Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsi ilə bağlı “Azadlığın qanla yazılan səhifəsi” adlı anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyimizin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəl iştirakçılar 20 yanvar faciəsi ilə bağlı AMM-nin foyesində “İstiqlaliyyətə gedən yol” adlı fotosərgi ilə tanış olublar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar tarixinin yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü olduğunu bildirib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu qeyd edərək, şəhidlərin Vətən üçün tökdükləri qanın hədər getmədiyini, ölkəmizin öz müstəqilliyinə qovuşduğunu söyləyib.
Səfir 20 Yanvar faciəsinin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən vandallıq nümunəsi olduğunu tutarlı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb. Diplomat bildirib ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 134 insan qətlə yetirilib, 744 adam yaralanıb, 841 nəfər əsassız olaraq həbs edilib. Səfir deyib ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.
AMM-nin direktoru Akif Marifli 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı qırğın, eyni zamanda, qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını söyləyib, öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının hər cür hörmət və ehtirama layiq olduqlarını bildirib.
O deyib ki, həmin gün Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut edib.
Çıxış edən digər natiqlər-professorlar Cəmilə Şermuxammedova, Niqina Şermuxammedova, soydaşımız İsmayıl Məmmədov və başqaları bu hadisələr zamanı uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz azadlıq səsini ucaltdığını, dövlətimizin suverenliyi, Vətən torpaqları üçün cəsarət nümayiş etdirdiyini bildiriblər. Onlar 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının ictimai şüurunda, azadlıq ideyalarında ciddi dəyişikliklərin baş verdiyini vurğulayıb, müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan o dəhşətli günlərdə xalqın bir yumruq kimi vahid bir ideya ətrafında birləşdiyini qeyd ediblər.
Sonda tələbələr 20 yanvar faciəsinə həsr olunan şeirlər söyləyiblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd


.jpg)
.jpg)
.jpg)
.jpg)