“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olunub

post-img

Respublikamızda keçirilən “Sonsuz Qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin iştirakçıları üçün teatrlaşdırılmış bədii-kütləvi proqram təqdim olunub. 

Nazirlikdən XQ-yə bildirilib ki, “Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlanan bədii proqramda vizual görüntülərin müşayiəti ilə Azərbaycanın çoxəsrlik tarixini, mədəniyyət və incəsənətini özündə yaşadan memarlıq abidələrimiz, Vətənimizin füsunkar gözəllikləri, adət-ənənələri, birləşmiş rəqs kollektivlərinin təqdim etdikləri etnoqrafik lövhələr, milli rəqslər, folklor nümunələri qonaqların böyük marağına səbəb olub. 
Proqramda Azərbaycanla yanaşı, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xalqlarının mahnı və rəqsləri də Azərbaycan sənət ustalarının ifasında alqışlarla qarşılanıb. 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Əməkdar artist Cahangir Qurbanovun, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Vüsalə Babayevanın, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na düşmüş Prezident mükafatçısı və təqaüdçüsü Yasin Həsənovun, Yeganə Dünyamalıyevanın və “Səma” rəqs kollektivinin çıxışları bədii proqrama xüsusi rəng qatıb. 

Tədbir iştirakçıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və quruluşu əsasında hazırlanan bədii-kütləvi proqramın təlimlər ərəfəsində onlara xüsusi zövq, ruh və güc verdiyini xüsusilə qeyd ediblər. 













Ordu