(Esse)
Səssizliyin sükutundan, sükutun səssizliyindən keçib sabahlara yol alan Zamanın yedəklədiyi Dövlətin rəngi dəyişməmişdi, işığı əvvəlki işıq deyildi – gah artırdı, gah azalırdı. Artanda ulduzlarının qızartısı göy üzünün ulduzlarının sayrışmasını üstələyirdi, azalanda ulduzları sivriləşirdi, kəsərləşirdi, göz qorxudurdu, könül küsdürürdü. Nə ətəklənən ocaqların közünə məhəl qoyurdu, nə də ağsaqqal sözünə. Dünyanın gözünə kül üfürə-üfürə yarı zor, yarı xoş biət gətirənlərinin sayını artırırdı. Dünya öz işində idi, o Dövlət öz işində...
Səssizliyin sükutunun səsi illərə (Zamana) yük olduğu vaxtlarda xalqımız da, xalqımızın böyük tarixi şəxsiyyətləri də səs arzulayırdı. Ötən əsrin 60-cı illərində böyük tarixi şəxsiyyətin ancaq özünə məlum olan mübarizəsi xalqın istəyinin (mübarizəsinin) siyasi, siyasi-fəlsəfi (dialektik) mahiyyəti ilə səsləşirdi; çağdaşlığın bu dialektik işığının sabahlara düşdüyünü ancaq qəlbitəmizlər duya bilirdi. O işıq Azərbaycan idi – Vətən idi, ruhun da, könülün də minacatı olan Vətən. O işığı sədaqətlə yaşadan bir ailədə Səməd Vurğunun “Azərbaycan” şeiri ruhun “Ruhani”sinə dönürdü, azərbaycançılığın üverturasına:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
İllər keçdi...
Məkan dəyişdi...
1977-ci ildə Bakıdakı 6 saylı orta məktəbdə son zəngdən ayrılan yol Moskvada nəhayətləndi. Moskva, Moskvanın timsalında Dünya bu ruhun sözünü o ruhun sözünün davamı, bu ruhun özünü o ruhun özünün davamçısı kimi tanıdı. Məkan ali məkan olsa da min illərin yaşarı ruhunu, bəşəri ruhunu yaşadan (həm də sədaqətlə yaşadan!) bu ruhun xəlqiliyini, milliliyini – azərbaycançılığını məhvərindən yayındırmağa qüdrəti çatmadı. Bu mühitdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi olan gənc siyasətçini bəşəriliyin, dürüstlüyün, duruluğun, sevginin ahənrübası olmuş bir mentalitetə malik olduğunu da gördü, ata nəsihətlərinə, ana tövsiyələrinə, xalq hikmətlərinə sədaqətini də duydu. Gənc siyasətçi də bilirdi ki, könül candan ayrılmır, uzaq düşür, iraq düşmür...
Məzunu olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasını bitirdi. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etdi, tarix elmləri namizədi alimlik dərəcəsi (indi tarix üzrə fəlsəfə doktoru) aldı. 1990-cı ilə kimi bu nüfuzlu ali məktəbdə müəllim işlədi. O da bilirdi ki, gözdən uzaq olmaq könüldən iraq düşmək deyil. Əgər ruh xalqın ruhunun zərrəsidirsə, əgər ruh milli-mənəvi dəyərlərimizi yaşadanlardan birinin mənəvi davamçısıdırsa...
Böyük Dünyaya ürəyinin gözü ilə baxanlar bilir ki, könül candan ayrılmır...
Gənc siyasətçi Azərbaycana qayıtdı, Neft şirkətində vitse-prezident, sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin olundu. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildi...
Zamanında “İqor polku haqqında dastan”ı da oxumuşdu, tələbə olanda “Maldon döyüşü” poemasını da, ... “Kitabi-Dədə Qorqud”u əsrlərin söz-kəlam heyrəti bilirdi. Digər millətlərin dastanlarına da bələd idi, heç birində “Kitabi-Dədə Qorqud”un işığını üstələyən işıq görməmişdi (sevginin heyrəti bəşəri heyrətdi!): Torpağı qorumadınsa, onu əkib-becərməyə dəyməz! Bu kəlam onun da düşüncələrinin səyyarəsi olmuşdu. O da Vətəni tanıya-tanıya sevmişdi, sevə-sevə tanımışdı. Qorqud Dədənin öyüdünü düşüncələrində dövlətə, dövlətçiliyə sədaqətin fəlsəfi dərki – düsturu kimi yaşatmışdı...
Azərbaycanlı olmasıyla o da həmişə - tələbə olanda da, elmi tədqiqatlar aparanda da, müəllim işləyəndə də, AŞPA-da Azərbaycanın daimi nümayəndəsi olanda da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sədri olanda da, Azərbaycan Respublikasının Prezidenti seçiləndə də, seçiləndən sonra da fəxr edib. Mənəvi zənginliyin ekvivalenti olan bu fəxr, bu qürur daha böyük vəzifələri də şərtləndirib – mənəvi borc da vəzifə borcuna çevrilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətin dövlətçilik manifesti idi, bütün rəsmi görüşlərdə, müsahibələrdə, beynəlxalq tədbirlərdə, bəyanatlarda,... Azərbaycanın ərazi bütövlüyü dünyəvi siyasətin şərti olurdu. Bu bəşəri siyasəti (Azərbaycan dövlətinə və Azərbaycan dövlətçiliyinə sevgi və sədaqət) həm də mənəvi kamilliyin müqəddəs bir şərti kimi hələ heç kimə məlum olmayan bir amil şərtləndirirdi: ata vəsiyyəti. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Azərbaycan Respublikasının Prezidenti kimi xalqa müraciətində dedi: “...xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”...
...Azərbaycanın sabahlarına düşən bu işıq bəşəri işıqdı, xalqa, millətə, dövlətə, dövlətçiliyə sədaqətin işığıdı – ömür işığıdı...
Rəşid Faxralı
əməkdar jurnalist

