəfi idrak imkanlarının genişliyi ilə, türklərin tarixinin, iqtisadi, ictimai və siyasi həyatlarının zənginliyi, çoxtərəfliliyi, fəallığı ilə, nəhayət, türklərin Altaydan Avropanın içərilərinə qədər geniş bir coğrafiyada, müxtəlif xalqlarla, etnoslarla fəal əlaqədə olub, ümumdünya proseslərində ardıcıl iştirak etmələri ilə bilavasitə bağlıdır. Məhz bütün bunların vəhdətdə təsirinin nəticəsidir ki, qədim türk epik ənənəsi həm Şərq, həm Qərb xalqlarının epos təfəkkürünə, ədəbiyyatına, mədəniyyətinə təsir göstərməklə yanaşı, xüsusilə I minillikdə, Şərq epik-mədəni ənənələrinin Qərbə daşınmasında çox mühüm rol oynamış, təxminən min il ərzində Şərqlə Qərb arasında mənəvi-kulturoloji ötürücü olmuşdur.”
Alim qədim türk epos təfəkkürünün müxtəlif mənbələrdə zəmanəmizə qədər gəlib çıxmış “Yaradılış”, “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Göy türk”, “Ərgənəkon”, “Şu”, “Siyen-pi”, “Köç” dastanlarından “Dədə Qorqud”a, “Koroğlu”ya, yeni dövr milli Azərbaycan dastanlarına uzanan varislik xəttini də izləyərək, türk (Azərbaycan) mədəniyyətinin bu iki möhtəşəm abidəsi üzərində çox dəyərli elmi-filoloji nəticələr verən tədqiqat aparmışdır.
Azərbaycan (türk) mədəniyyət tarixini tanrıçılıqdan İslama doğru inkişaf kontekstində araşdıran tədqiqatçı alim belə bir mühüm nəticəyə də gəlir ki, Azərbaycanda türklüyün etnik-mədəni sistem kimi möhkəmlənməsi təxminən 2500 ilə qədər böyük bir dövrü əhatə edən aşağıdakı üç mərhələdən keçir: I. Qıpçaq mərhələsi (təxminən e.ə. I minilliyin ortaları – b.e. I minilliyin sonu); II. Oğuz mərhələsi (I minilliyin sonu – II minilliyin ortaları); III. Azərbaycan millətinin təşəkkül mərhələsi (II minilliyin ortalarından sonra). Universal İslam mədəniyyəti içrə Azərbaycan türkünün yaratdığı mədəniyyətin ümumbəşəriliyi və türklüyü getdikcə unikallaşır, “milliləşir”. Nəsimi, Füzuli, Xətai bu mənada həm İslam mədəniyyətini, həm də türk oğuz mədəniyyətini ən yeni ideya və poetik formalarla zənginləşdirən dühalardır. Məhz bu böyük mənəvi-ruhani təkandan sonra türk dili bütün əzəməti ilə Şərqin üç möhtəşəm dilindən (ərəb, fars, türk) birinə çevrildi.
Türkün tarixi taleyini və ruhunu bütün hüceyrələrində yaşadan türk epik təfəkkürünün iki böyük abidəsini – “Kitabi-Dədə Qorqu””u və “Koroğlu”nu dünya epos mədəniyyətinin parametrləri ilə dəyərləndirib təhlil edən Nizami Cəfərov indiyədək onların araşdırılmasında deyilməyən, üzə çıxarılmayan bir çox mətləblərə toxunur. Azərbaycanşünaslıq baxımından həmin abidələrin etnokulturoloji yöndə öyrənilməsi Azərbaycan elmində yeni hadisədir. “Dədə Qorqud” və “Koroğlu”nun struktur-poetik analizi bu eposların ideya-fəlsəfi mənasını açmağa qədər yüksəlir. Esseistik ricətlər dastanların ərənlik ruhunu bütün qabarıqlığı ilə canlada bilir. Dədə Qorqud müdrikliyinə, Koroğlu passionarlığına tən gələn monumental fəlsəfi paradiqmalar ortaya qoyulur. Xalq yaradıcılığının epik vüsətini göstərən, aşıq sənətindən bayatılara, klassik və müasir şer formalarından (hətta verlibr!) milli operalarımıza, rəssamlığadək, demək olar, bütün sənət növlərinə ideya-estetik impuls verən bu dastanlar görkəmli alimimizin bu cür diqqətli araşdırması ilə nəinki layiqli elmi təhlilini tapır, həm də bundan sonra da dərindən başa düşülmək, sevilmək imkanları qazanır.
Nizami Cəfərov Azərbaycan kulturologiyasının mühüm bir problemi kimi – İntibah problemini yenidən qaldırır. Ancaq bu dəfə başqa cür. Azərbaycanşünas alim 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bu problem üzrə aparılan tədqiqatlardakı bütün səmərəli nəticələri qiymətləndirsə də, İntibah üçün seçilən dövrün (XI-XII əsrlər) düzgün müəyyənləşdirilmədiyi qənaətindədir. Ona görə ki, “XI-XII əsrlər Azərbaycan mədəniyyəti tipoloji baxımdan ümumşərq mədəniyyətinin tərkib hissəsi idi”. Bu dövrün klassik ruhu ərəb, fars dilləri üzərində, ümumşərq estetikası özülündə köklənmişdi. İntibah isə – bütün tərəflərilə sırf milli mədəniyyət hadisəsi, onun ən yüksək səviyyəyə qalxması deməkdir. Azərbaycanın mədəniyyət tarixində belə bir İntibah çağı, onun fikrincə, milli yaradıcılıq ruhunun çiçəkləndiyi, xalqın öz doğma Azərbaycan türkcəsində incilər yetirdiyi – XVII-XVIII əsrlərdir. Nizami Cəfərov özünün yeni İntibah konsepsiyasını orijinal təhlili müddəaları, dəlilləri ilə möhkəmləndirə bilir, polemikaya da geniş meydan açır.
Alimin bu barədə öz fikirlərini ilk dəfə irəli sürdüyü vaxtda da (1992) onun “XVII-XVIII əsr intibah ideyası” geniş müzakirə edilib, diskussiyaya səbəb olub. Sonra Nizami Cəfərov bu ideyanı qəbul edənlərin də, onunla razılaşmayanların da fikirlərini bir kitabda çap edib (Bax: “Professor Nizami Cəfərov”, Bakı, 2000, s. 79-154). Dostum öz konsepsiyasını bu gün də əsaslı arqumentlərlə müdafiə etsə də, mənə elə gəlir ki, Azərbaycanın mədəniyyət tarixində İntibahın klassik modelinə – daha çox Nəsimi, Füzuli, Behzad, Xətai epoxası – antik türklüklə milli türklüyün orta çağı – dünya, İslam və Azərbaycan mədəniyyətlərinin vəhdətlənərək bütün Şərqdə (poeziyadan tutmuş şəhərsalmaya, milli dövlət quruculuğunadək) unikal bir hadisəyə çevrildiyi dövr (XIV-XVI əsrlər), bəlkə bir qədər də geniş zaman kəsiyi uyğun gəlir. Ərəbdilli ensiklopedik elmin, farsdilli klassik poeziyanın inkişaf etdiyi və ümumşərq İslam İntibahı sayıla bilən XI-XIII əsrləri isə milli mədəniyyətimiz üçün protorenessans çağı kimi dəyərləndirmək olar...
XXI əsrin əvvəllərindən türk dünyasının tarixi taleyində onu labüd birliyə doğru aparan çox əhəmiyyətli dəyişikliklər, gələcəyə perspektiv açan hadisələr baş verib: Türk Dövlətləri Parlament Assambleyası (2008), Türk Dövlətləri Təşkilatı (2009) yaranıb və bu illər boyunca türk birliyi mühüm təsisatlanma proseslərini keçərək, Avrasiyanın türk geopolitik tarixini başladan daha məsuliyyətli və konstruktiv bir mərhələyə qədəm qoyub. Akademik Nizami Cəfərovun elmi yaradıcılığının ən qabarıq cəhəti də bundan ibarətdir ki, ümumtürk siyasəti və mədəniyyətinin bütün bu inkişaf dinamikası həmin yaradıcılıqda özünün dərin elmi təhlillərini tapıb. Xüsusilə alimin son illər çap etdirdiyi kitab və məqalələrində Azərbaycan və türk dünyasının tarixi (və tarixşünaslığı), ədəbiyyatı (və ədəbiyyatşünaslığı), mədəniyyəti (və mədəniyyətşünaslığı) məhz türk dünyası birliyinin maraqları baxımından, həm də əsasən, “türkşünaslıq orbitində” – müasir humanitar elmlərin zəruri optik konsentrasiyası müstəvisində onların universal metodologiyası nöqteyi-nəzərindən öyrənilir və dəyərləndirilir.
Bu gün öz milli mədəniyyət və dövlətçilik tarixinə dərindən bələd olmaq istəyən hər bir azərbaycanlı Nizami Cəfərovun möhtəşəm türk kökünün elmi-nəzəri, tarixi-kulturoloji epopeyasından yetərincə zəngin bilik əldə edə bilər! O vətənpərvər azərbaycanlı üçün, həqiqətən, bu tədqiqatların misli-bərabəri yoxdur. Bunlar onu qanadlandıracaq, tarixi biliyini möhkəmləndirib, yanıltmalardan təmizləyib, onu daha təməlli, daha güvəncli edəcək. Tərəddüdlərdən arınmış milli təfəkkürün tarixi realizmi məhz belə formalaşır.
Rahid ULUSEL,
fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü