“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil

post-img

Oktyabrın 31-də başlayan “ART Weekend” festivalının iştirakçıları ilə söhbətlər silsiləsini davam etdiririk. Festival Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

“DanceAbility Azerbaijan”ın direktoru Nigar Sultanova AZƏRTAC-ın müxbirinə müsahibəsində bu mədəniyyət tədbirində iştirakın şəxsən özü və rəhbərlik etdiyi bütün kollektiv üçün əhəmiyyətindən danışıb.

Agentliyin həmsöhbəti deyib: “Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Baku Art Weekend” festivalının açılışını etmək və noyabrın 2-də bu beynəlxalq tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində inklüzivlik və ekologiya mövzularına həsr olunmuş “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşamızı təqdim etməkdən şərəf duyduq. Tamaşaçılardan inanılmaz dərəcədə isti münasibətlər almağa davam edirik. İnsanlar tamaşanın estetik cəhətdən gözəl və peşəkarcasına yerinə yetirilməsi ilə yanaşı, həm də onun gündəlik istehlak vərdişlərimizin ətraf mühitə, təbiətə və ümumilikdə həyatımıza necə təsir etməsi barədə düşünməyə sövq etdiyini qeyd edirlər. Bir çox tamaşaçı bir səhnənin digərinə necə rahat keçdiyini, hər şeyin ahəngdar və canlı şəkildə inkişaf etdiyini hiss etmədən tamaşanın ab-havasına tamamilə qərq olduqlarını bildirir.

Nigar Sultanovanın sözlərinə görə, onların tamaşaçılara verdikləri əsas sual sadə səslənməklə bərabər, həm də mənaca dərindir: “Nə qədər kifayətdir?” Hər bir insana ünvanlanan bu sual istehlak sərhədlərini, müəyyən bir məqamda dayanıb-durmaq bacarığını, öz səsini dinləmək və ətraf aləmə diqqətlə nəzər salmağı ehtiva edir.

“İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil; bu, qarşılıqlı əlaqə qurmağı və bir-birimizi anlamağı öyrəndiyimiz bir məkandır. Hamımız görünüşümüz, qabiliyyətlərimiz və dünyagörüşümüz baxımından fərqliyik. Amma gücümüz də məhz bu fərqdədir. Bərabərlik hər kəsə eyni şeyləri vermək deyil, hər bir insanın fərdi ehtiyaclarını və imkanlarını nəzərə almaqdır ki, onlar özlərini cəmiyyətə inteqrasiya olunmuş, lazımlı, səs eşidilən və diqqətəlayiq hiss etsinlər. İncəsənət vasitəsilə biz əlilliyi olan və olmayan insanları birləşdirir, hər kəsin özü ola biləcəyi ortaq bir məkan yaradırıq. “Baku Art Weekend” kimi festivallar incəsənətin həyatı birləşdirə, ilhamlandıra və məna çalarları ilə doldura bilən universal bir dil olduğunu nümayiş etdirməyə kömək edir”, - deyə “DanceAbility Azerbaijan”ın direktoru vurğulayıb.

Nigar Sultanova və komandası “DanceAbility Azerbaijan”ın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və diqqətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku Art Weekend” festivalının təşəbbüskarı Leyla Əliyevaya, həmçinin “Baku Art Weekend”in bütün komandasına, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rəhbərliyinə və kollektivinə peşəkarlığa, açıqlığa və özlərini həmişə evdəki kimi hiss etdikləri isti ab-havaya görə səmimi minnətdarlıqlarını bildiriblər.

















Mədəniyyət