Ərzurumda ”Can Azərbaycandan sevgilərlə” adlı konsert proqramı təşkil olunacaq

post-img

Türkiyədə hər il təşkil olunan, dünyanın məşhur və böyük festivallarından sayılan Kültür Yolu Festivalında bu il Azərbaycan da iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, festivalı çərçivəsində avqustun 22-də Ərzurum şəhərində “Can Azərbaycandan sevgilərlə” adlı konsert proqramı təşkil olunacaq. Konsert hər iki ölkənin mədəniyyət nazirliklərinin, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu çıxış edəcək. Muğam müsabiqəsi laureatı Aytən Məhərrəmova, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Elnur Əliyevin (nağara) iştirakı ilə Erzurum İbrahim Erkal Dadaş Mədəniyyət və Sənət Sarayında keçiriləcək konsertdə Azərbaycan muğamları, xalq mahnıları ifa olunacaq, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur – Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edəcəkdir.

Konsert proqramında ərzurumlular, habelə beynəlxalq festivalın qonaqları, musiqisevərlərin iştirakı nəzərdə tutulur.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Mədəniyyət