BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov milli və müstəqillik hərəkatlarına dəstəklərinin davam edəcəyini bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövrü və daha sonra Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə dekolonizasiya prosesinin ikinci dalğasının artıq başlandığını və müsbət nəticələrinin olacağını vurğulayıb.
Tədbir çərçivəsində “İctimai yaddaş, silinmə və afrikaəsilli yerli xalqların müqaviməti” və “Müstəmləkə hökmranlığı altında olan ərazilərdə geosiyasi dekolonizasiyanın dinamikası” adlı sessiyalar təşkil olunub. Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint- Marten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından ekspertlər, siyasətçilər və fəallar çıxış edərək müstəmləkə siyasətinin yaratdığı sosial, iqtisadi siyasi fəsadlardan, mübarizələrindən, dünya ictimaiyyətinin müstəmləkəçiliyə verdiyi reaksiyadan, müstəmləkə xalqlarının səsinin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyindən və bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun gördüyü işlərdən danışıblar.
Abbas Abbasov BTQ-nin saytında “Müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi” adlı petisiyanın başladıldığını elan edib. O, petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminat ödənilməsinin tələb edildiyini bildirib.
Konfrans iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul ediblər. Sənəddə kolonializmin dünya miqyasında bərpası mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb edilməkdən imtina etmələri qətiyyətlə pislənilib. Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanıb, Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilib və martın 28-də Fransanın Milli Assambleyasında Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnaməsi qətiyyətlə pislənilib.
Sonda tədbir iştirakçıları BTQ-yə tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.