“Leyli və Məcnun” marionet səhnəsində

post-img

“Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun, bir-birini canlarından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... Şərqli aşiq-məşuqun klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazları ilə birbaşa analogiyası  diqqət çəkir.

Bu, üzərində 3 il işlənmiş 14 pərdəlik marionet tamaşası – Muğam operasıdır. Gələn ayın 18-də 140 illiyini qeyd etməyə hazırlaşdığımız dahi bəstəkar Üzeyir bəy Hacıbəyli operanı ölməz şairimiz Məhəmməd Füzulinin eyni adlı poeması əsasında ərsəyə gətirib. Operada həm Şərq, həm də Qərb musiqi ənənələri ahəngdar tərzdə yer alıb. Məşhur, klassik süjetin bənzərsiz musiqi ilə birləşməsi əsərin dünyanın bir çox ölkələrində populyar və sevilən olmasına yol açmışdır.

Artıq 100 dəfədən çox oynanılmış marionet tamaşasının quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjimançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssamı Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir. Əsas obrazları Günay İmamverdiyeva (Leyli), Mənsum İbrahimov (Məcnun), Cabir Həsənov (Leylinin atası), Elgiz Əliyev (Məcnunun atası), Qızılgül Babayeva (Məcnunun anası), Cahangir Qurbanov (Nofəl, Məcnunun dostu) Elgiz Əliyev (Ərəb, Nofəlin silahdaşı), Ramiq Bayramov (İbn-Səlam) səsləndirirlər. Muğamların instrumental ifaçıları Rəşad İbrahimov (tar) və Təbriz Yusubovdur (kamança).

Ya Rəbb, mənə cismi-can gərəkməz,
Canan yox isə cahan gərəkməz...

Qeyd edək ki, Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, çətin başa gələn, eyni zamanda, maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Hansısa ölkədə Marionet Teatrının  olması həmin xalqın zəngin milli mədəniyyətindən xəbər verir və bu teatr janrı ölkənin tanıdılmasında əvəzsiz rola malikdir. Bütün yaş qrupundan olan insanların heyranedici rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini – memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət və bayramlarımız, naxışlar və rəqslərimizi özündə birləşdirir. 

Seyrçilərin alqışları və aktyorları dönə-dönə səhnəyə dəvət etmələri bu tamaşanın qəlblərin ən incə tellərinə toxunduğunu nümayiş etdirdi.

Ə.ƏLİYEV 
XQ

 

Mədəniyyət