Klassik poeziyamızın unudulmaz tədqiqatçısı

post-img

Azərbaycan Yazıçılar Birliyində tanınmış ədəbiyyatşünas, ensiklopediyaçı naşir və yurdsevər ziyalı Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş yubiley mərasimində unudulmaz alimin əziz xatirəsi dərin ehtiramla yad edildi, elmi-ictimai fəaliyyətinə yüksək qiymət verildi.

Məclisi giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı Anar uşaqlıq illərindən yaxın dost olduğu Araz Dadaşzadənin ötən əsrin 60-cı illərində mədəni intibaha yol açmış, müstəqillik arzusu ilə yazıb-yaratmış, cəmiyyətdə demokratik dəyərləri dirçəltmiş dərin zəkalı alim olduğunu söylədi. Sədr bildirdi ki, Azərbaycan ədəbiyyatşünaslığının parlaq simalarından olan Araz Dadaşzadə həm tədqiqatçı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı idi. Onun hazırcavablığı, səmimi ünsiyyəti və ictimai-siyasi hadisələrə ayıq, obyektiv münasibəti çevrəsindəki insanlarda yüksək duyğu-düşüncələr yaradırdı.

Xalq yazıçısı qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar faciəsi Arazı dərindən sarsıtmışdı. O, baş verən milli qırğına biganə qalmamış, xalqımızın haqq səsini yaxın-uzaqlara yaymağa çalışmışdı. Bütün bunlar əlacsız xəstəliklə çarpışan dostumuzun ömrünü bir az da qısaltmışdı. Böyük elmi potensialını özü ilə aparmış alimin vaxtsız itkisi ədəbiyyat elmində və ictimai düşüncədə boşluq yaratsa da onun zəngin irsi və işıqlı xatirəsi adını və kimliyini daim yaşadacaq.

AMEA-nın prezidenti İsa Həbibbəyli görkəmli alim Araz Dadaşzadə ilə tanışlıq illərini xatırladaraq, onun Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətlərini yüksək qiymətləndirdi və alimin 90 illiyinin qeyd edilməsinin elmi-mədəni baxımdan əhəmiyyətini vurğuladı. Akademik bildirdi ki, onun Molla Pənah Vaqif və XVIII əsr Qarabağ şairləri barədə tədqiqatları ədəbiyyat tariximizi zənginləşdirib.

Araz Dadaşzadənin Vaqifə həsr olunmuş monoqrafiyası zəngin arxiv materiallarına və əhatəli araşdırmaya və obyektiv mövqeyə əsaslandığı üçün dəyərli elmi mənbə sayılır. XVIII əsr Azərbaycan poeziyasını ümumiləşdirən ilk fundamental araşdırmanın da müəllifi Araz müəllim olub.

AYB-nin katibləri Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı Elçin Hüseynbəyli və filologiya elmləri doktoru Vaqif Yusifli Araz Dadaşzadənin Azərbaycan ədəbiyyatşünaslığındakı məxsusi yerini açıqladılar. Bildirildi ki, Araz Dadaşzadə yalnız nüfuzlu alim deyil, həm də yüksək mənəviyyat sahibi idi. Bu gün onun dərin ehtiramla yad edilməsi də məhkamil şəxsiyyət olması ilə bağlıdır. Onun fiziki ömrü başa çatsa da, mənəvi mövcudluğu davam edir.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Araz önəmli tədqiqatları ilə milli ədəbi-ictimai fikrə verdiyi sanballı töhfələrdən söz açdı. O bildirdi ki, alim Vaqif yaradıcılığında realizm, sosial müşahidə və dərin fəlsəfi qatların mövcudluğunu elmi əsaslarla üzə çıxarmışdı.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə söylədi ki, Arazlı günlər unudulmaz xatirələr toplusu, şirin həyat romanıdır. O, yeni elmi meyarları ilə dərin və əhatəli araşdırmalara yol açıb. Arazın “XVIII əsr Azərbaycan lirikası” kitabında Azərbaycan ədəbiyyat tarixinin mühüm bir mərhələsi sistemli yanaşma ilə təqdim olunub.

Məclisdə Araz Dadaşzadənin “Azərbaycan Sovet Ensiklopediyası” 10 cildliyinin hazırlanıb nəşr edilməsində müstəsna xidməti də xüsusi qeyd oludu. Bu böyük elmi layihənin möhkəm özülünü qoymuş Xalq şairi Rəsul Rza ətrafına yaradıcı qüvvələrin ən istedadlı nümayəndəsi kimi Araz Dadaşzadə bu prosesdə bütün qüvvə və zəkasını səfərbər edib.

Daha sonra professor Rüstəm Kamal, Əməkdar jurnalistlər – “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və BDU-nun müəllimi, fəlsəfə doktoru Namiq Əhmədov yubilyarın həyat və yaradıcılığının onlara məlum məqamlarından bəhs ediblər, xatirələrini bölüşüblər.

Sonda mərhum alimin ailə üzvləri oğlu fəlsəfə doktoru Aqşin, qızı Əməkdar incəsənət xadimi, professor Zümrüd və gəlini, professor Kamilə Dadaşzadələr akademik Məmməd Arif Dadaşzadə ilə başlayan alimlər şəcərəsinə qızıl kərpiclər qoymuş yubilyarın xatirəsinə göstərilən ehtiram və qədirbilənliyə görə razılıqlarını ifadə etdilər. Mərasim iştirakçılarına və təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Xatırladaq ki, Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və pedaqoq Zümrüd Axundovanın ailəsində doğulub. Ömrünün böyük bir hissəsi Azərbaycan Ensiklopediyasının baş redaktor mavini kimi məsul vəzifədə keçib. Onun 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250 illik yubileyinə həsr edilmiş “Molla Pənah Vaqif” kitabçası Azərbaycan, ingilis, fransız, türk, ərəb, fars, rus dillərində nəşr edilib. Alim “Molla Pənah Vaqif”, “Həyat müğənnisi”, “XVIII əsr Azərbaycan lirikası”, “Xeyirxahlıq və gözəllik poeziyası” kimi dəyərli əsərlərin müəllifi kimi tanınıb.

Namiq QƏDİMOĞLU
XQ



Mədəniyyət