Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetində görüş keçirilib.
Universitetin rektoru Şakarbay Janikulovun AMM-nin direktoru Akif Marifli ilə görüşündə elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə Özbəkistan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin durmadan inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, bu əlaqələrinn yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin ardıcıl siyasətinin nəticəsidir.
Danışıqların sonunda əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərçivəsində universitetin nəzdində Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynamış görkəmli alim, şair və tərcüməçi, mərhum Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Tədris-Tədqiqat Mərkəzinin yaradılması da nəzərdə tutulur.
Yeni mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti, dili və ədəbiyyatının öyrənilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında akademik və elmi əməkdaşlığın inkişafı üçün ixtisaslaşmış platforma yaradılması nəzərdə tutulur. Burada birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, elmi-maarifləndirici tədbirlərin təşkili və gənclərin intellektual potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi planlaşdırılır.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd


.jpg)
.jpg)
.jpg)